XƏBƏR LENTİ
21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020
17 Sentyabr 2020



“Açıq havada olan məşqlər idmançıların fiziki hazırlığı üçün çox vacibdir”
Müsahibə 17:05 / 15.09.2020


Artıq aylardır ki, dünyanı cənginə almış COVİD-19 pandemiyası sadə insanlarla yanaşı, idmançıların da həyatına müəyyən məhdudiyyətlər tədbiq edib. İnsanların sağlamlığını düşünərək ölkə rəhbərliyinin tədbiq etdiyi karantin qaydalarına xalqımız ciddi şəkildə riayət edir. Xəstəliyin bir qədər zəifləməsini nəzərə alaraq, ölkəmizdə bir neçə iaşə obyektlərinin fəaliyyətinə, həmçinin açıq havada məşqlərin və idman yarışlarının keçirilməsinə icazə verilib. Voleybolçularımızın açıq havada məşq proseslərinin necə keçdiyini öyrənmək üçün Azərbaycan Voleybol Federasiyası ilə əlaqə saxladıq. Azərbaycan Voleybol Federasiyasından "Olimpiya dünyası” qəzetinə verilən müsahibəni sizə təqdim edirik.

- Artıq bir sıra idman federasiyaları ikinci yumşaldılma prosesindən sonra açıq havada məşqlərə başlayıb. Voleybolçularımızın açıq havada məşqləri necə keçir?


- Bildiyiniz kimi bir müddətdir ki, açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verildi. Bu qərar bütün idmançılar kimi, voleybolçularımız üçün də sevindirici xəbər oldu. Açıq havada olan məşqlər idmançıların fiziki hazırlığı üçün çox vacibdir. Qeyd edim ki, bu icazə bizə komandalarımızı bir yerə toplamağa imkan verdi. Təbii ki, məşqlər voleybolçularımızın yalnız fiziki vəziyyətini yüksəltmək üçün tətbiq olunur. Məlumdur ki, açıq havada voleybol yarışları və ya tam şəkildə məşq etmək mümkün deyil. Onu da vurğulayaq ki, milli komandamızın üzvləri Türkiyədə məşqlərinə davam edir. Bunun sayəsində əsas yığmamızın sabahından formalaşan komandamız Türkiyədə beynəlxalq turnirə də qatıldı. Lakin tam məşqlərimiz isə qapalı məkanlarda idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verildikdən sonra bərpa ediləcək.

- May ayında koronavirus pandemiyası səbəbi ilə voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası və kişilər arasında Yüksək Liqada 2019-20-ci illər mövsümü ləğv olundu. Yeni mövsümün keçirilməsi ilə bağlı hansısa qərarlar verilib?


- 2019-20-ci illər mövsümü ölkə çempionatı (qadınlar və kişilər) iki dövrə, yarımfinal və final mərhələsindən ibarət olmaqla keçirildi. Lakin II dövrənin oyunları zamanı pandemiya səbəbi ilə hər iki çempionatın oyunları dayandırıldı. Bu halda çempionatda komandaların tutduğu yerləri müəyyən etmək üçün bir çox suallar yarandı. Bunlardan ən əsası isə komandaların keçirdiyi oyunların bərabər olmaması oldu. Bu kimi məsələləri nəzərə alaraq, Azərbaycan Voleybol Federasiyası və klub rəhbərliyinin keçirdiyi geniş iclasda dayandırılmış çempionatların nəticələrinin ləğvi haqqında qərar qəbul edildi. Yeni mövsümlə bağlı isə hazırda müzakirələr aparılır. Bildirək ki, Azərbaycan Voleybol Federasiyası yeni mövsümün keçirilməsi ilə bağlı veriləcək qərarlar haqqında məlumatları yaxın zamanda mətbuata açıqlayacaq.

- MDB oyunlarının da təxirə salındığı məlumdur. Gələn il keçirilməsi gözlənilən yarışlarda həm kişi, həm qadın voleybolçularımız iştirak edəcək?

- Təəssüf ki, dünyanı cənginə almış koronavirus pandemiyası səbəbi ilə demək olar ki, bütün dünyada ölkə birincilikləri, beynəlxalq yarışlar dayandırılıb, bəzilərinin isə vaxtı dəyişdirilib. Milli komandalarımızın gələn il keçiriləcək və daha əvvəldən iştirakları nəzərdə tutulan yarışlarda ölkəmizi təmsil etmələri planlaşdırılır. MDB oyunlarında isə eyni qaydada həm kişi, həm də qadın voleybolçuların iştirakı gözlənilir.

Türkay Niftəliyeva

608 oxunub

InvestAZ