Ruhunuz Azərbaycana bağlıdı, Azərbaycan idmançıları!..
Ömrün beşiyi ruhdu, ruhun beşiyi – Vətən!
Min illərdi Azərbaycan dili bəşərin ruhunun heyrətidi...
Min illərdi bu əzəli dilin, bu gözəl dilin şəhd-şəkəriylə "Ana!”, "Vətən!”, "Ana-Vətən!” deyənlərin ayları, illəri bu lacivərd kəlmələrin şükranlığıyla ömürləşir. İllərə min illərdi bu kəlmələrin müqəddəsliyi ömür uravtı verir. Bu müqəddəslik ilahi bir sevginin nurudu. Bu nur ürəklərə nə vaxt düşür, necə düşür - bilinməz. Bilinən budur ki, Azərbaycan Azərbaycanı tanıya-tanıya sevənlərin, sevə-sevə tanıyanların Vətənidi: idmançılarımız da Azərbaycanı tanıya-tanıya sevib, sevir, sevə-sevə tanıyıb, tanıyır...
Dövlətlər yaranandan, araya sərhədlər düşəndən sonra qürbətdən Vətənə dönənlərin uğurunu "Vətənə dönürəm, imana-dinə dönürəm...” kəlmələri nurlandırıb, ömrünün ondan sonrasında "Vətənə gəldim, imana-dinə gəldim...” kəlmələrinə bağır basıb...
...dilən gəz,
Dağda bitər diləngəz.
Qürbətdə xan olunca,
Öz elində dilən, gəz...
O çağlarda dörd yarpaqlıq bu and, bu bayatı Vətəndə yaşamağın çağırışı – fəziləti kimi səslənib. Bu səslənişi idmançılar da düşüncələrinə, düşüncələrindən yaşantılarına köçürür. Bu. Vətənə sevgidi və Vətəndə Vətənə sevgi yaşatmağı ömür-gün duası bilir...
Zərdüşt peyğəmbər həyat, yaşam fəlsəfəsini - insanlığın mahiyyətini şəri (şər kəlməsini) kəsməyə, diz çökdürməyə, yox etməyə qadir olan xeyir (xeyir kəlməsi) ilə ifadə etmişdi: Xeyirxah (xeyirli) fikir, xeyirxah (xeyirli) söz, xeyirxah (xeyirli) iş (bəzi mənbələrdə xeyirxah, xeyirli ifadəsi doğru ifadəsi kimi işlədilib). Sözün ən xeyirlisini (doğrusunu, gərəklisini) əsrlər sonra Dədə Qorqud demişdi: Torpağı qorumadınsa onu əkib-becərməyə dəyməz. Bu gözəl kəlamı torpağı vətənləşdirmə öyüdü bilənlər Vətəndə yaşanılan illərə ömür dedilər. İdmançılar bu kəlməni qələbələrin işığında daha qürural dedilər, deyirlər...
Beyrək illərlə Şöklü Məliyin zindanında əzablara, sıxıntılara, məhrumiyyətlərə necə dözdü, oğuz igidində bu qüdrət hardanıydı? – saxlancında Vətən torpağında cücərmiş, boy atmış, ətirə, rayihəyə dolmuş yovşan vardı. Yağının daş zindanında Bamsı Beyrəyi hamıdan gizlətdiyi bu ətir, bu rayihə yaşadırdı. Qazılıq dağına - Vətənə dönəcəyinə, Vətəndə yaşayacağına ümidiydi, inamıydı...
Yüz-yüz illərdi bu qayım-qədim məmləkətdə körpələrin beşik nəğməsini bir ömürə öyüd kimi
Səsinə Vətən deyəsən,
Sözünə Vətən deyəsən,
Oduna, ocağına,
közünə Vətən deyəsən, –
ninnisi süsləndirib. Bu öyüd idmançıların da ruhunun göyqurşağı olub. Onlar da səsini, sözünü, odunu-közünü Vətən bilib, ərazi bütövlüyümüz tam bərpa olunandan sonra daha qürurla, daha heysiyyətlə bilir...
Böyük Vətən müharibəsinin döyüşlərində əsir düşənlərimiz də olmuşdu. Qara Bayramların Rəhim əsirlikdən qaça bilir, Azərbaycana yaxın olmaq ümidi ilə ölkələr dolaşa-dolaşa Türkiyəyə gəlir, Qars vilayətində bir insaflı türkün himayəsinə sığınır. Fikri də, zikri də, dan üzü dualarının salavatı da "Ayağım Vətən torpağına dəyənə kimi son nəfəsimə qıyma, a Tanrım!” – kəlmələri olur. Allah, Allah, bu nə biçim istəkmiş, bu nə biçim söz möcüzəsiymiş? – bu gözəl kəlam Vətəndə yaşamağın fəlsəfəsini, fəzilətini nə gözəl ifadə edibmiş!..
O illərdə qəribliyə düşənlər sözünə dar ağacı olan ömürsüz illərinin gec-tez özünə gor ağacı olacağını duyurmuş. Ruhu sıxılcımlar çəkirmiş, boyu ruhunun boyuna çatmayan düşüncələrini gümanlarımla misralayıram:
Qürbət sazaqdı.
Yollar tuzaqdı,
Ölüm yaxındı,
Vətən uzaqdı...
Belə səslənişlər ürəyi üyüşənlərin, gecələri hönkürənlərin, gündüzləri töyşüyənlərin ağlar səhərinə dönür, səssiz qəhərinə. Ruhu rəvanlar duyur ki, belə şəhərlərin, belə qəhərlərin yozumu Vətənə dönmək, Vətəndə yaşamaq istəyidi, bu istək murazdı...
Qürbətdə qəriblər gündüzdən yox gecə arzulayır ki, yuxusunda Vətənini görsün. Yuxusu hərdən biyəti olur, hərdən hiddəti, hərdən heyrəti. Biyəti də Vətəndə yaşamağa çağırışa dönür, hiddəti də, heyrəti də...
İdmançılar yarışlarda qələbə qazananda onun sevincini Vətəndə də yaşamağa, o sevinci Vətəndə də yaşatmağa tələsir. Öz adına ad olan qələbəni Vətənin adına ad eləməyi mənəvi borc bilir, Azərbaycanlı idmançı kimi tanınmasını ömrünün sabahlarına düşən işıq bilən idmançılar da bilir ki, Vətəndə yaşamaq illəri ömürləşdirir...
İdmançılar da deyir ki, Vətəndə yaşamaq səadətdi...
Ömürün ən gözəli Vətəndə yaşamaqdı. Ruhunuz Azərbaycana bağlıdı, Azərbaycan idmançıları!..
Rəşid FAXRALI,
Əməkdar jurnalist
312 oxunub