XƏBƏR LENTİ
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026



Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
İdman 01:12 / 07.02.2026

Fevralın 6-da İtaliyanın Milan şəhərindəki məşhur "San Siro” stadionunda Milan-Kortina-2026 XXV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib.
Olimpiyadunyasi.com xəbər verir ki, açılış mərasimini Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev də izləyib. Mərasim Oyunların ev sahibi olan İtaliyanın dövlət bayrağının arenaya gətirilməsi ilə başlayıb və bu ölkənin Dövlət Himni səsləndirilib.
Açılış mərasimində əsas məqamlarından biri atletlərin paradı olub. Olimpiya ənənəsinə əsasən, ilk olaraq Yunanıstan komandası paraddan birinci keçib. Azərbaycan komandası isə paraddan keçən 11-ci ölkə olub.Gender bərabərliyinə görə üçrəngli bayrağımızı dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb. Sonda isə ev sahibi İtaliya komandasının idmançılarının paraddan keçidi olub.

Tədbirdə çıxış edən Milan-Kortina-2026 Qış Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Covanni Malaqo bildirib ki, bu axşam İtaliya bütün dünyaya qucaq açır. "Milan şəhərinin zərifliyi və üslubundan Kortina Ampetsonun Alp möcüzəsinədək sizi tarix və innovasiya ölkəsinə - yaradıcılıq və mədəniyyət torpağına xoş gəlmisiniz deyirik”.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti, üzgüçülük üzrə ikiqat Olimpiya çempionu Kirsti Koventri isə idmançılara müraciət edərək Oyunların rəsmi ruhunu ifadə edib:
"Oyunlar xoş gəlmisiniz. Bu, sizin anınızdır. Növbəti iki həftə ərzində bizə həqiqətən unudulmaz anlar bəxş edəcəksiniz. Siz insan olmağın nə demək olduğunu -xəyal qurmağı, çətinlikləri aşmağı, bir-birinizə hörmət və qayğı göstərməyi nümayiş etdirəcəksiniz. Göstərəcəksiniz ki, güc təkcə qalib gəlmək deyil. Güc həm də cəsarət və ürək deməkdir. Siz yalnız unudulmaz xatirələr yaratmayacaq, eyni zamanda Olimpiya arzularınıza çataraq dünyaya necə yaşamaq lazım olduğunu göstərəcəksiniz”.
BOK prezidenti çıxışı zamanı könüllülərə də xüsusi təşəkkürünü bildirib: "Bütün möhtəşəm könüllülərə dərin minnətdarlığımı bildirirəm. Qarşıdakı günlərdə sizin təbəssümünüz və enerjiniz Oyunların sehrini canlandıracaq".
Sonda İtaliya Respublikasının Prezidenti, Zati-aliləri Serko Mattarella Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarını rəsmi olaraq açıq elan edib
Təntənəli açılış zamanı müxtəlif rəqs elementləri və kompozisiyalar nümayiş olunub.Sonra Olimpiya bayrağı arenaya gətirilib və məşəl alovlandırılıb.
Azərbaycan Qış Olimpiadasında iki idmançı - dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsevlə təmsil olunur. Təmsilçilərimizdən mübarizəyə ilk olaraq Vladimir Litvintsev başlayacaq. O, fevralın 10-da Milan şəhərində fiqurlu konkisürmə üzrə qısa proqramla çıxış edəcək. Digər idmançımız Anastasiya Papatoma isə fevralın 18-də İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina Ampetsoda slalom yarışlarında mübarizə aparacaq.
Qeyd edək ki, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edir. İdmançılar Oyunlarda 16 idman növü üzrə 116 medal dəsti uğruda yarışırlar.
XXV Qış Olimpiadasına fevralın 22-də yekun vurulacaq.



246 oxunub

InvestAZ