Azərbaycan Şahmat Federasiyasının təşkilatçılı ilə Milli Xalça Muzeyində şahmat üzrə ikiqat dünya və Avropa çempionu Antoaneta Stefanova tərəfindən ustad dərsi keçirilib.
Bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov əsas məqsədin yeniyetmə və gənc şahmatçıların peşəkar idmançı kimi formalaşmasına dəstək vermək olduğunu bildirib.
20 yeniyetmə və gənc şahmatçının iştirak etdiyi görüşdə Antoaneta Stefanova uğur yolundan, karyerasının önəmli anlarından söhbət açıb. Sonra şahmatda debüt və digər vəziyyətlərlə bağlı fikir mübadiləsi aparılıb, yeniyetmə və gəncləri maraqlandıran suallara cavab verilib.
Ustad dərslərinin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası yeniyetmə və gənclərdə idmana marağın aşılanması, onların sağlam ruhda tərbiyə edilməsi istiqamətində mütəmadi olaraq müxtəlif layihələr və tədbirlər həyata keçirir.
543 oxunub