Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə yüksələn növbəti komandanın adına aydınlıq gəlib. "Ordu” klubu pley-in raundunun ikinci görüşündə "Quba” üzərində 92:88 hesablı qələbə qazanaraq mərhələ adlayan komanda olub. Komanda ilk oyunda da rəqibinə qalib gəlmişdi -91:83.
Beləliklə, "hərbçilər” iki oyunda üstünlük əldə edərək pley-offa vəsiqəni təmin ediblər.
Pley-in mərhələsində həyəcan bu gün də davam edəcək. "NTD” və "Abşeron” komandaları həlledici qarşılaşmada üz-üzə gələcəklər. Görüş saat 18:00-da Sərhədçi İdman Mərkəzində start götürəcək. Qeyd edək ki, seriyanın ilk oyununda "Abşeron” rəqibini 88:74 hesabı ilə məğlub etmişdi.
Günün ikinci qarşılaşmasında isə saat 21:00-da "Sərhədçi” və "Sumqayıt” klubları arasında oyun keçiriləcək. Seriyanın ilk matçında "Sərhədçi” inamlı qələbə ilə fərqlənmişdi -123:97.
Xatırladaq ki, pley-in mərhələsində iki qələbə qazanan komanda növbəti mərhələyə - pley-offa yüksəlir. Daha əvvəl "Gəncə” komandası "Lənkəran” üzərində iki görüşdə (96:92, 100:74) qələbə qazanaraq pley-off iştirakçısı olmuşdu.