Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hesabat Konfransı davam edir. Konfrasda çıxış edən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev danışılmış oyunlarla bağlı narahatlığını ifadə edib. O, bu məsələnin qurum tərəfindən ciddi şəkildə nəzarətdə saxlandığını bildirib.
"Danışılmış oyunlarla bağlı işlər davam edir. Əsas problem məhz bu sahədədir. AFFA olaraq bu işlə ciddi məşğuluq. Əgər bu hallar təsdiqini tapsa, səbəbkarlar ciddi şəkildə cəzalanacaqlar. Ona görə də bütün idmançıları və futbol camiəsini bu cür işlərdən uzaq durmağa çağırıram”, - deyə Sərxan Hacıyev vurğulayıb.
O, həmçinin bu cür neqativ halların təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunduğunu xatırladaraq, məsələ ilə bağlı sıfır tolerantlıq prinsipi tətbiq ediləcəyini bildirib:
"Heç kim cəzasız qalmayacaq. Hər kəsi bu işlərdən çəkinməyə dəvət edirik. Danışılmış oyunlara qarşı mübarizə bizim üçün prioritet istiqamətlərdən biridir”, – deyə Sərxan Hacıyev əlavə edib.
AFFA rəsmisinin sözlərinə görə, bu kimi hallar təkcə idmanın deyil, bütövlükdə futbolun nüfuzuna zərbə vurur və onların qarşısının alınması üçün genişmiqyaslı nəzarət tədbirləri həyata keçirilir.