AFFA-nın prezidenti Rövşən Nəcəf Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Hesabat Konfransında çıxış edib. O, əsas milli komandanın son nəticələrindən narazılığını ifadə edib və qarşıdakı dövr üçün mühüm açıqlamalar verib.
"Əsas milli komandanın son nəticələrindən razı deyilik. Bu barədə baş məşqçi Fernandu Santuşla söhbətimiz olub. AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış hədəfimiz dəyişməz olaraq qalır”, – deyə AFFA rəhbəri bildirib.
O, legioner limitinin ləğvinin futbolun inkişafına müsbət təsir göstərəcəyinə inandığını da vurğulayıb: "Bunun yerli oyunçuların rəqabət mühitində inkişafına şərait yaradacağına ümid edirik. Milli komandamızın qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanacağına inanırıq”.
Rövşən Nəcəf çıxışı zamanı Gəncə şəhər stadionu və "İmarət" stadionunda aparılan yenidənqurma işlərinə də toxunub. Bildirib ki, bu layihələr bölgələrdə futbolun inkişafına mühüm töhfə verəcək.
AFFA prezidenti həmçinin yeni İnkişaf Strategiyası ilə bağlı fikirlərini də bölüşüb: "Azərbaycan futbolu məsuliyyətli və çətin bir mərhələyə qədəm qoyur. Amma strategiyamızın futbolun inkişafına real dəstək olacağına inanırıq. AFFA və futbol ailəsinin üzvləri ilə birlikdə böyük uğurlar əldə edə bilərik”.
O, Misli Premyer Liqasında komanda sayının artırılmasını da vacib addım kimi dəyərləndirib: "Bu, futbolun ölkə üzrə kütləviliyinə və gənc istedadların üzə çıxmasına ciddi təkan verəcək. İnanıram ki, birgə səylər nəticəsində bütün hədəflərimizə çatacağıq. Azərbaycan yalnız qələbələrə layiqdir”.