Yanvarın 16-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Şika şəhəri meriyasının müşaviri Oie Hideaki, Beynəlxalq Mübadilə Proqramı üzrə koordinator Matsumoto Mariko, Yaponiyanın Azərbaycandakı səfirliyinin 3-cü katibi Higuchu Kazuki, Şika şəhər məktəbinin nümayəndələri, eləcə də səfirliyin digər nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar İdarəsinin müdiri Mehman Kərimov, həmin idarənin əməkdaşları Ruslan Məmmədov, Günay Əsgərova və Nərmin Kərimova iştirak edib.
Görüşün əsas məqsədi Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) çərçivəsində Yaponiya və Milli Olimpiya Komitəsi arasında sıx əməkdaşlığı və bu əməkdaşlığın daha da gücləndirilməsini müzakirə etmək olub.
Mehman Kərimov qonaqlara OCEP layihəsinin tarixi, inkişafı və fəaliyyəti haqqında ətraflı məlumat verib. Tokio-2020 Yay Olimpiya Oyunlarının əhəmiyyətini həmçinin oyunlar zamanı, OCEP çərçivəsində, Azərbaycan Milli Olimpiya Komitəsinin Tokioda yerləşən Magome İbtidai Məktəbini ziyarət etməsi və Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadənin bu səfərə göstərdiyi diqqət və qayğısını da xüsusi olaraq vurğulayıb.
Görüşdə çıxış edən Şika şəhəri meriyasının müşaviri Oie Hideaki bu əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. "Bizim əsas məqsədimiz Azərbaycan ilə Yaponiya arasında təhsil, mədəniyyət və idman sahəsində qarşılıqlı mübadilələrin aparılmasıdır”, - deyə Oie Hideaki qeyd edib.
Bundan sonra tərəflər arasında OCEP çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə edib və gələcəkdə birgə layihələr həyata keçirmək barədə fikir mübadiləsi aparıblar.
Olimpiya Mədəniyyəti və Təhsil Proqramına (OCEP) Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində start verilib. Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu və Avropa Olimpiya Komitəsinin dəstəyi ilə həyata keçirilən layihə Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Milli Olimpiya Komitəsi tərəfindən həyata keçirilir və hal hazırda yalnız Avorpa deyil dünyanın müxtəlif ölkələrini də əhatə edir.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.