Karate üzrə beşqat dünya, onbirqat Avropa çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev İdman Karatesi (WKF) üzrə vitse-prezident vəzifəsindən istefa verib. Titullu idmançı qərarını belə açıqlayıb:
"Bu, təzə xəbər olsa da qlobal məsələ deyil. 7-8 aydır ki, iclaslara dəvət olunmuram. Səbəb çoxdur. Sadəcə olaraq, bu vəzifədən ayrılmaq qərar vermişəm. Artıq ərizəmi yazmışam və federasiya rəhbərliyinə təqdim edəcəyəm. Bu, o demək deyil ki, mən kimdənsə üz döndərirəm. Kin saxlayan insan deyiləm, amma heç nəyi də unutmuram. Qərara gəldim ki, federasiyadan ayrılım. Gələcəkdə nəyin necə olacağını, yalnız Allah bilir. Federasiyada işləyən insanlara, məşqçi-müəllimlərə və yığma komandanın baş məşqçisinə uğurlar arzu edirəm. Adları daim zirvələrdən gəlsin. Mən də bundan sonra irəli baxacağam. İdman karatesində neçə il məşq edib, nəticə qazanmışam. Artıq iki-üç ildir ki, kombat karate üzrə yarışlarda iştirak edirəm. Beynəlxalq əlaqələr qurmuşam. Yaxşı təklif olarsa, həmin təklifləri dəyərləndirəcəyəm. Hər kəsə uğurlar arzulayıram.
Qeyd edək ki, Rafael Ağayev keçən ilin fevral ayından İdman Karatesi (WKF) üzrə vitse-prezident vəzifəsini icra edirdi.