XƏBƏR LENTİ
18 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
15 Yanvar 2025
13 Yanvar 2025
12 Yanvar 2025
10 Yanvar 2025



Fərid Qayıbov: "Bu gün idmanın nəbzi Qəbələdə döyünür"
İdman 15:15 / 16.01.2025
Yanvarın 16-da Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Qəbələ - İdman Paytaxtı 2025"in açılış mərasimi keçirilib.
Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan tədbir müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradı ilə başlayıb.
Ardınca ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunması uğrunda həyatını qurban verən şəhidlərin və  Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himni səsləndirildikdən sonra Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abasova çıxış edib. O, 2023-cü il 7 dekabr tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Kollegiya iclasının qərarı ilə Quba şəhərinin ilk olaraq respublikamızın idman paytaxtı seçildiyini xatırladıb. Səidə Abasova "İdmanın ürəyi Qubada döyünür şüarı" altında rayonda çoxlu sayda silsilə tədbirlərin keçirildiyini qeyd edib. 
"Qubada il ərzində 29 turnir, 41 kütləvi idman tədbiri yüksək səviyyədə keçirilib. Bu il həmçinin, futbol və basketbol komandalarımız yaradılıb. Eləcə də idmanla məşğul olanların sayı 8 mindən 17 minə çatıb", - deyə Səidə Abasova bildirib. 
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova isə qeyd edib ki, bu tədbir Qəbələ üçün əlamətdar olacaq: "Əslində, bu cür etimad ilk dəfə deyil. Qəbələ bu vaxta qədər bir sıra yerli və beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Hesab edirəm ki, idman paytaxtı seçilən Qəbələ üçün bu il yaddaqalan olacaq. Yeni idmançılar yetişəcək, nəticədə bu il Azərbaycan idmanı daha böyük uğurlarla zəngin olacaq". 
Gənclər və idman naziri Fərid Qayıbov isə tədbir iştirakçılarını salamlayaraq idman bayramı münasibəti ilə hamını təbrik edib. Ötən ilin idman üçün möhtəşəm il olduğunu deyən nazir bu ilin də uğurla keçəcəyinə əminliyini bildirib. Fərid Qayıbov  "İdman paytaxtı” çərçivəsində il ərzində Qəbələ şəhərində bir çox yarış və tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Nazir çıxışında bu il ölkəmizin MDB oyunlarına ev sahibliyi edəcəyini və Qəbələ şəhərinin də MDB ölkələrinin idmançılarını qəbul edəcəyini deyib. 
Rəsmi çıxışlardan sonra "İdman Paytaxtı"nın rəmzi açarı Qubadan alınaraq Qəbələyə təhvil verilib. Ardınca "İdman paytaxtı -2025"in maskotu "Marşal" ictimaiyyətə təqdim olunub. Bölgə idmançıları haqqında videoçarx nümayiş olunduqdan sonra "İdman səfirləri" - Aliyə Paşayeva, Xəyyam Orucov, İlqar Qurbanov və Orxan Səfərov çıxış edərək Qəbələnin 2025-ci ilin "İdman paytaxtı" seçilməsi münasibəti ilə şəhər sakinlərinə təbriklərini çatdırıblar. 
Sonra loqo və şüar müsabiqəsinin qalibləri - Aynurə Qurbanova və Fərid Əliyev mükafatlandırılıb. Mükafatları qaliblərə "İdman səfirləri” Aliyə Paşayeva və Orxan Səfərov təqdim edib.
Müxtəlif idman növləri üzrə nümunəvi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. 

770 oxunub

InvestAZ