XƏBƏR LENTİ
28 Dekabr 2024
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024



Azərbaycan idmançıları 2024-cü ildə 1718 medal qazanıblar
İdman 15:13 / 27.12.2024

Azərbaycan idmançıları 2024-cü ildə Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 1718 medal qazanıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, bu, Azərbaycan idmanı tarixində yeni rekord göstəricidir. Qazanılmış medalların 666-sı qızıl, 465-i gümüş, 587-si bürünc medallardır. Olimpiya idman növlərində 827, qeyri-Olimpiya növlərində 854, paralimpiya idman növlərində isə 37 medal əldə edilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən il ərzində Azərbaycan idmançılarının 266 beynəlxalq yarışda və 103 təlim-məşq toplanışlarında iştirakı təmin edilib.

Multiidman yarışları

Fransanın paytaxtında keçirilmiş Paris-2024 Yay Olimpiya Oyunlarında 48 Azərbaycan idmançısı 15 idman növündə 17 proqram üzrə yarışıb. Azərbaycan 2 qızıl, 2 gümüş, 3 bürünc medalla 204 ölkə arasında 30-cu olmaqla yeni Olimpiya rekordumuza nail olub. Ölkəmiz Avropa ölkələri arasında 18-ci, müsəlman ölkələri arasında 3-cü yeri tutub.

Azərbaycan Milli Paralimpiya komandası Fransanın Paris şəhərində keçirilmiş XVII Yay Paralimpiya Oyunlarında 18 idmançı ilə təmsil olunub. Ölkəmiz bu Paralimpiya Oyunlarında 11 medal (4 qızıl, 2 gümüş və 5 bürünc) qazanıb.

Ölkəmiz Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games” beynəlxalq multiidman oyunları, Saxa Respublikasının Yakutsk şəhərində "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunları, Bəhreyndə Beynəlxalq Gimnaziada İdman Oyunları, Moskvada I dünya korporativ oyunları, Qazaxıstanda V Dünya Köçəri Oyunları, Macarıstanda tələbələrin Avropa Universitet Oyunları və digər multiidman yarışlarında uğurla təmsil olunub.

Azərbaycanda beynəlxalq yarışlar

2024-cü il Azərbaycan daha bir nüfuzlu beynəlxalq yarışların məkanı olub. İl ərzində Bakı şəhəri çövkən üzrə dünya çempionatına, "TeamGym” üzrə Avropa çempionatına, atıcılıq üzrə Dünya Kubokuna, bədii gimnastika üzrə Avropa Kubokuna, cüdo üzrə Böyük Dəbilqə turnirinə, güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə, şahmat üzrə "Baku Open 2024" beynəlxalq festivalına, güləş üzrə U-23 Avropa çempionatına, Formula 1 Azərbaycan Qran-Prisinə və digər yarışlara ev sahibliyi edib.

Təkcə paytaxtda deyil, regionlarda, eləcə də işğaldan azad edilmiş şəhərlərdə də beynəlxalq yarışlar təşkil olunub. Xankəndi şəhərində Xankəndi – Bakı ultramarafonu, Şuşa şəhərində "Vüqar Həşimov Memorialı-2024" beynəlxalq şahmat turniri, Füzuli və Mingəçevir şəhərlərində Beynəlxalq Avarçəkmə reqatası və digər beynəlxalq yarışlar uğurla təşkil edilib. 2024-cü ilin "İdman Paytaxtı” Qubada "Ulduz cup” beynəlxalq futbol turniri, Göygöldə cüdo üzrə kadetlər arasında Avropa Kuboku uğurla keçirilib.

Bakıda beynəlxalq tədbirlər

İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı (COP9) Bürosunun 1-ci rəsmi görüşü də paytaxtımızda təşkil edilib. Beynəlxalq Xizək Alpinizmi Federasiyasının 17-ci Plenar Assambleyası; COP29-la əlaqədar Bakıda "Təmiz suda avar çək!” yürüşü; Beynəlxalq Çövkən Federasiyasının ilk Baş Assambleyası; Beynəlxalq Çövkən Federasiyasının növbədənkənar 2-ci Baş Assambleyası; Çövkən üzrə beynəlxalq seminar; Avropa Cüdo Birliyinin (EJU) Tibb Komissiyasının Beynəlxalq Tibbi Seminarı təşkil edilib. Bundan başqa 2026-cı il dünyanın "İdman Paytaxtı"na namizədliklə bağlı Bakı şəhərində təqdimat olub və sevindirici haldır ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının qərarı ilə Bakı şəhəri 2026-cı il üçün dünyanın "İdman Paytaxtı" seçilib.

Ölkədaxili yarışlar

Gənclər və İdman Nazirliyinin 2024-cü il üçün təsdiq etdiyi "Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin vahid təqvim planı”na əsasən, il ərzində respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə 305 ölkə miqyaslı, 79 beynəlxalq yarış keçirilib.

Kütləvi yarışlar

Artıq ənənəyə çevrilmiş bir sıra kütləvi yarışlar da geniş əhatə dairəsi ilə fərqlənib. Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında II minifutbol turniri, Bakı kənd və qəsəbələri arasında II minifutbol turniri, "Qürurla irəli” şüarı ilə "IV Qələbə qaçışı”, "Üzgüçülük hamı üçün”, Mingəçevir şəhərində keçirilən "Kürü keçək?!” açıq suda üzmə yarışı və digər kütləvi idman yarışlarını xüsusi qeyd etmək olar2024-cü ilin "İdman Paytaxtı" Quba şəhərində il ərzində 75 tədbir təşkil edilib. Tədbirlər 8000-dən çox iştirakçını əhatə edib. Qubada keçirilən lll İdman Festivalında 14 təlim baş tutub. 8 gün davam edən festival 23 idman növü üzrə 100 idmançı (13-15 yaş), 34 məşqçini, eləcə də 1000-dən çox əhalini əhatə edib.

İl ərzində "Sağlam həyat" layihəsi çərçivəsində 15 region üzrə 29 tədbir keçirilib. Tədbirlərə 7000-dən çox iştirakçı qoşulub.

Həmçinin 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə "İdman Həftəsi”ndə keçirilən 20 tədbir 3993 iştirakçını, həmçinin "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil edilən 253 tədbir isə 14387 nəfər iştirakçını əhatə edib.

Bundan başqa, dövlət qurumlarının əməkdaşları arasında ümumi 19 idman növündə 29 yarış üzrə 1943 iştirakçı yarışıb. Regionlarda il ərzində ümumi 3196 tədbir, 1768 yarış, 1428 kütləvi tədbir keçirilib.

İdman infrastrukturu

2024-cü il ərzində ölkəmizdə idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində də bir çox işlər görülüb. Ölkəmizin ikinci ən böyük şəhəri olan Gəncədə Qafqazın ən böyük idman mərkəzi - Gəncə İdman Sarayının açılışı oldu. Bundan başqa, Gəncə şəhər stadionunun da təməli qoyulub. İl ərzində bir sıra idman zalları da istifadəyə verilib.


364 oxunub

InvestAZ