XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Pekin-2022 Qış Olimpiya Oyunları başa çatıb
Olimpiya oyunları 19:34 / 20.02.2022
Çinin paytaxtı Pekində keçirilən XXIV Qış Olimpiya Oyunları başa çatıb. Yarışın bağlanış mərasimi Pekin Milli Stadionunda yalnız yerli azarkeşlərin iştirakı ilə təşkil olunub. İlk olaraq Çin bayrağı meydanın mərkəzinə gətirilib və dövlət himni səsləndirilib. Müxtəlif kompozisiyaların ardından iştirakçı ölkələrin bayraqdarları almaniyalı məşhur bəstəkar Lüdviq van Bethovenin "Ode to joy” simfoniyasının sədaları altında arenaya daxil olublar. Tamaşaçılar önündən olimpiadanın vətəni Yunanıstan birinci, təşkilatçı ölkə Çin isə sonuncu keçib. Azərbaycan nümayəndə heyəti Pekini tərk etdiyindən, ölkə bayrağını çinli könüllü Li Yuanqzou daşıyıb.
Bundan sonra kişilər və qadınlar arasında müvafiq olaraq 50 km və 30 km məsafəyə xizək yarışları üzrə qaliblər mükafatlandırılıb. Ardınca 2026-cı ildə İtaliyanın Milan və Kortina-d Ampetso şəhərlərində təşkil olunacaq XXV Qış Olimpiya Oyunlarının rəsmi təqdimatı olub. Stadiondakı Olimpiya bayrağı endirilərək Milan və Kortina-d Ampetso şəhərlərinin merlərinə təqdim edilib.
Rəsmi çıxışlardan sonra isə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax Pekin Olimpiadasını bağlı elan edib. Ardınca isə Olimpiya məşəli söndürülüb.
Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 3 000-dək idmançı qüvvəsini sınayıb. Yarışda 15 idman növü üzrə 109 dəst medal öz sahibini tapıb. Norveç medal sayında və əyarında bütün ölkələri qabaqlayıb. Skandinaviya təmsilçisi Oyunları 37 medalla (16 qızıl, 8 gümüş, 13 bürünc) başa vurub.
Qeyd edək ki, Pekin Olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edib. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayıb. Təmsilçilərimizdən V.Litvintsev 18-ci, Y.Ryabova isə 15-cı yeri tutub.

23915 oxunub

InvestAZ