XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Karateçilər mükafatlandırıldılar
İdman 11:11 / 30.12.2021
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi 2021-ci ildə yüksək nəticə göstərmiş yeniyetmə, gənclər və böyüklərdən ibarət milli komandaların idmançı və məşqçilərini, həmçinin şəxsi məşqçiləri mükafatlandırıb. Görüşdə bu ilin ən uğurlu illərdən biri olduğunu xatırladan federasiya prezidenti Yaşar Bəşirov bu mövsüm Dünya Karate Federasiyasının (WKF) nüfuzlu Gənclər Liqası və Premyer Liqa turnirləri ilə yanaşı, dünya kuboku, birinci MDB Oyunları, Avropa və dünya çempionatlarında, o cümlədən Dünya Şotokan Federasiyasının (WSF) dünya çempionatında böyük nəticələr əldə edildiyini diqqətə çatdırıb. O, Tokio Olimpiadasında qazanılan iki gümüş medalı isə federasiyanın tarixində ən böyük nailiyyət adlandırıb.
Y.Bəşirov 2021-ci ildə olimpiada ilə yanaşı, 14 rəsmi və bir sıra digər beynəlxalq yarışlarda iştirak edən Azərbaycan karateçilərinin 319 medal qazandığını, mükafatlar arasında 89 qızıl, 118 gümüş, 112 bürünc medal olduğunu deyib. Bu nəticələr arasında parakarateçilərin uğurlu çıxışları və beynəlxalq hakimlərimizin sayının artdığını da diqqətə çatdıran Y.Bəşirov, bütün bu nailiyyətlərin dövlət qayğısı sayəsində əldə edildiyini söyləyib.
Görüşdə iştirak edən federasiyanın idarə heyətinin üzvü Füzuli Musayev karateçilərin nəticələrinin ilbəil artmasının uğurlu tendensiya olduğunu deyib. Hər zaman üzərilərində qayğı hiss etdiklərini bildirən məşqçilər, idmançılar və hakimlər onlara göstərilən etimadı bundan sonra da doğruldacaqlarını vurğulayıblar.
Görüşün sonunda il ərzində müxtəlif yarışlarda nəticə göstərmiş idmançı və məşqçilərə müvafiq pul mükafatları təqdim edilib.

29571 oxunub

InvestAZ