XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Azərbaycan Premyer Liqası: “Qarabağ”liderliyini bir qədər də möhkəmləndirdi
İdman 09:43 / 18.10.2021
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun oyunları keçirilib. Günün ilk oyununda "Səbail” klubu öz meydanında "Keşlə”ni qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdəki qollar ikinci hissədə vurulub.

Matçın 68-ci dəqiqəsində Tərlan Quliyev cərimə zərbəsindən hesabı açaraq "Keşlə”ni hesabda önə çıxarıb. Üç dəqiqə sonra Rauf Əliyev bərabərlik qoluna imza atıb. Qarşılaşmanın 81-ci dəqiqəsində isə Anatole Abanq "Keşlə”yə qələbə qazandıran qolu vurub.

Bu nəticədən sonra xallarının sayını 7-ə çatdıran "Keşlə” klubu 6-cı pillədə qərarlaşıb. "Dənizçilər” isə 6 xalla 7-cidir.

Günün digər matçında "Qəbələ” klubu "Zirə" ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Qartallar"ın heyətində Cəlal Hüseynov 18-ci dəqiqədə hesabı açıb. Meydan sahibləri bu qola fasilədən sonra cavab verib. Ülvi İsgəndərov 79-cu dəqiqədə topu qonaqların qapısından keçirib.

Matçdan sonra qalmaqal yaşanıb. "Qəbələ"nin futbolçusu Ehtiram Şahverdiyev Dmitrios Çantakiasa başı ilə zərbə endirdiyi üçün qırmızı vərəqə alaraq meydandan qovulub. Yunanıstanlı müdafiəçi isə sarı vərəqə alıb. Komanda yoldaşları E.Şahverdiyevi sakitləşdirməkdə çətinlik çəkib.

Xallarının sayını 12-ə çatdıran komandalar 3-4-cü yerləri bölüşdürürlər.

Turun ikinci oyun günündə "Kapital Bank Arena"da "Sumqayıt" və "Neftçi" komandaları üz-üzə gəlib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol ikinci hissədə vurulub. Matçın 50-ci dəqiqəsində meydan sahiblərindən Murad Xaçayev topu rəqib qapısından keçirib. Bundan cəmi 4 dəqiqə sonra qonaqların belçikalı yarımmüdafiəçisi Sabir Buqrin uzaqdan baxımlı qola imza atıb. 77-ci dəqiqədə isə "Sumqayıt"ın və Azərbaycan millisinin zədəsi yenicə bərpa olunmuş hücumçusu Əli Qurbani ikili mübarizə zamanı dizindən xəsarət alaraq əvəzlənməli olub. Bu nəticədən sonra "Neftçi" 14 xalla 2-ci, "Sumqayıt" 8 xalla 5-ci pillədə qalıb.

Turun və birinci dövrənin son oyununda "Qarabağ" klubu "Sabah"ın qonağı olub. Masazırdakı "Bank Respublika Arena"da keçirilən görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın 27-ci dəqiqəsində Ramin Quliyevin baş məşqçi olduğu komanda azlıqda qalıb. Paraqvaylı hücumçu Xulio Sezar Rodriges "köhlən atlar"ın qapıçısı Şahruddin Məhəmmədəliyevə ayağı ilə zərbə endirdiyi üçün meydandan qovulub. Matçda hesab 44-cü dəqiqədə açılıb. Qonaqların yarımmüdafiəçisi Filip Ozobiç fərqlənib. İlk hissə 1:0 hesabla başa çatıb.

İkinci hissədə də hücumlarını davam etdirən "Qarabağ" 51-ci dəqiqədə Abdullah Zubirin qolu ilə fərqi 2 topa çatdırıb. Oyunun 65-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Aleksey İsayev buraxılan qollardan birinin əvəzini çıxıb.

Bu qələbədən sonra xallarını 17-yə çatdıran "Qarabağ" zirvədəki yerini möhkəmlədib. Bir xalı olan "Sabah" isə sonuncu pillədə qalıb.


15757 oxunub

InvestAZ