XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



BP şirkətinin Milli Olimpiya və Paralimpiya komitələri ilə əməkdaşlığının on illik yubileyinə həsr edilmiş tədbir keçirilib
İdman 12:19 / 13.10.2021

Oktyabrın 12-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında BP şirkətinin MOK və Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) ilə əməkdaşlığının 10 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, AMPK-nın prezidenti İlqar Rəhimov, MOK-un baş katıibinin müavini Azər Əliyev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons, olimpiyaçılar və paralimpiyaçılar iştirak ediblər.
Tədbirdə çıxış edən Çingiz Hüseynzadə dünyanın ən böyük enerji təchizatçılarından olan BP şirkəti ilə əməkdaşlığın Londonun ev sahibliyi etdiyi XXX Yay Olimpiya və XIV Yay Paralimpiya Oyunları ərəfəsində başlandığını bildirib. Diqqətə çatdırılıb ki, ötən 10 il BP şirkətinin təkcə Olimpiya və Paralimpiya komitələri, həmçinin olimpiyaçı və paralimpiyaçılar üçün sponsorluğu ilə deyil, həm də bir sıra mühüm əməkdaşlıq layihələri ilə diqqəti cəlb edir: "BP şirkəti ilə əməkdaşlıq yüksək səviyyədə davam edir. Ümid edirik ki, bu əməkdaşlıq bundan sonra daha da güclənəcək. Qabaqcıl idmançılarımız BP-nin təqaüdlərini alırlar. Bu əməkdaşlıq təkcə BP ilə MOK arasında deyil, həm də ölkələrimiz arasında davam edir”.
Çingiz Hüseynzadə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən ruhlanan idmançılarımızın Tokio Yay Olimpiya və Paralimpiya oyunlarında yüksək nəticələr qazandıqlarını vurğulayıb.
AMPK-nın prezidenti İlham Rəhimov BP şirkəti ilə on ildən artıq müddətdə əməkdaşlıq çərçivəsində bir sıra layihələrin həyata keçirildiyini bildirib. Azərbaycan dövlətinin ölkəmizdə Paralimpiya Hərəkatının inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərdiyini vurğulayan İlqar Rəhimov biznes qurumlarının komitənin layihələrində yaxından iştirak edərək idmanın inkişafına dəstək vermələrinin önəmini vurğulayıb.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons bildirib ki, səfir idmançılara dəstək göstərmək və onların Azərbaycan uğrunda necə yarışdıqlarının şahidi olmaq bizim üçün şərəf idi.
Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısl Hacı Əliyev, Pekin-2008 Yay Paralimpiya Oyunlarının qızıl medalçısı Oloxan Musayev tədbirdə çıxış edərək pandemiya dövrünün çətinliklərinə baxmayaraq, Azərbaycan komandasının Olimpiya və Paralimpiya oyunlarında qazandıqları uğurlardan bəhs ediblər, BP Azərbaycan şirkəti MOK və AMPK ilə əməkdaşlığının 10 illik yubileyi münasibətilə idman ictimaiyyətinin nümayəndələrinə, olimpiyaçılara və paralimpiyaçılara xüsusi hədiyyələr təqdim edilib. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə BP Azərbaycan şirkətinin rəhbəri Qəri Consa Olimpiya mükafatçılarımızın imzası ilə Olimpiya köynəyi hədiyyə edib.

Tədbirin sonunda xatirə fotosu çəkilib.

16631 oxunub

InvestAZ