XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



İrina Kindzerska: “Gərgin və çətin yolun sonunda Olimpiya Oyunlarının medalı dayanır”
Müsahibə 16:38 / 07.09.2021


Planetin ən mötəbər idman tədbiri olan Tokio-2020 Yay Olimpiya Oyunlarında komandamız olimpiadalar tarixində 7-ci sınağında 13 idman növü üzrə 44 idmançı ilə təmsil olundu. Olimpiya komandamız Tokio-2020-ni 3 gümüş, 4 bürünc medalla başa vurdu. Komandamıza gümüş medalları karateçilər Rafael Ağayev (75 kq), İrina Zaretska (+61 kq), sərbəst güləşçi Hacı Əliyev (65 kq) qazandırdı. Cüdoçumuz İrina Kindzerska (+78 kq), boksçumuz Alfonso Dominges (81 kq), yunan-Roma güləşçimiz Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz (50 kq) Tokio Olimpiadasının bürünc medallarına sahib çıxdılar. Hər zaman Olimpiya Oyunlarını diqqətdə saxlayan "Olimpiya dünyası” qəzeti yarışlardan sonra da ənənəsinə sadiq qalır. Qəzetimiz medal qazanan idmançılarla olan müsahibələri oxucularına təqdim edir. Budəfəki müsahibimiz Tokio-2020-də komandamıza ilk medalı qazandıran cüdoçumuz İrina Kindzerskadır. Xanım cüdoçumuz qəzetimizə müsahibəsində Olimpiya Oyunlarındakı çıxışından və qarşıdakı planlarından danışdı.



"Komandamıza
Tokio Olimpiadasının ilk medalını qazandırdığım
üçün çox sevinirəm”



- İrina, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olmağınız münasibəti ilə sizi təbrik edirik. Çoxdandır gözlədiyiniz və təxirə salındığını eşidəndə göz yaşlarınızı saxlaya bilmədiyiniz yarışda çıxışınızı necə qiymətləndirirsiniz?

- Doğrudur, bu yarışı uzun müddət idi ki, səbrsizliklə gözləyirdim. Eşidəndə ki, Tokio Olimpiadası təxirə salındı, göz yaşlarımı saxlaya bilməmişdim. Bu hər bir idmançının böyük həvəslə gözlədiyi bir yarışdır. Tokio-2020 həqiqətən də mənim üçün ən unudulmaz hisslər keçirdiyim yarış oldu. Sevinc, kədər, həyəcan bir arada cəmləşmişdi. Qızıl medal qazana bilmədiyimə görə təəssüflənsəm də, Tanrı mənə olimpiadanın bürünc medalını qazanmağı nəsib etdi. İdmançı üçün bu Oyunlardan üstün bir yarış ola bilməz. Olimpiya Oyunlarının mükafatçısı olduğum üçün çox sevinirəm. Təbii ki, bu uğur heç də asan başa gəlmədi. Mübarizəyə 1/8 final mərhələsindən başlamışdım. Bu mərhələdə Bosniya və Herseqovinanı təmsil edən Larisa Tseriçə, 1/4 finalda isə Cənubi Koreya təmsilçisi Min-Cin Hana qalib gəlmişdim. Növbəti görüşdə olimpiadada əsas rəqiblərimdən biri sayılan yaponiyalı Akira Soneyə məğlub oldum. Lakin hələ də medal qazanmaq şansım qalırdı. Bunun üçün keçirəcəyim son görüşü qələbə ilə başa vurmalı idim. Başa düşürdüm ki, bütün gücümü sərf edib medal qazanmalıyam. Çünki Olimpiya Oyunları digər yarışlar kimi qısa müddətdə təşkil olunmur. Buna görə də həlledici görüşdə çinli Şiyan Hu ilə qarşılaşmaya xüsusi motivasiya ilə çıxmışdım. Gərgin keçən görüşdə qalib gələrək, bürünc medala sahib çıxdım. Həqiqətən də, idmanda gərgin və çətin yolun sonunda Olimpiya Oyunlarının medalı dayanır. Hər kəsin medal gözlədiyi bir anda komandamıza Tokio Olimpiadasının ilk medalını qazandırdığım üçün çox sevinirəm.


- İrina, cüdo üzrə milli komandamızın medal qazanması üçün son şans siz idiniz. Belə bir məsuliyyətli anda cüdoçularımızın ardıcıl məğlub olması sizə mənfi təsir etmədi ki?


- Çıxışıma qədər, idmançılarımızın bütün döyüşlərini izləmişdim. Təəssüf ki, cüdoçularımız mübarizələrini yarıda dayandırmışdılar. Növbə mənə çatanda isə təbii ki, həyəcan hissləri keçirirdim. Çünki üzərimə düşən bu ağır məsuliyyəti yaxşı dərk edirdim. Amma çox sevinirəm ki, özümlə bacardım və həyəcanımı dəf edə bildim.


- Dünyanın ən güclü idmançıları ilə üz-üzə idiniz. Bu çətin döyüşdə özünüzü necə ruhlandırırdınız?


- Rəqiblərimin hamısını yaxşı tanıyıram. Onların hansı fəndləri və necə yerinə yetirdiklərini çox yaxşı bilirəm. Buna görə də, onların atacağı addımı əvvəlcədən görməyə çalışırdım. Məhz bu səbəbdən onların da mənim kimi idmançı olduqlarını, səhv edib məğlub ola biləcəklərini düşünüb, özümü qələbəyə kökləyirdim.


- Qalibiyyətdən sonra sevinc hisslərinizə ilk kim şərik oldu?


- Qələbəmdən sonra mənə ilk olaraq həyat yoldaşım Həmid Əliyev zəng etdi. O, təbriklərini çatdıraraq, mənimlə qürur duyduğunu bildirdi. Yoldaşım Azərbaycanın Cəbrayıl rayonundandır. Mənə deyirdi ki, Cəbrayılda vəziyyət düzəlsin, ora səfər edəcəyik və bu bürünc medalı Xudafərin körpüsünün yanında boynumuzdan asacağıq. O, mənim bu uğuruma görə çox sevinirdi.
Yoldaşımdan sonra təbii ki, məşqçim, valideynlərim və dostlarım əlaqə saxladı. Hər biri bu qələbənin böyük nailiyyət olduğunu deyərək, xoş sözlərini bildirdilər. Bu isə idmançı üçün ən möhtəşəm hisslər və gələcək uğurlar üçün böyük stimuldur.


- Ümumiyyətlə, Tokio-2020 Sizin üçün nə ilə yadda qaldı?


- Tokioda cəmi üç gün qaldım. Bu günlər ərzində də yalnız döyüşlərim və qələbə barədə düşündüm. Ümumiyyətlə, qeyd edim ki, yarışlar müddətində məkanı tərk etmək qadağan idi. Buna görə də, həmkarlarımla şəhərdə gəzmək imkanım olmadı. Lakin daha əvvəl Yaponiyaya səfər etdiyim üçün demək olar ki, oranın bir çox maraqlı yerlərinə baş çəkmişdim.


- Pandemiya və bütün qadağalara baxmayaraq, Olimpiya Oyunları gec də olsa təşkil olundu. Belə bir çətin vaxtda Oyunların təşkil olunma səviyyəsini necə qiymətləndirirsiniz?

- Düzdür, uzun müddətdir gözlənilən, idmanaçıların həvəslə və həyəcanla gözlədiyi Olimpiya Oyunlarının təxirə salınması hər birimizə çox pis təsir etmişdi. Etiraf edim ki, son günə qədər Oyunların yenidən ləğv olunacağı düşüncəsi məni çox qorxudurdu. Amma şükürlər olsun ki, gec də olsa bu Oyunlar təşkil olundu. Belə bir çətin şəraitdə isə təşkilatçılığı yaxşı qiymətləndirmək olar.


- Həyat yoldaşınızın valideynlərinin Bakıda yaşadığını bilirik. Qohumlarınıza baş çəkməyə vaxtınız oldumu?



- Əslində, Olimpiya Oyunlarına bir həftə qalmış Bakıda məşq zalının yaxınlığında yerləşən hoteldə qalırdım. Bu, mənə yolda sərf edəcəyim həm zamana, həm də enerjimə qənaət etməyə kömək oldu. Həyat yoldaşımın ailəsi də mənim seçimimə hörmətlə yanaşıb, mənə yalnız dəstək olurdu. Lakin Oyunlardan dərhal sonra həyat yoldaşımın ailəsinin yanına gəldim və burada onlarla birgə qalıram. Həyat yoldaşım isə bir müddət sonra Bakıya gəldi və mən artıq burada onu qarşıladım. Qeyd edim ki, həyat yoldaşımın ailəsi çox mehriban və səmimi insanlardır.


- Bildiyimizə görə, həyat yoldaşınız Həmid Əliyevin soyadına keçmisiniz. Bundan sonra sizə Əliyeva, yoxsa Kindzerska deyə müraciət edək?

- Mən artıq 2016-ci ildən Əliyeva soyadını daşıyıram. Yəni ailə həyatı qurduqdan sonra həyat yoldaşımın soyadına keçmişəm. Yalnız idmanda Kindzerska olaraq qalmağa qərar verdim. Olimpiya Oyunlarının medalını Kindzerska olaraq qazandım. İdman karyeramın yeni dövrü artıq Əliyeva olaraq davam edəcək. Mənim üçün hər iki soyad doğmadır. Yəni məni həm Əliyeva, həm də Kindzerska kimi təqdim etmək olar. Kindzerska soyadına görə mənim legioner olduğumu düşünürlər. Lakin Azərbaycan mənim üçün çox doğmadır. Hesab edirəm ki, Əliyeva soyadı bu mübahisəyə birdəfəlik aydınlıq gətirəcək.


- İrina, çox mülayim və xoşxasiyyətli birisiniz. Bəs hansı Azərbaycan idmançıları ilə dost münasibətləri yaratmısınız?


- İdmançıların hamısı ilə münasibətim yaxşıdır. Amma daha çox həmyerlim Mariya Stadnik ilə səmimi münasibətim var. Bu xanımda bəyəndiyim daha bir xüsusiyyət odur ki, əldə etdiyi yüksək nailiyyətlərə baxmayaraq, çox sadə və səmimi insan olmasıdır. O, Tokio-2020-də 4-cü Olimpiya medalını qazandı. Bu təbii ki, çox böyük uğurdur. İndi onun yerində olmaq istəyən neçə gənc idmançı var. Bundan əlavə karateçi İrina Zaretska və Anna Skidanla da səmimi dost münasibətlərim var.


- Gündəlik məşqlər, yarışlar və bitməyən ev işləri. Maraqlıdır, elə an olubmu ki, bütün bunlardan yorulub, idmandan uzaqlaşmaq və özünüzü sırf ailənizə həsr etməyi düşünmüsünüz?

- Əlbəttə, bu fikir ağlıma dəfələrlə gəlib (gülür). Düşünürəm ki, bu məsələdə mən tək deyiləm. Lakin bu bir neçə saniyəlik xəyal olur. Sonra həqiqi həyata qayıdıb həyatımda idman olmadan yaşaya bilməyəcəyimi anlayıram. Yarışlar və qələbə qazanmaq istəyi, ən əsası isə Olimpiya Oyunlarının medalını qazanmadan karyeramı bitirmək istəmirdim.


- Hazırda Bakıdasınız. Gələcək planlarınızı bilmək olarmı?

- Hazırda səbirsizliklə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmançılarla təşkil olunacaq görüşünü gözləyirəm. Bu görüşdən sonra Azərbaycan Cüdo Federasiyanın prezidenti ilə görüş olacaq. Sonra isə bir qədər istirahət edib, gərgin yarışların həyəcanını üzərimdən atmaq istəyirəm. Paytaxtda isə həyat yoldaşımla birgə Bakının gözəl məkanlarını gəzirik.
İstirahətdən sonra yenidən məşqlərə başlayacağıq. Qarşıda bizi dünya, Avropa çempionatları və V İslam Həmrəyliyi Oyunları gözləyir. Bu yarışlarda da iştirak etmək və medal qazanmaq əsas məqsədlərimdən biridir.


Türkay Niftəliyeva

24186 oxunub

InvestAZ