Martın 14-də "Azərbaycan Su İdmanı Növləri Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
Olimpiyadunyasi.com xəbər verir ki, bu barədə Azərbaycan Su İdmanı Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
İclasın gündəliyi təsdiq edildikdən sonra federasiyanın baş katibi Fərhad Əliyev çıxış edərək 2022-2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabat təqdim edib.
Daha sonra "Azərbaycan Yelkən Federasiyası” İctimai Birliyinin "Azərbaycan Su İdmanı Növləri Federasiyası” İctimai Birliyinə qoşulması yolu ilə federasiyanın yenidən təşkili məsələsi səsverməyə çıxarılıb və qəbul edilib. Həmçinin "Azərbaycan Su İdmanı Növləri Federasiyası” İctimai Birliyinin Nizamnaməsi yeni redaksiyada səsvermə yolu ilə qəbul olunub.
Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Vüqar Əhmədov növbəti 4 il müddətinə federasiyanın prezidenti seçilib. Vüqar Əhmədov çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib, federasiyaların birləşdirilməsi nəticəsində daha böyük və vahid idman qurumunun formalaşdığını vurğulayıb.
Səsvermənin nəticələrinə əsasən, Kamil Hüseynov, Fərid Əmirov və Namiq Orucov federasiyanın vitse-prezidentləri, Fərhad Əliyev isə icraçı vitse-prezident seçilib. Rəhman Xanlarov və Burcu Algon Giorgianni İdarə Heyətinə üzv qəbul ediliblər. Daha sonra Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Arif Ləzimzadə sədr, Vüsal Qurbanov və Elvin Heydərov isə üzv seçiliblər.
Sonda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək federasiyanın yeni seçilmiş rəhbərliyini təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
149 oxunub