XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024
13 Aprel 2024
12 Aprel 2024



Azərbaycan Premyer Liqası: “Sumqayıt” vahid lider oldu
İdman 14:18 / 23.08.2021
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turun oyunları keçirilib. Günün ilk matçında "Qəbələ" komandası "Keşlə"ni qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab 11-ci dəqiqədə açılıb. "Qəbələ"nin toqolu yarımmüdafiəçisi Yaovi Akakpo cinah ötürməsini gözəl zərbə ilə tamamlayıb. 30-cu dəqiqədə meydan sahibləri növbəti qolunu vurub. Bu dəfə Rafael Utziq çoxgedişli kombinasiyanı məntiqi sonluqla tamamlayıb. "Keşlə" təsəlli qolunu 76-cı dəqiqədə vurub. Anatole Abanq uzaqdan gözəl zərbə ilə fərqlənib. Oyunun uzatma dəqiqələrində qonaq komandanın müdafiəçisi Şəhriyar Əliyev referi ilə mübahisə etdiyi üçün qırmızı vərəqə alaraq, meydandan qovulub. Beləliklə, "Qəbələ" klubu mövsümdə ilk qələbəsini qazanıb.

Günün sonuncu görüşündə isə "Sabah" komandası "Sumqayıt"ın qonağı olub. "Kapital Bank Arena"da keçirilən matçda "gənclik şəhəri" təmsilçisi "Sumqayıt" 2:0 hesablı qələbə qazanıb. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda hesabı 32-ci dəqiqədə Azərbaycan millisinin hücumçusu Əli Qurbani hesabı açıb. 78-ci dəqiqədə isə Tellur Mütəllimov fərqlənib.

Turun ikinci oyun günündə daha iki qarşılaşma oynanılıb. Günün ilk matçında çempionata heç-heçə ilə başlayan "Zirə" və "Neftçi" komandaları üz-üzə gəliblər. Zirə İdman Kompleksinin stadionunda təşkil olunan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə ilk qolu "ağ-qaralar"ın heyətində Fəhmin Muradbəyli vurub. 25 yaşlı yarımmüdafiəçi 72-ci dəqiqədə meydan sahiblərinin qapıçısı Mehdi Cənnətovun səhvindən yararlanaraq, komandasını önə keçirib. Görüşün əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Emin Mahmudov fərqi artırıb - 2:0. İki dəqiqə sonra buraxılan qollardan birinin əvəzini çıxan "Zirə"nin hücumçusu Davit Volkov matçda yekun hesabı müəyyənləşdirib.

Turun son oyununda "Qarabağ" "Azersun Arena"da "Səbail"i qəbul edib. Qarşılaşma Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə ilk qolu 30-cu dəqiqədə "köhlən atlar"ın hücumçusu Musa Qurbanlı vurub. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə dubl edən 19 yaşlı forvard komandasının üstünlüyünü artırıb - 2:0. Görüşdə son nöqtəni isə 75-ci dəqiqədə Filip Ozobiç qoyub. 81-ci dəqiqədə "Qarabağ"ın heyətində Riçard Almeyda zədələnərək, meydanı tərk edib. 3 əvəzetmənin hamısı istifadə olunduğundan ağdamlılar son dəqiqələri 10 nəfərlə keçirib.

Bu qələbədən sonra xallarının sayını 4-ə çatdıran "Qarabağ" 2-ci pilləyə yüksəlib. "Səbail" isə 3 xalla 5-ci sıraya geriləyib. Turnir cədvəlinin ilk pilləsində isə keçirdiyi hər iki görüşü qələbə ilə başa vuran "Sumqayıt” komandası qərarlaşıb. Aktivində 4 xalı olan "Qəbələ” və "Neftçi” isə üçüncü, dördüncü yerləri tutublar. Aktivində bir xalı olan "Zirə” altıncı pillədə yer alıb. Keçirdiyi hər iki görüşdə məğlub olan "Keşlə” və "Sabah” komandaları isə 7-8-ci yerləri bölüşürlər.

17582 oxunub

InvestAZ