XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



İrina Zaretska: “Qızıl medal üçün 1 saniyə çatmadı”
Müsahibə 16:33 / 23.08.2021


Orta məktəbi qızıl medalla, ali məktəbi qırmızı diplomla bitirən
Olimpiya mükafatçısı


Onun idmana gəlişi qardaşının sayəsində olub. Yeniyetməlik yaşlarından iştirak etdiyi bütün yarışlarda mükafatçılar sırasında yer alıb. Hətta idmanla yanaşı, təhsilinə də mükəmməl səviyyədə yanaşıb. Bunun nəticəsi olaraq ali təhsilini qırmızı diplomla başa vurub. Anası onu gələcəkdə başqa sahədə görmək istəsə də, o, anasının bu istəyinə qarşı çıxaraq sona qədər özünə yaxın olan peşədə, idmanda qalmağa qərar verir. Lakin tale onu qarşıda karyerasının ən böyük sınağı ilə üz-üzə qoyur. O, gələcəyinin uğurlu səhifəsini açmaq üçün Azərbaycanı seçir.
Söhbət Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Ukrayna əsilli karateçimiz İrina Zaretskadan gedir.
Olimpiadadan Bakıya qayıtdıqdan sonra I Avropa Oyunlarının qızıl mükafatçısı, Avropa çempionatının (2016, 2021) və lV İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya çempionatının qızıl medalçısı (2018) olan 25 yaşlı xanım idmançımızla əlaqə saxladıq. "Olimpiya dünyası” qəzetinə müsahibə verən xanım idmançımız ona ünvanlanan suallarımızı səmimi cavablandırdı. Olimpiya mükafatçımızla olan müsahibəni oxuculara təqdim edirik.



- İrina, əvvəlcə Sizi Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olmağınız münasibəti ilə təbrik edirik. Oyunlarda Azərbaycan komandasının son qızıl medal şansı idiniz. Bu sizin finaldakı çıxışınıza nə dərəcədə təsir göstərirdi?

- Məqsədim hər bir idmançı kimi, Olimpiya Oyunlarında qızıl medal qazanmaq idi. Yəni həm Oyunlardan əvvəl, həm də həmin an yalnız birincilik haqda düşünürdüm. Təbii ki, Olimpiya Oyunlarında Azərbaycan millisinin hər üç finalçısı qızıl medal əldə etsəydi, bu daha sevindirici və qürurverici olardı. Düşünürəm ki, bu, həqiqətən də, tarixi bir hadisəyə çevrilərdi. Əslində, hər birimiz bunu etməyə qadir idik. Lakin bu idmandır. Burada həm məğlubiyyət, həm də, qələbə olur. Hər birimiz Olimpiya Oyunlarının ən yüksək pilləsinə qalxmağı arzu edirdik. Heç bir idmançı istəməz ki, finalda məğlub olsun. Amma təəssüf ki, həmin gün şans bizim tərəfimizdə olmadı. Son saniyələrə qədər döyüşdüm. Hətta sonda Avropa Oyunlarındakı öz həlledici zərbəmi də endirdim. Lakin mənə qızıl medal üçün 1 saniyə çatmadı.

- Gümüş medalın sahibi olduqdan sonra sevincinizi ilk olaraq kiminlə bölüşdünüz?


- Final görüşümdən dərhal sonra həyat yoldaşım mənimlə əlaqə saxlayaraq təbriklərini çatdırdı və sevincimə şərik oldu. O, öz ailəsi və dostları ilə birgə mənə gün ərzində televiziya vasitəsi ilə dəstək olurdu. Daha sonra atam zəng edərək mənə məyus olmamağı, bu medalın çox böyük əhəmiyyəti olduğunu və hər kəsin onu əldə edə bilmək gücünün olmadığını dedi. Buna görə də, mənimlə qürur duyduğunu bildirdi.



- İrina, istərdik ki, bir qədər keçmişə qayıdaq. Oxucularımıza bir az kiçik vaxtlarınızdan danışın. Uşaqlığınızı necə xatırlayırsınız?

- Uşaqlığım sözün əsl mənasında məşq zalında keçib. Üç yaşımdan karate ilə məşğul olmağa başlamışam. Həmin vaxt böyük qardaşım karate məşqlərinə gedirdi. Kiçik yaşlarımdan qardaşım kimi ağıllı, güclü olmaq istəyirdim. Buna görə də, onun hər bir addımını, hərəkətini təkrarlamağa çalışırdım. Günlərin birində isə üç yaşlı kiçik bir qız valideynlərinə karate məşqlərinə getmək istəyini bildirir. Mənim bu istəyim valideynlərimi təəccübləndirdi. Onlar bunun sadəcə, ötəri bir həvəs olduğunu və bir neçə həftə davam edəcəyini düşünürdülər. Lakin elə alındı ki, bütün həyatım karate ilə bağlı oldu.

- Belə demək olarsa, qardaşınız sayəsində idmançı olmusunuz.

- Bəli, bunu əminliklə demək olar ki, idmanla məşğul olmağa qardaşımın sayəsində başlamışam. Zamanla məşq etmək, nailiyyətlər qazanmaq xoşuma gəldi. Bu, mənim hobbim, işim və ümumilikdə isə həyat tərzimə çevrildi. Hər səhər demək olar ki, gözlərimi açan kimi məşqə qaçırdım. Bu, mənə sözün əsl mənasında zövq verirdi. Yəqin ki, insan işini sevərək, həvəslə görəndə yüksək nəticələr əldə edir. Onu da bildirim ki, məni məşqlərə, karateyə bağlayan səbəblərdən biri də iştirak etdiyim bütün yarışlarda mükafatçı olmağım idi. Yeniyetmə yaşımadək iştirak etdiyim hər bir yarışda ilk üçlüyə düşürdüm. Təbii ki, bu da məni daha çox çalışmağa, məşq etməyə və addım-addım irəli getməyə ruhlandırırdı.

- Maraqlıdır, qardaşınız hər bir yarışdan medal gətirən, ailənin idmançı qızına çevrilən bacısını qısqanmırdı?

- Əvvəlcə onu qeyd edim ki, hər bir ailənin ikinci övladı doğulanda böyük uşaqların onu qısqandığı kimi qardaşım da məni qısqanırdı. O, hətta oyuncaq qarşılığında məni qonşumuza dəyişmək istəyirdi (gülür). Lakin indi biri-birimizə böyük dəstək oluruq.

- İdmanda yeni-yeni addımladığınız dövrdə 25 yaşınızda Olimpiya Oyunlarının gümüş medalçısı olacağınızı düşünürdünüzmü?

- Düzünü deyim ki, mən kiçik yaşımdan çoxməqsədli biri olmuşam. Bu yaxınlarda anam mənə kiçik vaxtlarımla bağlı maraqlı bir hekayə danışdı. Belə ki, kiçik yaşımda anama Olimpiya çempionu olmaq istəyimi deyirdim. Anam isə karatenin Olimpiya Oyunlarının proqramına daxil olmadığını və bunun üçün mənim idman növünü dəyişməli olduğumu bildirdi. Lakin karateni çox sevdiyim üçün məhz bu idman növü üzrə Olimpiya çempionu olmaq istəyimi deyirdim. Nəhayət, demək olar ki, 20 ildən sonra karate Olimpiya Oyunlarının proqramına daxil edildi və mən bu şansdan istifadə etdim. Demək olar ki, hər bir halda uşaqlıq arzuma çatdım.

- Qardaşınızdan başqa ailə üzvlərinizdən kimsə idmanla məşğul olur?

- Anam idman gimnastikası ilə məşğul olub. Müxtəlif turnirlərin qalib və mükafatçısı adını qazanıb. Atam isə sambo və bir neçə döyüş növləri ilə məşğul olub. Lakin bəzi səbəblərə görə karyeralarını davam etdirməyiblər.

- Məşğul olacağınız peşəni özünüz seçmisiniz. Bəs valiyenləriniz Sizi hansı peşə sahibi kimi görmək istəyirdilər?


- Əslində, anam mənim idmandakı şanslarımı yüksək qiymətləndirmirdi. O, mənim məktəbi əla qiymətlərlə bitirməyimi, yüksək səviyyəli ali təhsil ocağına qəbul olmağımı və yaxşı bir işə yiyələnməyimi istəyirdi. Bir sözlə, anam mənə sakit və standart həyat düşünürdü. İdmanda sürətlə irəliləməyim və yüksək nailiyyətlər qazanmağım anamı çox təəccübləndirdi. Universitetə qəbul olduqdan sonra isə iki seçim arasında qaldım. Nəhayət, valideynlərimə əsas vaxtımı idmana sərf edəcəyimi, ali təhsillə isə imkan olduğu halda məşğul olacağımı bildirdim. Onlar mənim seçimimə hörmətlə yanaşıb, qərarımı qəbul etdilər. Lakin buna baxmayaraq, mən hər zaman dərslərimdən yüksək qiymətlər alırdım. Qeyd edim ki, orta məktəbi qızıl medal, ali məktəbi isə qırmızı diplom ilə bitirmişəm. Orta və ali məktəbdə fərqlənməyimə baxmayaraq, ruhuma yaxın olan sahə təbii ki, idman olub. Nəticədə anamın mənə arzuladığı taleyin tam əksini yaşayıram (gülür).

- Ananızın arzusunu həyata keçirmədiyinizə görə sizdən inciməyib?

- Keçmişdə yaşadığımız fikir ayrılığına baxmayaraq, hazırda anam mənim ən sadiq pərəstişkarlarımdan biridir. Hər hansı bir yarışda uğursuzluqla rastlaşanda anam məni demək olar ki, hər kəsdən çox ruhlandırır. O, həmçinin karatenin qaydalarını əzbərdən bilir, bütün onlayn yayımları izləyir, mənim hər bir rəqibimi tanıyır və reytinq cədvəlimi yaxından izləyir. Hesab edirəm ki, bu, idmançı üçün valideynləri tərəfindən çox böyük dəstəkdir.

- Maraqlıdır, Tokio Olimpiadasında qazandığınız yüksək nailiyyətlərdən sonra ananızın buna reaksiyası necə oldu?


- Düzdür, anam gələcəkdə yaxşı iş sahibi olmağım üçün mənə daha çox təhsilə vaxt ayırmağımı məsləhət görürdü. Lakin zamanla bu sahədə uğur qazanmağa başlayanda o, məni hər kəsdən çox dəstəkləyirdi. Anam məqsədimin yalnız qızıl medal olduğunu, hər zaman birinci olmaq və ən yaxşını qazanmaq istəyimi bilir. Final qarşılaşmasında lazımi vaxtda xüsusi texnikamı işlədə bilmədim və gümüş medal qazandıqdan sonra kameralara "ana, ağlama, yaxşı?!” sözlərini söylədim. Bilirdim ki, anam mənim üçün çox həyəcan keçirir və o da mənim qədər qızıl medalı əldən verməyimə məyus olur. Lakin yarışdan sonra insan qazandığı medalın dəyərini daha da yaxşı dərk edir. Anam da mənimlə əlaqə saxlayaraq, təbrik etdi və mənim böyük uğur qazandığımı dedi.

- Sirr deyilsə, idman yarışlarından əldə etdiyiniz ilk qazanc nə qədər olub və onu nəyə xərcləmisiniz?

- Əvvəlcə onu deyim ki, mənim üçün öz zəhmətimlə qazandığım qazanc çox qiymətlidir. Yarışlardan pul mükafatı almağa başlayanda, valideynlərimdən xərclik almadığıma görə, özümlə qürur duyurdum. Hər zaman çalışmışam ki, qazancımdan ailəmə və yaxınlarıma bacardığım qədər kömək edim, hədiyyələr alım, onları sevindirim. Yadıma gəlir ki, ilk qazancımdan özümə telefon almışdım. Onu mənim üçün xüsusi edən isə valideynlərimin deyil, şəxsi qazancımla almağım idi.

- Belə uğurlu idman karyerasına sahib biri, heç qadağalarla rastlaşıbmı?

- İdman karyeramda mənə heç kim, heç vaxt qadağa qoymayıb. Yəni lazımi qədər məşq edib, yüksək nailiyyətlər qazanmaq üçün mənə heçnə mane olmayıb. Lakin karyeramın dönüş nöqtəsi kimi Ukrayna yığmasından Azərbaycan milli komandasına keçid mərhələsini qeyd edə bilərəm. Bu, həqiqətən də, çox ciddi addım idi. Düzdür, ola bilər ki, bəziləri üçün mənim bu addımım hələ də qınaq obyektidir. Lakin digər insanlar mənə qarşı olan haqsızlığı görüb və mənə dəstək olur.

"Bu addımdan gələcək
karyeram, həyatım
asılı idi”


- İdman karyeranız ərzində ən ciddi sınağınız nə olub?

- Ukraynada çıxış etdiyim dövrdə beynəlxalq yarışlardakı iştirak xərclərimi məşqçim ödəyirdi. Lakin maliyyə böhranı zamanı məşqçim artıq bu öhdəliyi üzərinə götürə bilmədi. Federasiya isə məni maliyyələşdirməkdən imtina etdi. Həmin vaxt mənim artıq kifayət qədər nailiyyətim var idi. Bu, həqiqətən də, mənim üçün karyeramın dönüş nöqtəsi oldu. Çünki hansı addımı atacağımı və məni nələrin gözlədiyini bilmirdim. Ən çətin anda Azərbaycan millisindən mənə kömək etmələri barədə təklif aldım. Düzdür, biz çox düşündük, çünki bu addımdan gələcək karyeram, həyatım asılı idi. Lakin bunlara baxmayaraq, həyatımın ən düzgün qərarını verdim.


- Bəs daha sonra bu qərardan peşmançılıq hissləri keçirdiyiniz anlar oldu?

- Xeyr. Azərbaycan milli komandasının tərkibində qazandığım uğurlar çox böyükdür. Mən burada karyeramın ən böyük uğurlarına nail olmuşam. Bunun üçün Azərbaycana hər zaman minnətdar olacağam və hər zaman dediyim kimi, sizin fəxriniz olmağa çalışacağam. Çox şadam ki, qismətim məhz belə gətirdi. Hesab edirəm ki, insan qəbul etdiyi heç bir qərardan peşman olmamalıdır. Əgər bir şansın varsa, ondan mütləq istifadə etmək lazımdır. Nəyisə etməyib peşman olmaqdansa, onu edib peşman olmaq daha yaxşıdır.

- Azərbaycan idmançılarından hansıları ilə səmimi dost münasibətləri yaratmısınız?

- Karate üzrə yığma komandamızın bütün üzvləri ilə dost münasibətim var. Xüsusən də, Rafael Ağayevlə. Hətta onunla ad günlərimiz də eyni günə - martın 4-nə təsadüf edir. Rafael Ağayevlə eyni komandada yer almaq mənim üçün ikiqat xoşdur. Azərbaycan idmanının əfsanəsini kiçik yaşlarımdan özümə kumir olaraq seçib, daha sonra onunla eyni komandanı bölüşmək çox qürurvericidir. Həmçinin digər idmançılar ilə də münasibətim yaxşıdır. Güləş komandasından isə həmyerlim Mariya Stadniklə çox yaxşı münasibətim var.

- İrina, bir neçə ildir ki, ailəlisiniz. Sizcə, idmançı xanım üçün ailə həyatının müsbət və mənfi cəhətləri nələrdir?

- Müsbət cəhət yanında hər zaman sənə dəstək olan birinin olmasıdır. O, daha da yüksək nailiyyətlər əldə etməyim üçün məni hər zaman ruhlandırır. Bununla yanaşı, həyat yoldaşım həm psixoloqum, həm də tənqidçimdir. Mənfi cəhətlərə gəldikdə isə, bu, təbii ki, qadınlar üçün heç vaxt bitməyən ev işləridir (gülür).
Qeyd edim ki, həyat yoldaşım karate üzrə Ukrayna millisinin keçmiş üzvüdür. O, 2009-cu ildə yeniyetmələr arasında Avropa çempionu olub. Məhz buna görə də, o, insanın məşqlərdə, yarışlarda necə yorulduğunu yaxşı bilir. Bu səbəbdən də, bitirə bilmədiyim ev işlərinə görə evimizdə heç vaxt münaqişə olmayıb.

- İnsan arzularla yaşayıb-yaradır. Ən riskli arzunuz nədir?

- Əslində, mən paraşütlə tullanma və bu kimi hissləri keçirməyi çox istəyirəm. Lakin hündürlükdən qorxduğum üçün bu addımı atmağa risk etmirəm.

- Hazırda Bakı şəhərindəsiniz. Qarşıdakı planlarınız nədən ibarətdir?

- Hələ ki, planımda bir az dincəlmək, gərgin məşqlərə fasilə vermək var. Daha sonra isə yenidən məşqlərə start verəcəyik. Belə ki, bu ilin noyabr ayında dünya çempionatında iştirak edəcəyik. Hazırda isə Bakıda dincəlirəm, yaxın dostlarla qələbə sevincimizi bölüşürük.


- İrina, səmimi müsahibə üçün Sizə təşəkkür edir və gələcək karyeranızda yeni uğurlar arzulayırıq.

- Çox sağ olun. Həqiqətən də mən bütün yarışlarda Azərbaycan xalqının dəstəyini yaxından hiss edirəm. Azərbaycanın idman şərəfini qoruyub yüksək nailiyyət əldə edəndə, insanların mənimlə fəxr etmələrini deməkləri mənim üçün fəxrdir. İdmançı üçün ən yüksək nailiyyət insanlar tərəfindən sevilməsi və qiymətləndirilməsidir.

Türkay Niftəliyeva

28505 oxunub

InvestAZ