XƏBƏR LENTİ
17 May 2021
16 May 2021
15 May 2021
14 May 2021
13 May 2021
12 May 2021
11 May 2021
10 May 2021



Azad Arif oğlu Rəhimov
İdman 22:58 / 01.05.2021
Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, respublikada gəncliyin və idmanın inkişafına mühüm töhfə vermiş Azad Arif oğlu Rəhimov uzun sürən xəstəlikdən sonra 30 aprel 2021-ci il tarixində ömrünün 57-ci ilində vaxtsız vəfat etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycanın Gənclər və İdman naziri vəzifəsinə təyin edilmiş Azad Rəhimov nazir olduğu müddət ərzində 2015-ci ildə Avropa Oyunlarının, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının, 2017-ci ildə voleybol üzrə qadınların Avropa Çempionatının, 2019-cu ildə UEFA Avropa Liqası Finalının, 2019-cu ildə Avropa Gənclərinin Olimpiya Festivalının, 2020-ci ildə isə UEFA Avropa Çempionatının Azərbaycanda baş tutması üzrə yaradılan Komitələrin üzvü olmuşdur.
Azad Rəhimov Gənclər və İdman naziri olmaqla yanaşı son 15 il ərzində Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti kimi ölkəmizdə Olimpiya hərəkatının inkişafına, milli atletlərimizin Olimpiya Oyunlarında və digər nüfuzlu beynəlxalq idman yarışlarında uğurlu iştirakına, bu işin səmərəli şəkildə təşkilinə mühüm töhfə vermiş ictimai xadim idi.
Azad Rəhimov idman sahəsində dövlət siyasətinin həyata keçirilməsində özünəməxsus rol oynamış, idmançılara göstərdiyi qayğı ilə onların əsl dostuna çevrilmiş, ölkəmizin idman ictimaiyyətinin qəlbində özünə böyük rəğbət qazanmış səmimi insan idi.
Azərbaycan Milli Olimpiya Komitəsi və Milli İdman Federasiyaları Azad Rəhimovun vaxtsız vəfatından kədərləndiyini bildirir, onun ailəsinə, yaxınlarına və bütünlükdə respublikanın idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!



838 oxunub

InvestAZ