XƏBƏR LENTİ
19 Sentyabr 2021
17 Sentyabr 2021
16 Sentyabr 2021
15 Sentyabr 2021
14 Sentyabr 2021
13 Sentyabr 2021
11 Sentyabr 2021
10 Sentyabr 2021



Yaqub Məmmədov: “Keçmişə qayıtmaq şansım olsaydı, uğurlarımı daha da artırardım”
Müsahibə 13:38 / 20.04.2021

Həyatda elə insanlar var ki, onlar özləri üçün deyil, Vətəni, dövləti mənsub olduğu xalqı üçün yaşayır, yaradır. Bir çıraq kimi ətrafa işıq saçır. Bu işıqdan isə minlərlə insana pay düşür. Belə insanlardan biri də ömrünü ölkə idmanına həsr edən Azərbaycan Güləş Federasiyasının (AGF) idman şöbəsinin müdiri, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, "Şöhrət” ordenli Yaqub Məmmədovdur. 1946-ci il aprelin 18-də Masallı rayonunda anadan olan Yaqub müəllim bugünlərdə 75 illik yubileyini qeyd etdi.

1961-73-cü illərdə güləşçi kimi müxtəlif respublikadaxili və beynəlxalq yarışlarda müvəffəqiyyətlə iştirak edən yubilyar keçirdiyi 80-dən çox beynəlxalq görüşlərdə 69 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Y.Məmmədov dəfələrlə Azərbaycan çempionu, SSRİ birinciliyinin qalibi, SSRİ çempionatının mükafatçısı, beynəlxalq yarışların qalibi və mükafatçısı olub. 1974-cü ildən məşqçiliyə başlayan Yaqub Məmmədovun fəaliyyəti dövründə respublikamızın idmançıları ən mötəbər yarışlarda 150-dən çox qızıl, gümüş və bürünc medal qazanıblar.
Yaqub Məmmədov 2000-ci ildə XXVII Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə görə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif olunub.
Bu günlərdə Yaqub müəllimlə, əlaqə saxlayıb onun yubiley təəssüratlarını öyrəndik. Təcrübəli mütəxəssis "Olimpiya dünyası” qəzetinə verdiyi müsahibəsində keçdiyi ömür yolundan, xatirələrindən və həyatının ən yadda qalan anlarından danışdı.

- Yaqub müəllim, əvvəlcə sizi 75 illik yubiley münasibəti ilə təbrik edirik. Deyirlər insanın ruhu heç vaxt qocalmır. Bəs siz necə, özünüzü hansı yaşda hiss edirsiniz?

- Çox sağ olun. Əslində ad günləri də təqvimin bir günüdür. Hər kəs özü üçün özəl olan bu günə tabe olub, bunu qeyd edir. 75 illik yubileyimi öz ailəmlə, övladlarım və nəvələrimlə qeyd etdim. Bu gün yubiley münasibəti ilə məni təbrik edən hər kəsə qəzetiniz vasitəsilə təşəkkürümü bildirirəm. Sualınıza gəlincə isə deyim ki, gənc yaşımdan mütəmadi olaraq idmanla məşğul olduğum üçün özümü daha gənc və gümrah hiss edirəm. Azərbaycan Güləş Federasiyasının idman şöbəsinin müdiri vəzifəsində işləməyim və daim idmançıların arasında olmağım da mənə xüsusi güc və enerji verir.

- 75 il insanın həyatdan nəticə çıxarılası bir yaş dövrüdür. Necə düşünürsünüz, həyatda atdığınız doğru addımlar yanlış addımları üstələyirmi?

- Təbii ki, səhvsiz insan olmur. Məncə, gözəl bir karyeraya sahib olmağım həyatda atdığım ən doğru addımlardan biridir. Gənclik illərimdə energetika sahəsini seçmişdim. Lakin bir müddət sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil oldum. Məhz bundan sonra həyatımı idmana bağlamaq qərarına gəldim. Düşünürəm ki, idmanı deyil, energetikanı seçsəydim bu həyatımda qəbul etdiyim ən yanlış seçim olardı. Çünki mən ölkəmizdə idmana xidmət etməyi, gənc idmançılar yetişdirməyi daha çox sevirəm. Lakin hesab edirəm ki, energetika sahəsindəki fəaliyyətimə davam etsəydim belə, yenə də, böyük uğurlar əldə edərdim. Çünki mən mübariz keyfiyyətli insanam və olduğum hər bir sahədə birinci olmağa çalışmışam.

- Bəs keçmişi necə, tez-tez xatırlayırsınız?

- Əlbəttə. Hər birimiz kimi mən də keçmişi yad edirəm. İdman karyeramı, məşqçilik fəaliyyətimi, ümumiyyətlə, həyatımı gözdən keçirirəm. Əsas odur ki, keçmişə nəzər salanda xatırlayacağın xoş xatirələr və qürur duyacaq uğurların çox olsun.

- Mahnıda deyildiyi kimi "Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim”. Həyatınızda bu deyimin təsdiqini tapdığınız anlar olubmu?

- Etiraf edim ki, olub. Düşünürəm ki, keçmişə qayıtmaq şansım olsaydı, idmançı olaraq uğurlarımı daha da artırardım. Bir sözlə, yalnız bu səbəbə görə, keçmişə qayıtmaq istərdim.

- Həyatınızda qazandığınız ən böyük uğur sizcə hansıdır?

- Həyatımın ən böyük uğurları Olimpiya çempionu yetişdirmək və 2004-cü ildə Azərbaycanda keçirilən dünya kubokunu qazanmağımızı qeyd edə bilərəm. Həmçinin ilk dəfə 2002-ci ildə Avropa çempionatının Bakıda keçirilməsi yadda qalan hadisələrdəndir. Həmin yarışda idmançımızın Avropa çempionu olması, həmçinin gümüş və bürünc medalları qazanmağımızı da uğurlarım siyahısına əlavə edə bilərəm.

- Bəs yaşadığınız həyatı dəyişiklik olmadan yenidən yaşamaq şansınız olsa, bu şansdan istifadə edərdiniz?

- Həyat çox gözəldir və öz axarı ilə davam edir. Əgər məndə belə bir şans olsa idi, qeyd etdiyim kimi, yalnız uğur və nailiyyətlərimi artırmaq üçün istifadə edərdim. Lakin ümumilikdə, həyatımdan razıyam. 3 qız övladım var. Övladlarımdan biri həkimdir və hazırda ölkəmizdə də yayılan COVİD-19 pandemiyasına qarşı mübarizə aparır. Qızım hətta Vətən müharibəsi dövründə cəbhə bölgəsində ordumuza xidmət edib. Digər qızım Dövlət Miqrasiya Xidmətində mayor rütbəsini daşıyır və dövlət qulluğunda fəaliyyətinə görə, dövlətimiz tərəfindən iki dəfə medalla təltif olunub. Üçüncü qızım isə fəlsəfə üzrə doktordur və Azərbaycan Dövlət Universitetində şərqşünaslıq fakültəsində baş müəllimə işləyir.

- Bəs həyata keçməyən arzunuz varmı?

- Bəli, həyata keçməyən arzum da var. Lakin , bunun sirr olaraq qalması daha məqsədəuyğundur. İstərdim ki, Allah mənə bir qədər də ömür versin və bu arzumu da həyata keçirim.

- Yaqub müəllim, baş məşqçi kimi çalışdığınız illərdə ən uğurlu idmançılarınız arasında Namiq Abdullayevi xüsusilə fərqləndirmək olar. Bu siyahıya daha hansı idmançıların adını əlavə edərdiniz?

- 1993-cü ildən başlayaraq müstəqil Azərbaycanı təmsil edən sərbəst güləş üzrə respublika yığma komandamızın üzvləri rəhbərliyim altında yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən Avropa, dünya çempionatlarında, Olimpiya Oyunlarında ümumilikdə 60-a yaxın medal qazanıblar. Bəli, qeyd etdiyiniz kimi, yüksək nailiyyət qazanmış idmançılardan 3 qat Avropa çempionu, 6 qat dünya çempionatının mükafatçısı, 1996-cı ildə Atlanta Olimpiya Oyunlarının gümüş mükafatçısı, 2000-ci ildə Sidney Olimpiya Oyunlarının çempionu Namiq Abdullayevi xüsusilə qeyd etmək olar. Onunla yanaşı, 2002-ci ildə Avropa çempionu Nazim Əlicanovu, 2003-cü ildə dünya çempionu və 3 qat Avropa mükafatçısı Arif Abdullayevi, 2 qat Avropa mükafatçısı Elman Əsgərovu və digərlərini də bu siyahıya əlavə etmək olar. Bundan başqa məşqçilik dövrümdə digər yaş qruplarında çıxış edən güləşçilər də Avropa və dünya birinciliklərində dəfələrlə mükafatalayiq yerləri tutublar.

- Uzun müddət yığma komandalarımızda çalışmış baş məşqçi kimi, necə düşünürsünüz əsl idmançı hansı keyfiyyətlərə malik olmalıdır?

- Fikrimcə, əsl peşəkar idmançı istedad və bacarığı ilə yanaşı, özünü hərtərəfli inkişaf etdirməlidir. İdmançı həm də böyük zəkaya sahib olmalıdır. Mübarizlik, komanda ilə birgə işləmək bacarığını inkişaf etdirməlidir.
Qeyd edim ki, hər zaman olduğu kimi, bu gün də milli komandaların idmançıları ilə ünsiyyətdə olur, onlara lazımi məsləhətlər verir, köməklik edirəm. Bir sözlə, çalışıram ki, öz təcrübəmi onlarla bölüşüm.

- Sizcə, idmançı kimi uğur qazanmaq daha asandır, yoxsa peşəkar idmançı yetişdirmək?

- Təbii ki, hər ikisi çətindir. Amma məşqçi kimi nailiyyət qazanmaq daha da çətindir. İdmançı kimi tək özünə cavabdeh olursansa, məşqçi kimi, bütün komandaya görə məsuliyyət daşıyırsan. Qələbələrim mənə hər zaman bu sahəni sevməyə, daha da həvəslə mübarizə aparmağa təkan verdi. Məğlubiyyətlə də rastlaşanda rəqibimdən revanş almaq üçün növbəti qarşılaşmanı səbirsizliklə gözləyirdim. Bir sözlə, məğlub olmağı sevmirəm. Məğlub olanda belə, tələbələrimlə çalışmışıq ki, bundan bir nəticə çıxaraq və növbəti görüşlərdə yalnız qələbə əldə edək.


Türkay Niftəliyeva

4582 oxunub

InvestAZ