XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



MOK-da "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib
Olimpiya Hərəkatı 12:55 / 04.03.2021


Martın 3-də Milli Olimpiya Komitəsində (MOK) "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib.
MOK-dan bildiriblər ki, komitənin baş katibinin müavini Azər Əliyevin sədrliyi ilə keçirilən iclasda komissiyanın 2020-ci il ərzində gördüyü işlər, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 2020-2025-ci illər üçün hazırladığı yeni strateji yol xəritəsi, Tokio-2020 Yay Olimpiya Oyunlarına dair təhlükəsizlik qaydaları, həmçinin komissiyanın 2021-ci il üzrə fəaliyyət planı müzakirə olunub.
BOK-un yeni - "Olimpiya gündəliyi 2020+5” strateji sənədi haqda komissiya üzvlərinə məlumat verən MOK-un marketinq idarəsinin müdiri Mehman Kərimov qarşıdakı 5 il ərzində Olimpiya hərəkatının beynəlxalq səviyyədə yol xəritəsi hesab olunan sənədin vacib məqamlarından danışıb. M.Kərimov bildirib ki, 15 tövsiyədən ibarət sənəd əsasən, 5 istiqamət üzrə qruplaşdırılıb. Onun sözlərinə görə, "Olimpiya gündəliyi 2020+5” sənədində xüsusi olaraq, ölkələr və cəmiyyətlər arasında həmrəyliyin artırılmasına diqqət çəkilib. Bundan başqa pandemiya şəraitində sürətləndirilən rəqəmsallaşma prosesindən kənarda qalmamaq tövsiyə olunur. Olimpiya dəyərlərini təbliğ etmək üçün rəqəmsal texnologiyalardan güclü bir vasitə kimi istifadə olunması vurğulanıb. Həmçinin strateji sənəddə BMT-nin davamlı inkişaf məqsədlərinə töhfə verilməsinin vacibliyi qeyd olunub. Daha bir istiqamət isə Olimpiya idman qurumlarına etibarlılığın artırılmasıdır. BOK pandemiyanın yaratdığı böhranın aradan qaldırılması ilə bağlı idman hərəkatının daha aktiv iştirakını vurğulayıb.
MOK-un beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov Tokio-2020 Yay Olimpiya Oyunlarının daha təhlükəsiz və uğurla həyata keçirilməsi üçün nəşr edilmiş "Playbook” haqda komissiya üzvlərinə məlumat verib.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq, bu il idman ictimaiyyətinin qatılacağı onlayn formatda konfrans keçirmək planlaşdırıldığını bildirib. F.Mansurov qadın idmançıların sayının artırılması ilə bağlı daha genişmiqyaslı təbliğat işlərinin aparılması haqda da tövsiyələr verib.
Komissiya üzvləri, o cümlədən "İdman hamı üçün” televiziya proqramının 2021-ci il fəaliyyətini də müzakirə ediblər.

45093 oxunub

InvestAZ