XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Şahin Musaoğlu: “Ola bilər ki, “Zəfər marşı”nı bir uşağın, şəhidin və ya şəhid anasının dilindən yazım”
Müsahibə 17:34 / 29.11.2020
Müharibə mövzusundan söhbət düşərkən, insanları savaşa səsləyən qəhrəmanlıq mahnıları da yada düşür. Ötən əsrin 90-cı illərində, Vətənimizin başı üzərində qara buludlar dolaşan vaxtda neçə-neçə vətənpərvərlik mahnıları yazıldı. İnsanları mərdliyə, şücaətə səsləyən bu mahnılar dillər əzbəri oldu. Onların arasında "İgid əsgər, möhkəm dayan”, "Vətən əmanəti”, "Cənab leytenant” kimi mahnıları xüsusi qeyd etmək olar. Adı çəkilən bu şedevr mahnıların müəllifi ixtisasca həkimdir. Söhbət Şahin Musaoğludan gedir. O, bir tərəfdən əsgərlərin yaralarını sağaldır, digər tərəfdən də mahnıları ilə onların ruhunu qidalandırır, mənəvi güc verir. Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri Şahin Musaoğlu ilə müsahibəni oxucularımıza təqdim edirik.

- Şahin müəllim, istərdik söhbətimizə xalqımızın 44 günlük haqq mübarizəsinin sonunda qazandığı zəfər təəssüratları ilə başlayaq. 30 il həsrət qaldığımız əzəli torpaqlarımız Ali Baş Komandanımızın və müzəffər Orumuzun sayəsində geri qaytarıldı. Sizcə, 30 ildən sonra Qarabağ bizi bağışladımı?


- Bu, bizim üçün çox böyük qələbədir. İllərlə böyük kürsülərdən bu məsələnin hərbi yolla həlli yoxdur deyənlərə 44 gün ərzində bunun əksini isbat etdik. Biz bir xalq olaraq bu 30 illik dövrün ağır sınağından şərəf və ləyaqətlə çıxdıq. Mənəvi gücümüzün, ruhumuzun nəyə qadir olduğunu, əxalqi keyfiyyətimizi dünyaya göstərdik. Birlik, bərabərlik, həmrəylik necə olur, onu hər kəsə nümayiş etdirdik. Ən əsası odur ki, biz qəhrəman xalq olduğumuzu bütün dünyaya sübut etdik. Qələbə bizi, biz də qələbəni qazandıq. Xalq olaraq 30 il ərzində, xüssilə də bu 44 gün ərzində apardığımız mübarizə göz önündədir. Hesab edirəm ki, Qarabağ bizi bağışladı. Biz Qarabağı qazanmağımızla yanaşı, Qarabağ da bizi qazandı.

- Siz ölkəmizdə həm hərbi-vətənpərlik mövzusunda mahnıların müəllifi, həm də həkim kimi tanınırsınız. Maraqlıdır, iki fərqli baxış bucağı bir zehində necə yuva qurub?

- Həkimlik sənəti bizdə irsidir. Belə ki, anam, dayım, xalam və babam həkim olublar. Həkimlik insandan fədakarlıq, xilaskarlıq, mərhəmət tələb edir. Fikrimcə, istər bəstəkarlar, istərsə də yazıçılar bəşəriyyətin ağrı-acılarına ortaq olmalıdırlar. Əslində, biz həkim və bəstəkar olaraq, müharibəyə meydan oxuyan insanlarıq. Biz sülh uğrunda, qan-qadanın əleyhinə olaraq savaşırıq. Amma bu gün bizim həkim və bəstəkar olaraq bir amalımız var idi. O da torpaqlarımızı düşmənlərdən azad etmək və bu yolda istənilən maneəni şərəf və qürurla aradan qaldırmaq.

-Yəqin ki, 90-cı illərdə olduğu kimi, bu müharibədə də cəbhədə yaralı hərbçilərimizə xidmət edirdiniz.

- Bəli, bu mənim peşə borcumdur. Biz həkimlər ilin əvvəlindən koronavirusla mübarizədə ön cəbhədə idik. Vətən müharibəsi başlayan gündən isə bizim üçün əsas cəbhə açıldı. Arxa cəbhədə virusdan əziyyət çəkənlərin, ön cəbhədə isə Vətən müharibəsində iştirak edən yaralı hərbçilərimizin sağlamlığının keşiyində dayanırdıq.

- Maraqlıdır, bir həkim kimi sizdə hərbi-vətənpərvərlik mövzusunda yazmaq eşqi necə yarandı?

- Həmin illərdən təxminən 30 il vaxt keçir. Demək olar ki, gəncliyimin ən məhsuldar illəri idi. İnstitutu yeni bitirmişdim. İki-üç il idi ki, həkim kimi fəaliyyət göstərirdim. Qarabağ müharibəsi başladı və bir də gözümü açdım ki, bu hadisələrin mərkəzindəyəm, orduya yazılmışam. Tez-tez cəbhə bölgələrinə gedir, əsgərlərimizlə görüşlər keçirirdim. Orada ilkin tibbi yardım göstərməklə yanaşı, əsgər və zabitlərimizdən müsahibələr də götürürdüm. Beləliklə, tale elə gətirdi ki, bu mövzuya müraciət etdim. Mən bunu özüm üçün tanrının bir lütfü hesab edirəm.

- "İgid əsgər, möhkəm dayan”. Belə möhtəşəm türkünün yaranması necə baş verdi?

- 1991-ci ildə I Batalyonun Şəhidlər Xiyabanında andiçmə mərasimi oldu və onları cəbhəyə yola saldıq. Həmin mahnının sözlərini də elə o hisslərin və təəssüratların altında yazdım. Əslində mahnının mətnini musiqi əsəri üçün fikirləşməmişdim. Sadəcə olaraq, həmin təəssüratların altında özüm üçün belə bir şeir yazmışdım. Amma bu yazdığım mətn məni qane etmədi. Fikir və düşüncələrimi sətirlərdə tam ifadə edə bilmədim. Dəfələrlə mətndə düzəlişlər etsəm də, heç bir fayda vermədi. Sonra bu mətnə musiqi bəstələməyi düşündüm. Bununla sanki rahatlıq tapdım. Çünki anlatmaq istədiklərimi musiqi vasitəsi ilə ifadə edə bildim. Musiqinin böyüklüyü də elə bundadır ki, insan sözlə çatdıra bilmədiyi fikirlərini, duyğularını musiqi ilə ifadə edir. Beləliklə, "İgid əsgər, möhkəm dayan” mahnısı istər poeziyada, istərsə də musiqidə təməl daşım oldu.

- Yəqin ki, razılaşarsınız, sizin mahnılarınız sanki bir-birini tamamlayır.

- "İgid əsgər, möhkəm dayan” mahnısından sonra, "Çağırır Vətən” mahnısını yazdım. Bu mahnı 1992-1993-cü illərin ən ağır, şiddətli döyüşləri zamanı yazılan musiqi əsəridir. Ümumiyyətlə, mənim mahnılarımda bir nisgil, kədər var. İndi mahnı yazmaq çox asandır. Çünki indi xalqımız, dövlətimiz və Ordumuz birlik nümayiş etdirir. Yaradıcı insanlar da bundan ilhamlanaraq yeni şeirlər yazır, mahnılar bəstələyirlər. O dövrdə isə hər şey tam əksinə idi. Ordumuz təzə-təzə formalaşırdı. Xainlik, satqınlıq və təşviş var idi. Bizim borcumuz o ağır günlərdə ön və arxa cəbhədə olan insanları ruhlandırmaq idi. Bütün bunların fövqündə dayanıb, o mahnıları yazmaq insandan cəsarət tələb edirdi. "Çağırır Vətən”dən sonra yazdığım "Ağ ümid” mahnısını isə ön və arxa cəbhədə fədakarlıq göstərən tibb işçilərimizə həsr etmişəm. Dördüncü mahnım "Vətən əmanəti” idi. Həmin mahnıda əvvəlki streotiplərdən fərqli olaraq, bu Vətənin bizə babalarımızdan əmanət olmasını gənclərimizə xatırladırdım. Bundan sonra Seyidağa Mövsümlünün xatirələri əsasında "Birinci batalyon” mahnısını yazdım. Qeyd edim ki, Seyidağa Mövsümlünün Vətən qarşısında xidmətləri çox böyük olub. O, xalq hərəkatını, 20 Yanvar faciəsini, Xocalı soyqırımını, bütövlükdə Qarabağ müharibəsini lentə alan ilk operatorlarımızdandır. Sonra "Qalx Azərbaycan” adlı əsər yazdım. Lakin sonradan onun adını dəyişib "İstiqlal marşı” qoydum. Onun ardınca isə "Cənab leytenant”, "Səma şahinləri” kimi mahnılar yarandı.

- Bəs mahnılarınızın əvəzolunmaz ifaçısı olan Şəmistan Əlizamanlı ilə tanışlığınız necə yarandı?


- Şəmistan Əlizamanlı ilə tanışlığım Müdafiə Nazirliyinin Tibb İdarəsində işlədiyim dövrlərə təsadüf edir. Onunla yaxın münasibətimiz Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin sayəsində oldu. Şəmistan Yusif Mirzəyevin səhhətini yoxlamağa gəlirdi. Orada tez-tez görüşürdük. Sonradan Şəmistanla birgə yaradıcılığımız başladı. Əvvəlcə, "İgid əsgər, möhkəm dayan” mahnısını təqdim etdik. Həmin mahnını Yusif Mirzəyevə həsr etsək də, təəssüf ki, o, şəhid oldu və bu mahnının studia variantını görmədi. Bundan sonrakı əsərlərmi də məhz Şəmistan Əlizamanlının səsinə uyğun yazdım. Biz çox yaxın dost idik. Buna görə də, birgə fəaliyyətimiz uzun müddət davam etdi.

- Dostluqdan söz düşmüşkən, bildiyimizə görə sonralar Şəmistan müəllimlə aranızda bir qədər soyuqluq yarandı. Yəqin ki, həmin mehribanlığınızı gözü götürməyənlər oldu.

- Əslində, elə bir soyuqluq olmayıb. Bu, sadəcə, bizi sevməyənlərin, yaradıcılığımızı istəməyənlərin fantaziyasıdır. Bir müddət musiqi yaradıcılığına fasilə verdim. Şəmistan Əlizamanlı isə yaradıcılığını davam etdirdi. Yeni mahnılar yazmadığıma görə, Şəmistan da digər bəstəkarlarla əməkdaşlıq etdi. O, özü də mahnılar bəstələyir. Biz tez-tez tədbirlərdə görüşürük, münasibətimiz də normaldır. Sadəcə, birgə yaradıcılığımız davam etmir.

- Bəs yenidən iş birliyiniz olacaqmı?


- Əgər hansısa bir əsər yazacağamsa və orada onun səsinə ehtiyac olacaqsa, sözsüz ki, o mahnını Şəmistan Əlizamanlı ilə birgə ərsəyə gətirəcəyəm. Bilmək olmaz, bəlkə, "Zəfər marşı”nı elə birlikdə yazdıq.

- İnşallah. Yeri gəlmişkən, "Zəfər marşı” ilə bağlı ilkin düşüncələr formalaşıbmı?

- Düzünü desəm, bu qələbə əsərini hələ yazmamışam. Qısa zaman ərzində ürəyimizdən keçən təəssüratları bir musiqi əsərinə çevirmək çox çətindir. Buna bir qədər zaman lazımdır. Ola bilər ki, "Zəfər marşı”nı bir uşağın, şəhidin və ya şəhid anasının dilindən yazım. Bu yaradıcılıq prosesindən asılı olacaq. Bu günlərdə "Zəfərin mübarək Azərbaycan” adlı yeni şeir yazmışam. Bu şeirə musiqi bəstələyirəm. Bundan əlavə paralel olaraq, hörmətli yazıçımız Anar müəllimin "Mən gedirəm Zəngilana” və Yunus Oğuzun "Dövlət mənəm” adlı şeirlərinə də musiqi bəstələyirəm. Yaxın günlərdə bu mahnıları xalqımıza təqdim edəcəyik.

- Qeyd etdiniz ki, bir müddət yaradıcılığınıza fasilə vermisiniz. Bunun səbəbi nədə idi?

- Düşünürdüm ki, "İgid əsgər, möhkəm dayan” mahnısından sonra elə bir əsər yazmalıyam ki, əvvəlki yazdıqlarımı ötüb keçsin. İçimdə bir qorxu var idi ki, yazdığım yeni əsərlər onlardan zəif ola bilər. Bu baxımdan da 10 ildən çox müddət ərzində daxilimdə özümlə savaş apardım. Əslində, məni hər zaman düşündürən bir məsələ olub. Müəyyən bir yaşdan sonra ilkin şöhrəti adlayıb, sənətə ikinci dəfə gəlmək, yəni özümü ötüb keçmək... Hər zaman istəmişəm ki, yaradıcı insan kimi, özümdə ikinci nəfəsi tapım. Hesab edirəm ki, daxilimdəki o əvvəlki məni üstələyə bildim.

- Bəs "İgid əsgər, möhkəm dayan” əsərini hansı mahnınızla ötüb keçdiyinizi düşünürsünüz?

- Hərdən elə olur ki, hansısa əsərin üzərində daha çox işləyirsən və ondan gözləntilərin çox olur. Amma ictimaiyyət onu gözlədiyin kimi qəbul etmir. Bu gün "Vətən əmanəti” mahnım digərlərindən daha çox səslənir. Tofiq Fikrətin "Millət şərqisi” şeirində diqqətimi çəkən "Can qardaşı, qan qardaşı, şan qardaşıyıq biz” sözlərinə yazılan mahnım da bu gün ölkəmizdə və Cənubi Azərbaycanda çox sevilir. Mən mahnılarımı, əsərlərimi öz övladım hesab edirəm. Ona görə də, mahnılarımın arasında fərq qoymuram. Hər şey təqdimatdan asılıdır. Bəzən bir mahnının sevilməsi üçün illər lazım olur. Məsələn "İgid əsgər, möhkəm dayan” mahnısı yazılan kimi şöhrət qazandı. Çünki həmin vaxt bir boşluq var idi və o mahnı həmin boşluğu doldurdu. Amma "Cənab leytenant” mahnısı isə axtardığı şöhrətini bir müddətdən sonra tapa bildi.

- Şahin müəllim, sizin müharibəyə səsləyən mahnılarınızdan ruhlanıb, cəbhəyə yollanan minlərlə gənclərimiz var. Həmin gənclərin şəhid olması və yaralanması xəbərini eşidəndə hansı hissləri keçirirsiniz?


- Belə hadisələr dəfələrlə olub. Hətta Müdafiə Nazirliyində çalışdığımız illərdə bir qadın Şəmistan Əlizamanlıya yaxınlaşaraq dedi ki, "ver mənim oğlumu. Oğlum sənin ifa etdiyin "İgid əsgər, möhkəm dayan” mahnısından sonra ruhlanaraq, müharibəyə getdi və şəhid oldu”. Şəmistan o qadına dedi ki, "mən bu mahnının ifaçısıyam”. Mən o qadını və Şəmistanı onda daha yaxşı anladım. Başa düşdüm ki, biz çox böyük məsuliyyətin altına girmişik. Amma bu həyatdır, biz olmasaq da bir başqası bu çağırışı etməli idi. Təəssüf ki, müharibə şəhidsiz olmur. Amma bütün bunlar insanın məsuliyyətini daha da artırır, özündən asılı olmayaraq, tez yaşlanırsan.

- Necə düşünürsünüz, xalqın bugünkü milli iradəsi, vətənpərvərlik ruhu 90-cı illərdən nə ilə fərqlənir?


- İstənilən müharibə hər zaman istər döyüş vasitələri və taktikasına görə, istərsə də sosial tərəfinə görə digərlərindən fərqlənir. Apardığımız birinci və ikinci Qarabağ müharibələri də, bu baxımdan tam fərqlidir. Əlbəttə, 30 il, böyük zaman kəsiyidir. Amma bu 30 il ərzində biz toparlanıb, iradəmizi ortaya qoya bildik. Bu gün biz həm hərbi, psixoloji, həm də siyasi və diplomatik tərəfdən üstünlüyü ələ ala bilmişik.

- Şahin müəllim, heç Olimpiya Hərəkatından və idmançılarımızın uğurlarından bəhs edən mövzulara toxunmusunuzmu?

- Düzdür, hələ ki, bu mövzu ilə bağlı hər hansısa bir əsərim yoxdur. Amma böyük məmnuniyyətlə belə bir əsər yazmaq istəyərdim. Çünki idmançılar da döyüşürlər, Azərbaycanın bayrağını yüksəklərə qaldırılar. Onlar da bizim fəxrimizdir, qürurumuzdur. Ətrafımda idmançıların az olmasından irəli gələn səbəblərə görə, bu mövzuya müraciət etməmişəm. Amma bildiyimə görə, bugün Vətən müharibəsində qazanılan uğurlarda idmançılarımızın da əməyi az deyil. İnşallah bu müsahibədən sonra böyük məmnuniyyətlə idmançılarımız haqqında da gözəl əsər yaradarıq.

Azər Əlizadə

31380 oxunub

InvestAZ