Xalq sınıq, yurd yaralı,üzülmüşdü əl dərmandan
Düşmən şıq, dost aralı,üzülərmi el Rəhmandan?
Mülk eşqi dünyadandı, Vətən eşqi din-imandan,
Çıxdı, Allaha şükür, qılınc qından, ox kamandan.
"Vaxtıdır, əsgər, irəli!" əmri gələn ilk zamandan,
Millət əsgərdi sizə, cənab Ali Baş Komandan.
Düşmənin vaxtı bitib,dövran bizim,çağ bizimdir,
Qarabağ Azərbaycan, "Qara"bizim, "Bağ"bizimdir,
Torpaqda ortaq olmaz,aran bizim,dağ bizimdir,
Bir ağacdır qocaman, rişə bizim,tağ bizimdir.
Düşmən dad etsə də, nə dağdan "Hay" var, nə ormandan,
Sizə millət güvənir, cənab Ali Baş Komandan.
Bizə bəs torpağımız, bundan artıq istəmirik,
Dağda-daşda yatarıq, özgə yastıq istəmirik,
Ağ gördük biz qatığı, qara qatıq istəmirik,
Azadlıq bütöv olur, yamaq, yırtıq istəmirik.
Qurtuluş qurtum deyil təşnə üçün gur ümmandan,
Xalq illər təsnəsidir, cənab Ali Baş Komandan.
Düşmən hər fitnəsinə on illərlə dəstək gördü,
Bu gün öz qarşısında dəstək deyil, dirsək gördü,
Başqa bir Azərbaycan, başqa amal,məslək gördü,
Rəhbərə milli inam, qələbəyə istək gördü.
Bu faşist xunta hələ doymayıbdır amma qandan,
Qan qusdur qurumsağa, cənab Ali Baş Komandan!
Xəstə xalqlar da olur, ən yamanı qonşudadır,
Yanaşı dayanmadı, ya dalda ya qarşıdadır,
Üstəlik,sükanı da bir nadanda, naşıdadır,
Elə divdir ki,canı şüşədə yox, Şuşadadır.
Asi bir tayfa üçün yox "atəşkəs" asimandan,
Sizə millət güvənir, cənab Ali Baş Komandan.
Söz var fikrin mələyi, söz var onun şeytanıdır,
Söz var qəlbin tıkanı, söz var gülü, reyhanıdır,
Haqqa uyğunsa kəlam, könül onun heyranıdır:
"Haqq bu ki,qisas yeri ancaq döyüş meydanıdır"
Qətlə qatildi məsul, öc alınmaz dinc yamandan,
Qalmasın həşrə qisas, cənab Ali Baş Komandan!
Otuz il bir qərinə, səbrə də hədd olmalıdır,
Xeyir şərlə yaşamaz, ortada sədd olmalıdır,
Millət artıq dikəlir, xalqda şax qədd olmalıdır,
Düşmənin mülkisi ram, ordusu rədd olmalıdır.
Nə çıxar yüz beynəlxalq qətnamədən ya fərmandan,
Sizə məxsusdur əmr, cənab Ali Baş Komandan.
Qəsbkara tam və qəti qələbədi muradımız,
Fəthə var iradəmiz, yox fatehə iradımız,
Sözü,imzası keçən qurumlarda var adımız,
İnşaallah, qışa qalmaz qələbə paradımız.
Yağı artıq yapışır silahdan çox hər samandan,
Müjdələr gözləyir xalq, cənab Ali Baş Komandan!
Bu,Vətən davasıdır, hər məskən səngərdi bu gün,
Bu,Vətən sevdasıdır, hər sakin əsgərdi bu gün,
Yurdun hər zərrəsi zər, zümrəsi zərgərdi bu gün,
Quduz it tək qovulan işğalçı ləşkərdi bu gün.
Yox mədəd Allahsıza fransızdan, ya almandan,
Sizi Allah qorusun, cənab Ali Baş Komandan!
Altay Cəmil