Hümbət Həsənoğlu
"Dəniz taksisi” adlanan motorlu qayıq Aralıq dənizinin sularını yararaq, irəliləyirdi. Türk qayıqçı hərdən geri dönüb, özlərini azərbaycanlı adlandıran iki sərnişinə şübhə ilə baxırdı. Kamera ilə bunlar qaranlıqda, bu dağların arasında nəyi çəkəcəkdilər? - Doktor, siz məni nə vaxt agah edəcəksiniz, biz bura Türkiyəyə niyə uçub gəlmişik? Məni əlimdəki bu peşəkər kameranı bir həftə ərzində öyrənməyi niyə təkid etdiniz və axşamçağı bu qayıqla hara gedirik? - Əzizim Eldar, bir azacıq da səbr elə, bir azdan lazım olan yerə çatacağıq. Yadındadirsa, keçən il mənin iki kitabım burada, Türkiyədə çap edilmişdi. Kitablarımın buradakı təqdimatı vaxtı "Fethiye Ədəbi Grubu”nun üzvləri, başda qrupun rəhbəri dostum Coşkun Karabulut olmaqla mənim şərəfimə indi gedəcəyimiz yerə dəniz turu təşkil eləmişdilər. Daxil olduğumuz bu körfəz "Ölüdəniz” körfəzidir. Bax, qarşıda üç tərəfdən dağlarla əhatə olunmuş, girişi yalnız dənizdən olan vadi var, -deyə o, uzaqlara maraqla baxdı. Hazırlaş, indi düşəcəyik. Kameradan ehtiyatlı ol. - Arkadaş,- deyə o, qayıqçıya səsləndi. Çox teşekkür ederim. Bizi burada bekleyin, rica ederim. Konuşduğumuz gibi, bir buçuq saatdan sonra bizi geriye götüreceksin. Qayıqçı razılaşdı. Onlar qayıqdan düşdülər. - Gəl Eldar, biz irəli, bu dağların arasında yerləşən dərəyə gedirik,- deyə doktor əlilə göstərdi. Çalış, mənim arxamca gəl, mənim fənərim güclüdür. Yolu yaxşı işıqlandırır. Beş dəqiqə dərənin içi ilə irəlilədikdən sonra cığır onları açıq bir talaya çıxartdı. Ətrafda tək-tük çadırlar qurulmuşdu. - Eldar, indi diqqətlə qulaq as. Dayandığımız yer Türkiyənin məşhur "Kəpənəklər Vadisi”dir. Dünyada cəmi dörd belə vadi var. Çində,Tailandda,Yunanıstanda və burada. Bu vadilər belə ona görə adlanır ki, burada milyonlarla kəpənək yaşayır. İndi aprel ayıdır, hələ kəpənək mövsümü deyil. Mövsüm mayda başlayır, sentyabrda qurtarır. Əgər mövsümdə bura gəlsəydik, hətta gecə burada ayaq basmağa yer tapmazdıq. Yaxşı ki, bəxtimizdən aylı gecədir. Fənərimi söndürürəm. Bu vadinin girişinin eni üç yüz metrdir. Ətrafdakı dağların hündürlüyü üç yüz əlli metr, dərənin uzunluğu bir kilometrə yaxındır. Dərənin sonunda iki kiçik şəlalə var. Məhz o şəlalənin şirin sularının hesabına ətraf, çox zəngin bitki örtüyünə bürünüb. Çox hündür olmayan ağaclar və çoxlu gül kolları var burada. Havanı iylə. Çox əsrarəngiz iylərdir, elə deyilmi?
- Elədir doktor. - Məhz bu zəngin bitki örtüyünə görə, burada milyonlarla kəpənək yaşaya bilir. Hə, indi səni bura gətirməyimin səbəbinə yaxınlaşıram. Eldar, mən tələbə olanda yoqa təlimi ilə maraqlandım, xüsusən də onların levitasiya eləmək qabiliyyəti məni çox düşündürürdü. Levitasiya insanın yerin cazibə qüvvəsini dəf edib, yerdən aralanmasıdır. Təkcə yoqlar yox, hətta bəzi insanlar da bunu bacarıblar... Tarixdə belə faktlar haqda çox yazılıb. Məsələn, yoqlar mağaralarda bunu rahat edə bilirlər. Elm, levitasiyanı inkar eləmir. Fizika elmi deyir ki, maqnit sahəsi ilə yerin cazibə qüvvəsini tarazlaşdırıb, yerdən aralanmaq olar. Eyni zamanda bioqravitasiya sahəsində insanın öz beynində enerji əmələ gətirmək qabiliyyəti də vacib şərt kimi göstərilir... Mən qalaq-qalaq kitablardan öyrəndiyim təlimə əsasən dəfələrlə yerdən aralanmağa cəhd eləmişəm. Bir neçə dəfə mənim ayağım yerdən aralanıb, amma bu məndə bir neçə saniyə olub. Keçən il türk yazar dostlarımla bura gələndə, buraların levitasiya üçün ideal yer olduğunu gördüm. Diqqət ver, bizim hər tərəfimiz dağlardır, faktiki olaraq biz daş kisənin içindəyik. Əslində bura üstüaçıq nəhəng mağaradır. Mağarada uça bilən yoqlar haqqında da bayaq dedim sənə.
- Bəli, dediniz doktor. - Eldar, sən kameranı hazırla, onun özünün işığı var. Əlavə mən öz fənərimi də bu kolun üstünə yerləşdirərəm, məncə işıq kifayət eləməlidir. - Doktor, siz məni çox təəccübləndirirsiniz, - deyə Eldar ona diqqətlə baxdı. Belə çıxır ki, siz indi, burada uçmaq istəyirsiniz? - Hə, hə Eldar. Mən öz gənclik arzumu yerinə yetirmək istəyirəm. Məncə kəpənəklər də buranı elə-belə seçməyiblər. Onlara burada uçmaq çox asan olmalıdır, düşüncəmə görə... - Doktor, siz də kəpənək kimi uçmaq istəyirsiniz, - deyə Eldar ona daha maraqla baxdı. - Eldar, əgər bu alınsa və sən bunu kameraya çəkə bilsən, bilirsən biz "Fethiyəlilər”ə necə böyük hədiyyə etmiş olarıq? Həm də bunu eşidən və bura bütün dünyadan gələn turistlərin sayı dəfələrlə artar. Çünki bundan sonra hamı gəlib burada uçmaq istəyəcək,- deyə doktor birdən-birə xəyalında ətrafında uçan insanları canlandırdı. Sonra xəyaldan ayrılıb, Eldara müraciət elədi. Kameranı hazırla, obyektivi ayağıma yönəlt, amma elə et ki, bütün bədənim də düşsün. - Doktor, vallah mən çox həyəcanlanıram. Bu, mümkündürmü? - Eldar, bax elə bu səbəbdən sənə bu vaxta qədər sirri açmadım ki, narahat olmayasan, həm də tərəddüdün içində qalmayasan.
- Başa düşdüm doktor. - Eldar, hazır olanda de. - İki dəqiqəyə hazır olacam. Bu vaxt mən, talanın ortasında dayanıb, meditasiyaya başladım. - Mən çəkməyə hazıram doktor. - Yaxşı. - Doktor, çəkirəm, - deyə Eldar kameranı ona tuşladı. Vay, doktor, siz qalxırsınız! - Eldar, çək. Bax mən yerdən artıq aralanmışam, ayağımın altını çək. Bax, özümü içimdəki enerji ilə döndərməyə çalışacağam. Sənə tərəf dönürəm, alınır, görürsən? - Çəkir kamera? - Əlbəttə, çəkir. Doktor, gözlərimə inana bilmirəm!.. - Çəkirsənmi? - Hə, doktor,çəkirəm. - Tələsmə, rahat çək. Sonra, sonra enerjimin azaldığını hiss edirəm, yavaş-yavaş enirəm. - Alındı! Alındı!.. Biz Türkiyənin "Kəpənəklər Vadisi”ndə levitasiya etdik! Əzizim Eldar, onu bil ki, biz, bu axşam burada səninlə tarix yazdıq! Çoşkun bəy, onun gözəl həyat yoldaşı Füsun xanım və bu ətrafda yaşayan onlarla dostlarımız bizim bu əməlimizə əvvəl çox təəccüblənib, sonra da sevinəcəklər! Sevinəcəklər!.. Amma heyif ki, bu gün zəng gəldi və təcili evə dönməliyik, Fethiyəli dostları görə bilməyəcəyik. Lakin tezliklə çəkdiyimiz süjetlə bura qayıdıb Fethiyenin mərkəzində şənlik qurarıq,- deyə doktor sevinclə ucadan dedi. ... Dalaman hava limanı. Təyyarəyə minməyə bir saat qalıb. - Eldar, çəkdiklərimizə kameranın ekranında baxa bilərikmi? Qaçhaqaçda çəkdiyimizə hələ baxmamışıq. - Baş üstə doktor, indi baxarıq. - Eldar, on dəqiqə keçdi, nə problem var,- deyə doktor səbirsiz Eldara baxdı. - Doktor, faciə baş verib... - Nə faciə, nə olub? - Mən kameranın bəzi düymələrini səhv saldığımdan çəkdiklərimiz yazılmayıb. - Nə pis oldu. İndi nə edək,- deyə doktor bir an peşiman və pəjmürdə oldu. Sonra tez özünü ələ aldı. Eybi yox, Eldar, olana güzəşt deyib, babalarımız. Bəlkə elə belə yaxşıdır. Coşkun bəylə, Füsun xanım və digər dostlarımız eşitsəydilər ki, mən Fethiyədə olub onları görməmişəm, böyük dava düşəcəkdi, - deyə doktor özünün tam sakitləşdirdi. Eybi yox. Gələn dəfə "Sumqayıt Dostlar Klubu”nun və "Fethiye Edebi Grubu”nun üzvlərinin birgə iştirakı ilə mən "Kəpənəklər Vadisi”ndə levitasiyanı təkrar edərəm. Hamıya uçmağı öyrədəcəm! Onsuz da, bu yazarların hər birinin içində olan qanadları uçmağa həmişə hazır vəziyyətdədi.
Sumqayıt şəhəri.
Aprel- 2020-ci il.
54682 oxunub