XƏBƏR LENTİ
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



Xocalı faciəsi - qan yaddaşımızdır
Gündəm 09:10 / 26.02.2019


Xalqımız əsrlərdir zorla cəlb edildiyi bəladan qurtula bilmir. Bu xalq illərdir axşamlarının harda düşdüyünü, sabahlarının nə zaman açıldığını unudub. 1988-ci ildən bugünə qədər Ermənistan beynəlxalq qanunları və müharibə şərtlərini pozaraq işğal etdiyi ərazilərimizdə yerli əhaliyə amansız divan tutub, qətliam yaradıb. Azərbaycanın ən bərəkətli torpaqlarında, təbiəti göz oxşayan yurd yerlərində təəssüf ki, xain xislətli türk düşməni ermənilər məskunlaşıblar. Belə yurd yerlərindən biri də Qarabağdır. Azərbaycanın dilbər guşələrindən birində, Qarabağın Dağlıq hissəsində Xocalı adlı bir yaşayış məskəni vardır. Əsrlərin dərinliklərindən gəlirdi onun səsi. Neçə-neçə arxeoloji qazıntılar nəticəsində 6000 il bundan əvvələ aparıb çıxaran sübutlar, dəlillər aşkara çıxarılmışdır.
Xocalı öz abidələrinin növləri, onların xarakterik xüsusiyyətləri və maddi-mədəniyyət qalıqlarının zənginliyi etibarilə hələ keçən əsrdən dünya alimlərinin diqqətini cəlb etmişdir. Bu abidələrlə alman arxeoloqu E.Resler, rus şərqşünası M.Xanıkov, ingilis F. Bayer, fransız A.Berje və başqaları tanış olmuş və oradan tapdıqları əşyaları öz ölkələrinə apararaq, ayrı-ayrı muzeyləri bəzəməyə çalışmışlar. Təəssüf hissi ilə deməliyik ki, 1992-ci ilin fevralında erməni və rus ordusunun birləşmiş qoşunları Xocalı əhalisini vəhşicəsinə qırarkən, hərbi texnika ilə genosidin ən iyrənc mərhələsi olan izi məhv etmək kimi mənfur bir əmələ əl atmış və bəşəriyyət üçün nadir abidələr toplusu olan Xocalı abidələrini dağıtmışlar.
Azərbaycan alimləri tərəfindən Xocalı abidərinin tədqiqinə 1920-ci illərdə başlanmışdır. Burada ilkin tədqiqat işləri aparmış Azərbaycanın görkəmli alimi Ə.Ələkbərov Xocalı abidələri kompleksini Azərbaycan abidələri haqqında təsəvvür əldə etmək üçün açar adlandırmışdır. Xocalı abidələri içərisində nadir yadigarlardan biri də kromlexlərdir. Kromlex dairəvi düzülmüş bir neçə dik və onların üzərinə qoyulmuş bir ədəd köndələn daşdan ibarətdir. Yenə də ibtidai dini əqidənin məhsulu olan bu abidə dindarlar arasında axirət evi adlanır.
Nəhayət göstərməliyik ki, Azərbaycanda ən qədim yazı da məhz Qarabağda aşkar edilmişdir. Xocalıda tədqiq olunan 11 saylı kurqandan üzərində mixi yazısı olan bir ədəd kiçik muncuq tapılmışdır. Akademik İ.İ.Meşşaninov müəyyən etmişdir ki, bu muncuğun üzərində eramızdan əvvəl VIII əsrdə yaşamış Assuriya çarının adı yazılmışdır. Bu yazı təkcə Qarabağın deyil, eləcə də bütün Azərbaycanın siyasi tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir.
1992-ci ilin fevralında gecə erməni və rus ordusunun birləşmiş qoşunları tarixi yaşadan, keşik çəkən Xocalı əhalisinə vəhşicəsinə divan tutublar. XX əsrdə Xocalı faciəsindən əvvəl iki yaşayış məntəqəsi eyni aqibətə uğramış, eyni metodla yer üzündən silinmiş, sakinləri məhv edilmişdi. Bunlardan birincisi Belarusun Xatın kəndidir. 1941-ci ildə nasistlər Xatın kəndini tamamilə yandırmış, dinc sakinləri soyuqqanlıqla məhv etmişlər. Buna bənzər ikinci hadisə Vyetnam müharibəsi zamanı baş verib. Yankilər Sonqmi kəndini və sakinlərini partizanlara dəstək vermək bəhanəsi ilə böyükdən-kiçiyə qədər bütünlüklə məhv etmişlər.
Bu iki hadisə müharibə tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur. Lakin onlar Xocalı faciəsi ilə müqayisə oluna bilməzlər. Bu iki kənd olsa-olsa, Xocalıdan əvvəl viran edilən, sakinləri qətl edilən beş Azərbaycan kəndi - Bağanis-Ayrım, Kərkicahan, Meşəli, Cəmilli və Malıbəyli ilə müqayisə edilə bilər. Çünki dünya tarixində tayı-bərabəri olmayan Xocalı soyqırımı miqyasına və böyüklüyünə görə onların hamısından daha dəhşətli, daha müdhişdir.
1990-cı ilin qanlı Yanvar hadisələrindən sonra Azərbaycan xalqı 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə tarixə ən dəhşətli faciələrdən biri kimi daxil olmuş Xocalı soyqırımının şahidi oldu. Xocalıya qədər Kərkicahan dağıdıldı. Malıbəyli, Meşəli, Quşçular, Daşaltı viran qoyuldu. Ölənlərin, itənlərin sayı qat-qat çoxaldı, lakin o vaxt Azərbaycan dövlətinin başında duranların tükü belə tərpənmədi. Ataların bir misalı var: "Arxalı köpək qurd basar”. Özlərinin Rusiya kimi arxası olduğunu görən ermənilər dünya tarixində misli olmayan növbəti cinayəti hazırladılar.
Fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Erməni faşistləri döyüş tanklarının və transportyorların köməyi ilə şəhərə soxularaq, onu tamamilə yandırdılar. Azğın düşmən bununla kifayətlənmədi. Yüzlərlə qocanın, qadının, uşağın meyiti yollarda qaldı. Bu faciə nəticəsində 613 nəfər şəhid oldu. - onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qocadır. Bu faciədə 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi, 130 uşaq valideynlərindən birini itirdi. 487 nəfər yaralanmışdır ki, onlardan 76 nəfəri uşaq idi. 1275 nəfər əsir götürülüb, 203 nəfər itkin düşüb. İtkin düşənlərdən 22 nəfəri uşaq (8 nəfər qız), 42 nəfəri isə qocalar idi. Hadisələri ilk olaraq vidiolentə olan jurnalist Çingiz Mustafayev qeyd edirdi ki, "öldürülənlər içərisində 2 yaşından 15 yaşına qədər olan uşaqlar əksəriyyət təşkil edirdi”.
Sağ qalan 6 minə yaxın Xocalı sakini respublikanın 50-yə yaxın şəhər və rayonlarında qaçqın statusu altında yaşamağa məcbur oldu, öz vətənlərində talelərinə məcburi köçkün həyatı yaşamaq yazıldı. Bundan başqa şəhərdə olan dövlət və şəxsi əmlak talan edilərək yandırıldı və dövlətə külli miqdarda ziyan vuruldu.
Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır. Məlumata görə, Xocalı ərazisində, daha dəqiq desək, Xanabadla Daşbulaq kəndləri arasında ilk səyyar "ölüm ocaqları” 1992-ci il fevralın 28-i saat 14.00-da salınıb. Birinci dəfə 46 meyit yandırılıb. Ertəsi gündə 28 uşaq və hamilə qadının meyitlərindən ocaq qalanıb. 1988-ci ildən 1989-cu ilədək Çuvaşiyanın Çeboksarı şəhərində, Çapayev qəsəbəsində yaşayan və V.İ.Çapayev adına hərbi zavod dəftərxanasında çalışan, ixtisasca filoloq olan Akop Arakilov (Bu zavod Dağlıq Qarabağ istiqamətində erməni hərbi terrorçu birləşmələrinə "Alazan” raketi satmaqla məşğul idi. Təkcə 1992-1993-cü illərdə bu zavoddan Xankəndiyə 98 ədəd "Alazan” raketləri satılıb) 1998-ci ildə Parisdə dərc etdirdiyi "Qarabağ qeydləri...” kitabında yazır: "...Meyitləri yandırmaq haqqında təsəvvürüm yox idi. Mən zavodda işləyərkən, yanıma gələnlər danışırdılar ki, Xocalıda ölənlər üçün qəbiristanlıq deyilən ərazi yoxdur... Dəfn olunmuş adamları gecə çaqqallar və itlər eşib çıxarırdılar. Hərbi həkim Smbat Mirzoyanın tapşırığı ilə meyitlərin yığılıb yandırılıması qərara alındı... Mən "Alazan” üçün zavoda gələn zabitə sual verdim: "Bəs yaralılar? Bəs əsirlər?” Zabit Çebotaryan adlı ellim mənə anlatdı ki, yaralılar da öldürülmədən tonqallara atılır. Bundan sonra mən daha zavodda qala bilmədim... Erməniləri və Ermənistanı, Dağlıq Qarabağı bir daha görməmək üçün oranı tərk etdim...”.
Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara - Cenevrə konvensiyasına, Ümumdünya İnsan Haqları Bəyannaməsinə, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Sazişə, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafıəsi Bəyannaməsinə, həyasızcasına məhəl qoyulmamasıdır.
Xocalı sakinlərinin, elə bütöv müstəqil Azərbaycanın da ümidlə baxdığı Ali Baş Komandan, Prezident İlham Əliyevin düzgün və müdrik siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad olunacığı gün uzaqda deyil. İnanırıq ki, şəhidlərimizin qanı yerdə qalmayacaq!

Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru,
professor

57073 oxunub

InvestAZ