İdman 13:40 / 09.03.2026
Bayram Heydər oğlunu özündən böyüklər də tanıyırdı, sevirdi, kiçiklər də. Bayram böyüklərin kiçik qardaşıydı, kiçiklərin böyük qardaşı. Böyüklərlə də ədəb-ərkanla davranırdı, kiçiklərlə də. Bunu hamı duyurdu, görürdü, digərlərinə nümunə göstərirdi.
Zəngilan şəhərində Heydər dayının evi stadionun yaxınlığındaydı. Burada keçirilən müxtəlif yarışlara camaaat axın-axın gəlirdi, yaxınlıqda bulaq olmadığından susayanlar yaxınlıqdakı evlərin qapısını döyürdü, su istəyirdi.Heydər dayının qapısını Zəngilanlılar həmişə ərklə döyərdi. Bu qapıdan heç kim naümid qayıtmazdı. Təkcə suya görə deyil, istənilən təmənnaya görə; Heydər dayınınn evinin hamının üzünə açıq olan qapısının arxasında heç kim qədərindən çox dayanmazdı. Onsuz da həmişə hamının üzünə açıq olan qapı bir-iki döyülüşdən sonra açılardı. Xatırlayıram: Zəngilanda belə qapılara səxavət qapısı deyərdilər...
Bayram ata öyüdləriylə, ana nəsihətləriylə bu ailədə böyümüşdü, formalaşmışdı, yeniyetmələşmişdi. Yaşıdlarından heç nə ilə fərqlənmirdi. Həyətləri yamyaşıl və güllü-çiçəkli olardı. Bu yaşıllıq, gülzarlıq onun ruhunun səmtini müəyyənləşdirirmiş. Gözəlliyə, təbiətə, təbiətin timsalında insanlara sevgisi formalaşırmış. Bayram yaxşı oxuyurdu, həm də gücü çatdığı işin qulpundan yapışırdı...
Əlaçı idi, müəllimləri deyirdi ki, məktəbin, sonradan rayonun ictimai həyatında Bayramın fəallığı aşağı siniflərdən sezilirdi. Stadionun yaxın olması onda idmana da maraq oyatmışdı. Lakin bu maraq onun həyat tərzinə çevrilmədi, asudə vaxtlarının zaman ortağı oldu. Mütaliəni sevən, oxuduqda düşüncələri formalaşan Byaram həyatın fəlsəfəsini dərk etməyə meyilli idi və bu meyil onu kitablar dünyasının aludəçisi eləmişdi. Ədəbiyyatı da sevirdi,tarixi də sevirdi, ingilis dilini də. 50-55 il əvvəl soruşan olsaydı ki, hansı dilin cəfakeşi olmaq istəyirdin, Bayram tərəddüd etmədən deyərdi: Ana dilimin, öz ədəbiyyatımızın. İngilis dilinə marağım da Azərbaycan dilinə sevgimin təzahürüdür. İmkanım olsa, niyyətimə çatsam Azərbaycanlı yeniyetmələrin, gənclərin həm də ingilis dilini mükəmməl bilmələrinin cəfakeşi olacam. Niyyətinə çatdı...
Bayram Məmmədov SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universitetinin) ingilis dili fakültəsinin ingilis-azərbaycan dilləri şöbəsinə qəbul olundu. Oxudu, ali təhsil aldı. Təyinatla Zəngilana qayıtdı. Müəllim işlədi. İllərin o üzündən boy göstərən niyyəti gerçəkləşmişdi...
Sözə vurğunluğu onu söz yolunun yolçusu eləyibmiş; rayon qəzetində ("Kənd həyatı”, sonradan "Zəngilanın səsi”) kənd təsərrüfatından, digər sahələrdə aparılan quruculuq işlərindən məqalələr yazırdı. Komsomol, partiya işçisi kimi kəndlərə, təsərrüfatlara səfərləri həm də maraqlı və düşündürücü məqalələrlə nəticələnirdi.
Ermənistan Azərbaycana qarşı elan etmədən müahribəyə başlayanda digər sərhədyanı rayonlarda olduğu kimi Zəngilanda da ərazi özünümüdafiə taboru yaradılmışdı. Taborla bir sırada əhali də Zəngilanı qoruyurdu. Bu taborun komandiri Bayram Məmmədov idi. Döyüşənlər ona inanırdı. Onun söhbətləri əsl vətənpərvərlik dərsləri olurdu. Döyüşçülərin döyüş əzmini, qələbə ruhunu daha da yüksəldən bu söhbətlər Zəngilanın müdafiəsində olduqca əhəmiyyətli olurdu…
Rayonu müdafiə etmək mümkün olmadı…
Bayram Məmmədov xidmətini əvvəlcə Silahlı Qüvvələrin Arxa Cəbhəsində, sonra Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində davam etdirdi. Ordu sıralarından tərxis edildikdən sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dillər kafedrasının rəis müavini - baş müəllimi, milli təhlükəsizlik və humanitar elmlər kafedrasının xarici dillər silsiləsinin rəisi – dosent və xarici dillər bölməsinin baş müəllimi-bölmə rəisi işlədi. Daha sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzinin Roman-German dilləri bölməsinin baş müəllimi vəzifəsində çalışdı. Hərbi Akademiyada ingilis dilinin daha səviyyəli tədrisi, dilin müdavimlərə daha əhatəli mənimsədilməsi məqsədi ilə dəfələrlə xarici dövlətlərə yaradıcılıq ezmiyyətlərinə göndərildi. Müəllimlik səriştəsi Azərbaycan Ordusunun zabitlərinin ingilis dilini öyrənməsində, təkmilləşməsində, daha yüksək səviyyədə mənimsəməsində gərəkli pedaqoji vasitə oldu. Müdafiə Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona "Əməkdar müəllim” fəxri adı verildi.
Hər iki dilə yüksək səviyyədə vaqif olmayan lüğət tərtib edə bilməz. Lüğət tərtib edən mütəxəssis dillərin hər ikisinin zəngin söz tərkibinə olduqca geniş səviyyədə bələd olmalıdır, yoxsa belə bir işi uğurla yerinə yetirmək mümkün deyil. Bayram Məmmədovun tərtib etdiyiingilis dilində "Hərbi qısaltmalar lüğət"i ordumuzun zabitlərinə əhəmiyyətli dərəcədə gərəkli oldu. "Azərbaycanca-ingiliscə, ingiliscə-azərbaycanca hərbi-siyasi lüğət" də hazırladı. Mütəxəssislər bu lüğəti dilçilik elmi üçün olduqca əhəmiyyətli iş adlandırıb. Bu lüğətlər Azərbaycan Ordusunun zabit korpusunun hərbi bilikləri daha mükəmməl mənimsəməsində gərəkli oldu...
Bayram Məmmədov Milli Məclisdə işləyir...
İstefada olan polkovnik-leytenant, Əməkdar müəllim Bayram Məmmədov mətbu yaradıcılıqla da məşğuldur. Rayonumuzun həyatından, tanınmış ziyalılarından, əmək, elm adamlarından, müxtəlif vəzifələrdə işləyənlərdən yazdığı məqalələr onun həm yaradıcılıq manifestidir, həm də vətənpərvərliyinin hesabatıdır.
70 Bayram Heydər oğlu Məmmədovun özünün yaşıdı, onun ürəyinin yaşı daha möhtəşəmdir. Vətənə xidmətinə görə!
Mahir CAVADLI,
İstefada olan polkovnik