XƏBƏR LENTİ
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



Sürətə dəstək verənlər heç vaxt unudulmur
İdman 13:58 / 10.12.2024

Formula 1-də hansı marka daha məşhurdur?

Məlumdur ki, Formula 1 yarışları dünyanın ən bahalı idman mübarizəsi kimi daim liderlik edir. Sürətin dəyişməyən formulasına sponsorluq etmək böyük maliyyə hesabına başa gəlir. Formula 1-in rəsmi internet səhifəsində yer alan xəbərə görə, təkcə ötən il 300 şirkət və 10 brend bu yarış üçün külli-miqdarda vəsait xərcləyib. Müqayisələrə görə bu rəqəm 10 il əvvəlki rəqəmdən iki dəfə çoxdur.
Formula 1 yarışlarında 2006-cı ildə tütün məmulatlarının təbliği qadağan olundu. Çoxları düşünürdü ki, yarış üçün böyük təhlükə yaranacaq. Lakin telekommunikasiya şirkətlərinin və proqram təminatçılarının Formula 1 avtomobilləri ilə əməkdaşlığı vəziyyəti müsbətə doğru dəyişdi. Dörd çarx üzərində sürət mübarizəsində elə sponsorlar da oldu ki, hələ də yerini qoruya bildi. Bolidlər üzərində bir zamanlar diqqət çəkən sponsorların bəziləri qalır, bəziləri isə xatırlanır. Yerli KİV-lər arasında Formula 1 haqqında ən çox məlumat verən və öz səhifələrində silsilə yazılar dərc edən "Olimpiya dünyası” qəzetinin bu sayında həmin sponsorlardan bəhs edən yazını çoxsaylı oxucularımıza təqdim edirik.

"Red Bull”
"Qırmızı öküzlər” kral yarışlarında qısa müddət ərzində böyük nüfuza sahibi oldular. Şirkət ilk dəfə 1987-ci ildə yaradılıb. Yarandığı gündən iki il sonra keçmiş "Ferrari” pilotu Gerhard Berger "Red Bull”un idman dünyasında ilk səfiri seçildi. Bolidlərin yan hissəsində sarı günəş fonunda yer alan cüt "qırmızı öküzlər” ilk dəfə 1995-ci ildə görünməyə başladı. İctimaiyyət həmin loqotipi "Sauber” komandasının avtomobillərində gördü. Sonradan bu loqotip "Arrows” və "Jaguar” avtomobillərini də bəzədi. 2005-ci ildən isə Avstriya şirkəti əvvəlcə iki komandanın da sahibinə çevrildi. Mütəxəssislər düşünürlər ki, "Oynaq obrazdan tam hökmranlığa qədər!” - şüarı altında "Red Bull” Formula 1 tarixində əbədi olaraq qalacaq.

"Benetton”
"Benetton”u bəzən "Red Bull” ilə müqayisə olunur. Geyim istehsalçısı olan bu şirkətə Formula 1-ə sponsor kimi gəlsə də, sonradan səhm sahibinə çevrildi. Formula 1-in marketinq potensialından maksimum istifadə edən "Red Bull”dan fərqli olaraq, "Benetton” heç vaxt Formula 1 traslarından mağazalarına qədər aydın müştəri kütləsi toplaya bilmədi. Lakin "Benetton” azarkeşlərin yaddaşında və Formula 1 tarixində hər zaman qalacaq. Çünki onlar insanlara şüuraltı nüfuz edə biliblər.

"Petronas”
Malayziyanın neft-qaz şirkəti 1995-ci ildən Formula 1-də reklam sektoruna daxil olub. "Red Bull” ilə birlikdə "Sauber”ə qoşulan "Petronas” 2009-cu ilə qədər diqqət mərkəzində oldu. İsveçrə komandasının zəifləməsi ilə Malayziya brendi tərəfdaşlığı pozmaq üçün əla bir imkan əldə etdi. "Petronas” baş sponsor olmaq üçün yeni perspektivli layihə istiqamətində "Mersedes”ə qoşuldu. Yeni tərəfdaşın dəstəyi altında Lyuis Hemilton və Niko Rosberqin yeddi çempionluğu qeydə alındı.


"Mobil 1”
ABŞ-ın "ExxonMobil” şirkətinin avtomobil yağı markası 1970-ci illərin ortalarında meydana çıxıb. "Mobil 1” loqosu NASCAR və Avstraliya V8 Supercars çempionatında kifayət qədər diqqət çəkdi. Lakin hədəf ilk növbədə Formula 1-ə yönəlmişdi. Şirkət qısa zaman ərzində "Arrows”, "Benetton”, "Red Bull”, "Toyota”, "Force İndia”, "Brown” ilə əməkdaşlığa başladı. ABŞ markasının ən uğurlu əməkdaşlığı isə "McLaren”lə həyata keçdi. Britaniya avtomobillərinin ağ-qara estetikası "Mobil 1” loqosunun ciddi dizaynını mükəmməl şəkildə tamamlayır. Bu loqo heç vaxt titul markası olmasa da, tərəfdaşı olduğu komandaların uğurları zamanı diqqətdən yayınmır.

"Shell”
Britaniyanın neft-qaz şirkəti həmişə avtomobil yarışlarında əsas sponsorlardan biri olub. Məlumdur ki, Formula 1 yarışları 1950-ci ildən etibarən keçirilir. Buna qədər dörd çarx üzərində keçirilən yarışlarda "Shell” etibar qazana bilmişdi. Yəni neft-qaz şirkətinin yarış komandaları ilə əməkdaşlığı daha əvvəl başlayıb. Bu markanın tarixində əsas komanda əlbəttə ki, "Ferrari”dir. "Ferrari” və "Shell” arasında müqavilənin yenilənməsi ilə bağlı press-relizdə deyilir ki, bu əməkdaşlıq 1929-cu ilə təsadüf edir. İtaliyalı mütəxəssis Enzo Ferrari yenicə yarış komandası yaradarkən, "Shell” birgə iş üçün onunla ortaq məxrəcə gəlib. "Shell” loqosu qırmızı avtomobillərdə 80 ildir qalır. İtaliyanın 1926-cı ildən fəaliyyət göstərən eyni sahə üzrə brendi "Agip” isə "Shell”ə bacarmır. İtaliya şirkəti cəmi 20 il rəqabətə davam gətirə bildi. "Ferrari”ni itirən şirkət öz loqolarını "Tyrrell”, "Forti”, "Lola” və digər komandaların avtomobillərinə yapışdırdı. 1984-cü ildən 1994-cü ilə qədər "McLaren” ilə əməkdaşlıqda keçən 10 il "Shell” üçün çox məhsuldar oldu. Lauda, Prost və Senna üçün yeddi çempionluq, konstruktor çempionatı altı qalibiyyət bunun bariz nümunəsi oldu. Bununla da "Shell”i dünya çempionatı tarixində ən uğurlu sponsor adlandırmaq olar.


"Johnnie Walker”
Şotlandiyanın ən məşhur viski markalarından biri olaraq "Diageo” spirtli içkilər imperiyasının bir hissəsinə aiddir. Bu marka içkilərin premium statusunu gücləndirmək məqsədilə "Keep Walking” marketinq kampaniyası ilə Formula 1-ə daxil olub. Bu layihənin həyata keçməsində avtomobillərin yüksək texnologiyalı rəngləri çox müsbət nəticə verdi. Brend loqosu ilk dəfə 2005-ci ildə "McLaren”in bolidləri üzərində görünməyə başlayıb. Tərəfdaşlıq 10 ildən çox davam etdi. Bununla da "McLaren” dövrünün sinoniminə çevrildi. Bu brend altında Lyuis Hemilton 2008-ci ildə ilk tituluna, "Renault” və "Ferrari” ilə 2006-cı ildə Kimi Raykkönenin mübarizəsinə və başqa hadisələrə şahidlik etmişdi.

"Mild Seven”
Bu tütün markası Formula 1 tarixində öz dəsti-xətti ilə xatırlanır. Onlar böyük pullar xərcləyib "Benetton” bolidlərinin açıq göy, "Renault”un isə mavi və sarı rəngi üzərində adını həkk etmişdi. Brend 1994-cü ildə "Benetton” ilə əməkdaşlığa başlayıb, "Camel”in yerini tutub. Elə həmin il komanda yüksəlişlə yadda qaldı. Əfsanəvi Mixael Şumaxer ilk çempionluq titullarını məhz "Mild Seven” rəngində qazandı. Ən gənc dünya çempionu Fernando Alonsonun on ildən sonra qazandığı qələbələrlə pay sahibi oldu. Marka tərəfdaşlıq etdiyi komandalara sona qədər sadiqlik nümayiş etdirdi. Marketinq tərəfdən şirkət öz məqsədinə nail olmuşdu. Onu dünyada hamı tanıyırdı. Lakin bu əməkdaşlıq 2006-cı ildə tütün əleyhinə qanunvericiliyin sərtləşdirilməsi ilə əbədiyyətə qovuşdu.


Anar Əhmədov


1060 oxunub

InvestAZ