XƏBƏR LENTİ
01 Aprel 2023
31 Mart 2023
30 Mart 2023
29 Mart 2023
28 Mart 2023



Ömrünü ədəbiyyata, jurnalistikaya, teatra həsr edən insan - (Portret cizgiləri)
İdman 17:48 / 16.03.2023
Ömrünü ədəbiyyata, jurnalistikaya və teatra həsr edən Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu ilə doğum günü ərəfəsində həmsöhbət olduq. Öncə onun haqqında oxuculara qısa məlumat vermək istəyirəm:

1950-ci ilin mart ayının 16-da anadan olan Ağalar İdrisoğlu (Mehdiyev) Digah kənd 8 illik və Nəriman Nərimanov adına Masallı şəhər 2 nömrəli orta məktəbi bitirib. 1975-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini və 1986-cı ildə isə MoskvadaAnatoli Vasilyeviç Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq fakültəsini bitirib.Həm də vaxtaşırı Maksim Qorki adına Ədəbiyyat İnstitutun da dinləyicisi olub.

16 yaşından bədii yaradıcılıqla, jurnalistika ilə məşğul olur. 50 ildən çoxdur ki, peşəkar teatr sənətində çalışır. 40-dan artıq tamaşada rollar oynayıb. 140-dan çox tamaşaya bir-birindən maraqlı quruluşlar verib. 26 il ayrı-ayrı teatrların baş rejissoru, bədii rəhbəri və direktoru vəzifələrində çox uğurla işləyib. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, idarə heyyətinin üzvü və Sumqayıt bölgə şöbəsinin sədri olub.
Nasir, dramaturq, publisist, jurnalist kimi 7 romanın, 10 povestin, 16 pyesin, 30-dan çox teatrlaşdırılmış tamaşalar üçün ssenarilərin, 150-dən artıq hekayənin, novellalanın, essenin, elegiyanın, pritçanın, 1500-dən çox məqalənin, müsahibənin, pulisist yazıların, oçerklərin, ressenziyaların, elmi, tarixi məqalələrin müəllifidir. Dünya xalqlarının 10 pyesini dilimizə tərcümə edib. Bu pyeslər də Azərbaycanın peşəkar teatrlarında həm onun öz quruluşunda və həm də başqa rejissorların quruluşunda tamaşaya qoyulub.
"İnan mənə” pyesi 1985-ci ildə Ümumittifaq gənc dramatruqlar müsabiqəsində 48 pyesin içərsinidən qalib olub. "Şah İsmayıl” pyesi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ildə keçirdiyi müsabiqədə 34 pyesin arasında ikinci dərəcəli mükafata layiq görülüb. (Birinci yer isə heç bir pyesə verilməyib.) Quruluş verdiyi tamaşalardan Akif Həsənoğlunun "Yanmış evin nağılı” Osman Mirzəyev adına mükafata və özünün yazdığı "Şah İsmayıl” tarixi faciəsi "Qızıl Dərviş” mükafatına layiq görülüb. Quruluş verdiyi ondan çox tamaşa Mədəniyyət Nazirliyinin və başqa təşkilatların pul mükafatına, diplomlara layiq görülüb.
2013-cü ildə ona yazıçı kimi Prezident mükafatı verilib. 2013-cü ilin iyun ayının 25- də isə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Ağalar İdrisoğlu (Mehdiyev) Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.
O, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
Ağalar İdrisoğlunun bədii, sənədli və publisist yazılarından ibarət 20 kitabı çap olunub.


- Ağalar müəllim, teatrın dünəni, bu günü və sabahına baxışınız necədir?

- Mən artıq əlli beş ildən çoxdur ki, ədəbiyyat və jurnalistika ilə məşğul oluram. 1971-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakültəsinə, SSRİ Xalq artisti Mehdi Məmmədovun sinfinə daxil olmuşam. 1972-ci ildən Mehdi müəllim məni və kurs yoldaşlarımı özünün Milli Akademik Dram Teatrında hazırladğı Hüseyn Cavidin "Xəyyam” tamaşasında kütləvi səhnələrdə, kiçik epizodik rollarda oynamağa apardı. Beləliklə, 1972-ci ildən artıq peşəkar teatr səhnəsində çıxış etməyə başaldım. Məşhur aktyorlarla tərəfmüqabili oldum. Bu tamaşadan sonra Mehdi Məmmədov Səməd Vurğunun "İnsan” pyesinə quruluş verdi. Biz, onun kursunda təhsil alan tələbələr bu tamaşada da oynadıq. Hətta mən orada oğul Şahbaz rolunu da oynadım. Mehdi müəllim bu pyesin ayrı-ayrı epizodlarını institutda əvvəlcə bizimlə hazırlamışdı. Mən orada da filosof Şahbazı oynayırdım. Deməli, 150 yaşlı teatr aləmindən, artıq mənim də əlli illik həyat yolum keçir. Bu heç də az illər deyil. Çünki əlli ildir ki, Azərbaycan teatrı mənim gözlərim qarşısında inkişaf edib və bilavasitə fəaliyyətim də bu çətin, məşəqqətli illərlə bağlıdır. Açığı, həmin dövrlər Azərbaycan teatrı bir intibah dövrü yaşayırdı. 1970-90-cı illərdə Azərbaycan teatr aləmində çox maraqlı rejissorlar, aktyorlar çalışırdı. Demək olar ki, hər bir tamaşa sensassiya yaradırdı. Xalqın teatra marağı çox böyük idi. Sovetlər quruluşu dağılandan sonra bu, bütün sahələr kimi teatr aləmi də çox böyük tənəzzülə uğradı. Həmin vaxtlar mən Sumqayıt Dövlət Musiqili-Dram Teatrının bədii rəhbəri və direktoru işləyirdim. Dövlət tərəfindən maliyyə xərclərimizin bir hissəsi kəsilmişdi. Tamaşalara quruluş xərcləri verilmirdi. Deməli, başqa teatrların rəhbərləri kimi, mən də məcbur oldum ki, əmək haqqının 35 faizini və quruluş xərclərinin pulunu hardan olursa-olsun özüm qazanım. O vaxtlar tamaşalara bilet pulu simvolik idi, gələn də az idi. Çünki hamı çörək qazanmaq, övladlarını bir təhər dolandırmaq haqqında fikirləşirdi. Həmin illər rəhbər vəzifədə çalşanlar üçün də ağır illər idi. Teatrı çox çətinliklə saxlayırdıq. 1994-cü ildən ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra teatrlara şərait yaradıldı. Sonralar yenə də tamaşaları hazırlamaq üçün quruluş xərcləri azaldı. Gələn gəlirlə tamaşalar hazırlamaq çox çətin oldu. Ona görə də teatrlar iştirakçısı az və maliyyə xərci cüzi tələb olunan tamaşalar qurmağa başladılar. Klassik əsərlər hazırlamağa imkan olmadı. Rejissor və aktyor da əsasən klassik əsərlərdə yetişir. Ona görə də həmin illər çox böyük durğunluq dövrü oldu. Teatrda əmək haqqı çox az olduğundan bir qrup istedadlı aktor ailələrini dolandırmaq üçün teatrlardan getdi. Əsasən də əyalət teatrlarında. Bax, bunun əziyyətini bu gün də çəkirik. Amma onu da vurğulayım ki, hazırda teatrlarda bir dirçəliş var. Respublikanın bütün teatrlarında çoxlu maraqlı tamaşalar hazırlanır. Elə mənim quruluşçu rejissoru olduğum Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında son on ildə çox yüksək peşəkar tamaşalar hazırlanıb. Elə bunlardan birini misal çəkmək istəyirəm. Keçən ilin sonunda teatrımızın baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluş verdiyi və özünün də müəllifi olduğu, "kod adı VXA” ( Vətən Xainlərinin Arvadları) tamaşası Azərbaycan teatr aləmində çox böyük senssasiyadır. Bu tamaşanı dünya səviyyəsinə çıxarmaq olar. İnanıram ki, hər yerdə çox yaxşı qarşılanar. Mən əlli illik teatr təcrübəmdən və uzun illər bu sahəyə rəhbərlik edən adan kimi belə fikirləşirəm ki, Azərbaycan teatrlarının gələcək taleyinin daha uğurlu olması üçün dövlət tərəfindən Sovetlərin vaxtında olduğu kimi, tamaşalara quruluş xərcləri ayrılsa, bu, yalnız və yalnız böyük köməklik olar. Həm də tearlar inkişaf edər.

- Ən böyük peşəkar nailiyyətiniz nə olmuşdur?
- Mən əmək fəaliyyətimə əsasən 1976-cı ilin fevral ayından aktyor kimi Sumqayıt Dövlət Dram Teatrında başlamışam. Sağ olsun həmin vaxtı teatrın rejissorlar mənə maraqlı rollar vermişlər. Çalışmışam ki, onların ümidlərini doğruldum. Amma rejissuraya həvəsim çox olduğundan, 1977-ci ildə Sumqayıtda ilk dəfə "Ümid” adlı Teatr-Studiya yaratmışam. On iki il bu kollektiv mənim rəhbərliyim dövründə burada 300 nəfərdən çox sumqayıtlı məktəbli və gənclər teatr sənətindən, tarixindən, ədəbiyyatdan, jurnalistikadan, musiqidən, plastik hərəkətlərdən təhsil alıblar. Onların əlli nəfərindən çoxu indi peşəkar teatrlarda işləyirlər. Əksəriyyəti də başqa ali məktəblərdə təhsil alsalarda teatr sənətini çox yaxşı başa düşürlər. Tamaşaları düzgün təhlil edirlər. Bu kollektiv 1979-cu ildə Mədəniyyət Nazirliyin əmri ilə Xalq Teatrı olub. Bu kollektivdə mənon iki il müddətində otuz tamaşa hazırlamşam. Həmin vaxtlar əsas iş yerim Sumqayıt Dövlət Dram Teatrı olduğundan burada hazırlanan tamaşaların da çoxunda rejissor assistenti və ikinci rejissor olurdum. Əsasən də Xalq artisti Mərahim Fərzəlibəyovun tamaşalarında. Bu teatrda həmin vaxtı dörd tamaşaya quruluş vermişdim. Moskvada ali rejissorluq təhsili alandan sonra 1985-ci ildə Mədəniyyət Nazirliyinin təyinatı ilə Ağdam Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə göndərildim. Bir-birini ardınca altı tamaşaya- Məhərrəm Əlizadənin "İlk qurban”, Edurad Bobrovun "Vicdanla üz-üzə” ( tərcümə edəini Zakir Abbas), Nobel mükafatı laureatı Alber Kamyunun "Qismət” (tərcümə edəni Vaqif Əlixanlı), Loğman Rəşidzadənin "Toya bir gün qalmış”, Xalq şairi Zəlimxan Yaqubun "Aşıq Ələsgər”, Əli Səmədlinin "Analar və oğullar”tamaşalarına qurluş verdim. Kollektivin təkidi və Ağdam rayon partiya komitəsinin birinci katibi, rəhmətlik Sadıq Murtuzayevin məktubu ilə və Mədəniyyət Naziri, rəhmətlik Zakir Bağırovun əmri ilə teatrın baş rejissorunu və direktorunu işdən çıxarıb, məni teatrın baş rejissoru və direktoru təyin etdilər. Bu teatra rəhbərlik elədiyim 1988-ci ilin sonuna kimi on altı tamaşaya quruluş verdim. 1989-cu ilin yanvar ayından Sumqayıt Dövlət Dram Teatrına rəhbərlik etməyə başladım. 1991-ci ildə mənim ideyam və böyük təşkilatçılığımla bu teatr Musiqili-Dram Teatrı oldu. Teatra əlavə 90 ştat verildi. Bu teatra rəhbərlik etdiyim on il müddətində iyirmidən çox tamaşaya quruluş vermişəm. Bu səhnə əsərlərindən hansı daha yaxşıdır, onu deyə bilmərəm. Çünki oynadığım qırxdan çox rolum, quruluş verdiyim 140-dan çox tamaşam və bütün bədii əsərlərim mənim övladlarımdır. Övlad arasında fərq qoymağa valideynin ixtiyarı yoxdur. Amma quruluş verdiyim elə tamaşalarım və oynadığım rollar var ki, tamaşaçılar tərəfindən daha maraqla qarşılanıb. Mükafatlara layiq görülüb.

- Ömrünüzün zirvə nöqtəsindən arxaya boylananda hansı xatirələr yada düşür?
- Açığı mən hələ zirvə nöqtəsinə gəlib çatmamışam. Mənə elə gəlir ki, sənətkar hiss eləsə ki, artıq zirvə nöqtəsinə gəlib çatıb, o, artıq yaradıcılıqla məşğul ola bilməz. Dahi Lev Tolstoy deyirdi ki, "mən yeni əsərimi yazmağa başlayanda fikirləşirəm ki, bu əsər mənim birinci və son əsərimdir. Ona görə də bu işə çox ciddi yanaşıram”. Mən də ən kiçik hekayəmi, povestimi, pyesimi yazanda və hansısa tamaşaya quruluş verəndə fikirləşirəm ki, bu, mənim birinci və son işimdir. Ona görə də hər işimə çox ciddi yanaşıram.

- Keşməkeşli həyatınız və yaradıclığınız sizə nələri verib və sizdən nələri alıb?
- Çox maraqlı sualdır. Mənə bir az ad-san və şöhrət verdi. Amma öncə sağlamlığımı və demək olar ki, həyatımı zədələdi. Mən başqa adamlar kimi günlərlə, hətta saatlarla boş vaxt keçirə bilmirəm. Çünki bədii əsərlər yazmaq, tamaşalara quruluş vermək, "Azad Azərbaycan” kimi tanınmış, oxunaqlı qəzetə rəhbərlik etmək, qəzetin hər nömrəsində də ən azı iki-üç yazı yerləşdirmək, tədbirlərdə iştirak etmək mənim vaxtımı çox aparır. Uzun illərdir ki, Allahdan həmişə boş vaxt arzu etmişəm, amma qismət olmayıb. Bir ondan razıyam ki, məni başa düşən ailəm və övladlarım var. Onlar da mənə bu qədər işləri görməkdə böyük ilham verirlər. Həyat yoldaşım Elmira xanım yeni yazılan əsərimin ilk oxucusu, təzə hazırladığım tamaşanın ilk tamaşaçısı olur və çoxlu maraqlı məsləhətlər verir.

- Ağır əməliyyatdan uğurla çıxaraq bu yaşda məhsuldar çalışmanız heyrətamizdir. Buna necə nail olursunuz?

- Mən sizə bir maraqlı məsələni deyim. 1975-ci ildə ali məktəbi bitirib, tələbə yoldaşlarımla Şəki Dövlət Dram Teatrını yaratmağa gedəndən həyatımda böyük problemlər yaranıb. 1976-cı ilin fevral ayından Sumqayıt Dövlət Dram Teatrında işə başladığım zamanda bu problemlər mənimlə olub. Bütün gücümü sərf edib, həmin problemləri dəf etməyə və öz ali məqsədimə doğru irəliləmişəm. Amma 1995-ci ildən artıq mən altı ildir ki, Sumqayıt Dövlət Musiqili-Dram Teatrına böyük uğurla rəhbərlik edirdim və bu teatr respublikanın ən aparıcı teatrı idi, mən də Azərbaycan Teatr Xadimləri İttifaqının katibi idim, həmin vaxtı Mədəniyyət Nazirliyinin İncəsənət idarəsinin rəisi Əliqismət Lalayevi gətirdilər. Ondan əvvəl bu vəzifədə işləyənlər Vaqif Əlixanlı və Elmira xanım Əliyeva ilə çox yaxşı münasibətlərimiz vardı. Onlar əllərindən gələni edirdilər ki, Azərbaycan teatrlarının heç bir problemi olmasın. Amma onlardan sonra bu vəzifəyə gələn adam sonra bütün teatrlara böyük problemlər yaratdı. Teatr, konsert müəssisə rəhbərlərinin çoxu ərizə verib işdən çıxdı. Mən də üç il onunla vuruşandan sonra gördüm ki, xeyri yoxdur və ərizə verib, teatr rəhbərliyindən çıxıb, Dağıstana getdim və orada teatr yaratdım. Sonra bir qrup dağıstanlı azərbaycanlılarla- Seyid Qurbanov, Məhəmməd Qurbanov, Hüseynbala Hüseynovla 1950-ci ildə bağlanan Dağıstan Azərbaycan Dövlət Dram Teatrını bərpa etdik. Həmin teatra da mən rəhbərlik etməliydim. Azərbaycanda Mədəniyyət idarəsinə həmin vaxtı rəhbərlik edən adam məndən Mədəniyyət nazirinin gözündə böyük düşmən yaratdığına görə Azərbaycan Mədəniyyət nazirinin əli uzun oldu və Dağıstan Mədəniyyət naziri Həmidə xanım Abdulhəmidovna ilə danışıb, mənim həmin teatra rəhbərlik etməyimin qarısını aldı...
Beş illik ağır, çətin mübarizədən və mənə qarşı haqsızlıqlardan sonra ürəyim bütün bunlara dözmədi və may ayının 8-də infarkt oldum. Üç il sağalmaq üçün böyük mübarizə apardım. Sonra daha başqa dəhşətli hadisələr oldu... Keçən ilin dekabr ayının 20-də Mərkəzi Ürək Cərrahiyyə Klinikasının baş həkimi, gözəl mütəxəssis, dəyərli insan, professor Kamran Musayevin cərrahiyyə əməliyyatı ilə dörd damarım dəyişildi. Artıq üç aydır ki, müalicəm gedir. Özümü yaxşı hiss edirəm. Hər gün yaradıcılıqla məşğul oluram. Bədii əsərlərimi, məqalələrimi yazıram. Hazırlayacağım pyeslər üzərində ciddi işləyirəm.

- Yaradıcılıq yolunuz maraqlı, dolğun və təzadlıdır. Bu haqda nə deyərdiniz?
- Onu vurğulayım ki, ədəbiyyat və incəsənət sahəsi çox çətin və mürəkkəbdir. Lev Tolstoy deyən kimi,"bunlar qul əməyidir”. Mən bu sahənin hər ikisində çalışdığımdan, ikiqat qul əməyilə məşğulam. Belə ki, oxucular yaxşı bilir ki, mən həyatda iki nəfəri yaşadıram. 1944-cü ildə atam müharibədə olduğu vaxtı anamın qucağında acından ölən dörd yaşlı qardaşım Ağanın və öz ömrümü. Bu haqda "Anamın müqəddəs nağılı”, "Qardaş” və "İki qardaşın hekayəti” adlı hekayələrim də var. Çox maraqlıdır ki, Ağa adlı qardaşım 1940-cı ildə mart ayının 15-də, mən 1950-ci ilin mart ayının 16-da anadan olmuşam. Ona görə də mənə Ağalar adını qoyublar. Atamın və anamın vəsiyyətilə bədii əsərlərimi və jurnalistika sahəsindəki yazılarımı qardaşım Ağanın adı ilə yazıram. Öz adımdan isə aktyor və rejissoram. Mən iki ali məktəb qurtarmışam. Həmişə iki paralel işdə işləmişəm.Ona görə də hər bir bədii əsəri, məqaləni yazanda və rollar oynayanda, tamaşalara quruluş verəndə daxilimdə iki Ağa bir-birilə böyük mübarizə aparır.

- Həyatda çoxlu dost qazanmısınız. Bu sizə nə verib? Yanlışıqlıq, yoxsa çətinliyiniz zamanı maddi və mənəvi dayaqlıq?
- Əslində bu 73 ildə mən çox dostlarımı itirmişəm. Belə ki, uzun illər vəzifədə işləyəndə mənə dost deyən çox olub, amma işdən çıxandan sonra həmin "dostlarım” ayrı-ayrı bəhanələrlə məndən uzaqlaşıblar. Mənim əsas dostularım öz ailəmdi və mənə bu günə kimi sadiq olan çoxlu tələbələrimdi. Bir də beş il bundan əvvəl yaratdığımız Sumqayıt Dostlar Klubunda olan dostlarımdı. Bax, bu dostlar ən çətin məqamda, ən xoş gündə həmişə bir-birinin yanında olur. Çünki onlar bir-birindən asılı deyillər. Bu ilin yanvar ayının 14-də, Əməkdar jurnalist, Sumqayıtın salnaməsini yaradan, tanınmış yazıçı, dostumuz Eyruz Məmmədovun 70 illik və mart ayının 12-də dostumuz, tanınmış mühəndis-ixtiraçı, gözəl şair, Əməkdar mühəndis, "Tərəqqi” medallı Əli Ələminin 75 illik yubileyini keçirməyimiz təkcə onların özlərinə yox, bizim özümüzə də çox xoş oldu.Biz, rəhmətlik Sadıq Murtuzayev və Əməkdar hüquqşünas Müzəffər Ağazadə ilə birlikdə "Sözdən yaranan incilər” adlı dünya dahilərinin, səmavi insanların altı mindən çox kəlamları və aforizmlərdən ibarət kitabı yaxın günlərdə tamamlayıb, çap etdirəcəyik. Oradan dostluqla bağlı bu aforizmləri demək istəyirəm. Yəqin bu, oxucular üçün də maraqlı olar. "Dostluğun birinci şərti etibardır” (Jan Labrüer. Fransız yazıçısı və filosofu), "Mənfəət xatirinə qurulan dostluğa "alver" deyilir” (Harold Laski, İngilis siyasətşünası), "Müharibə igidi,qəzəb müdriki,ehtiyac isə dostu sınağa çəkir” (Atalar sözü), "Dostunun sağ ayağı axsayırsa,sən sol ayağınla axsa ki,dostluğunuz daim müvazinətdə olsun (Jül Renar, Fransız yazıçısı), "Dostlar müxtəlif bədəndə bir ruhdurlar” (Həzəti Əli ə.s.)

- Sinniniz və zehniniz artıq bir çox mətləbləri ayırd etmə məqamındadır. Bu barədə fikriniz?
- Tibetlilərin belə bir deyimi var.Onlar deyir ki, bir yaşından iyirmi yaşına qədər insanın uşaqlıq dövrü sayılır. İyirmi yaşından altmış yaşına qədər insanın gənclik dövrüdür. Altımız yaşından yüz yaşına qədər müdriklik dövrüdür.Onların təbirincə desək, mən də artıq səkkizinci onluğu xırdalayıram. Deməli, mən də artıq müdriklik dövrümdə yaşayıram. Ona görə də indi bir işi görməmişdən əvvəl daha çox düşünürəm. Çalışıram ki, səbrli olum. Çünki səbrlə gedən yol, daha uğurlu və möhkəm olur.

- Yaradıcı insanlar kövrək olduqları qədər də möhkəm iradəyə sahibdirlər. Bu mənada özünü ifadə yaşa dolduqca daha çətin olur, yoxsa asan?
- Tanınmış rejissorlar Anatoli Efrosun, Mixail Tumanaşvilinin, Litvanın Panevejes şəhərində dünya şöhrətli teatr yaradan Miltinesin belə bir maraqlı fikirləri var: "Teatr rəhbəri və quruluşçu rejissor möhkəm iradəyə malik olmaqla və böyük provokator-təxribatçı olmasa, işləri yaxşı getməz”. Bu, fikir həqiqətən də düzdür. Yaşa dolduqca görürsən ki, daha böyük diplomat olmalısan.

- Gələcək planlarınızdan nə deyərdiniz? Arzu və istəkləriniz?

- Planlarım çoxdur. Hazırlamaq istədiyim bir neçə tamaşa var. Bu il iki yarımçıq povestimi, iki yarımçıq pyesimi, otuz hekayəmi və "Canlı orqanizm olan teatr” kitabımı qismət olsa,tamamlamalıyam. Bir vaxtlar Sumqayıtda yaratdığım Sumqayıt Gənclərinin Xalq Teatrının 45 illiyini keçən il keçirmək istəyirdik, amma mən xəstə olduğuma görə bu ilə qalıb. Təki sağlıq olsun. Bir şeyə sevinirəm ki, mənə kimsə pislik edəndə daha yaxşı işləyirəm və həmin adamlara nəyə qadir olduğumu öz işimlə sübut edirəm. Bircə arzum var: Uzun illərdir on nəfər ailə üzvümlə iki otaqlı mənzildə yaşayıram. Bu il ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və Azərbaycan Milli Teatrının 150 illik yubileyidir. Təki bu yubileylərdə mənə mənzil versinlər və ailə üzvlərim də sevinsin ki, mən həyatımın 55 ilini ədəbiyyata, jurnalistikaya və 50 ilini teatr sənətinə boş yerə sərf etməmişəm. İnanıram ki, arzum bu il reallaşacaq. Sənətkar üçün arzusunun reallaşması ona daha böyük ilham və inam verir.





1376 oxunub

InvestAZ