SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Futzal üzrə U-19 millisi Avropa çempionatında mübarizəyə əsas mərhələdən başlayacaq

Futzal üzrə U-19 millisi Avropa çempionatında mübarizəyə əsas mərhələdən başlayacaq

İdman

Bugün, 11:45

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatına əsas mərhələdən başlayacaq.

Bu barədə Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

Final mərhələsi 2027-ci ildə Qazaxıstanda keçiriləcək yarışın püşkatma mərasimi oktyabrın 2-də, saat 16:30-da keçiriləcək.

Bu dəfə təşkilatçı ölkə də daxil olmaqla mübarizəyə 38 komanda qoşulacaq. Onlardan Qazaxıstan yığması final mərhələsində iş başında olacaq. Qalan 37 komandadan ən aşağı reytinqə malik 12-si ilkin mərhələdə gücünü sınayacaq. Komandalar hər birində 4 iştirakçı olmaqla 3 qrupa səpələnəcəklər.

Oyunlar gələn il yanvarın 19-dan 24-dək keçiriləcək. Ancaq qrup qalibi olan 3 komanda əsas mərhələyə vəsiqə qazanacaq və digər 25 komandaya qoşulacaq.

Hazırda reytinq cədvəlinin 24-cü pilləsində qərarlaşan Azərbaycanın U-19 millisi mübarizəyə əsas mərhələdən başlayacaq. Bu mərhələnin oyunları gələn il martın 30-dan aprelin 4-dək keçiriləcək. 28 komanda hər birində 4 milli olmaqla 7 qrupa bölünəcək. Hər qrupun oyunu mini-turnir şəklində bir ölkədə keçiriləcək və yalnız 1-ci pilləni tutacaq komandalar final mərhələsində oynamaq hüququ qazanacaq.

Mini-turnirlərə evsahibliyi edəcək 7 ölkə məlumdur. Bunlar Portuqaliya, Sloveniya, İtaliya, Xorvatiya, Türkiyə, Moldova və Rumıniyadır. Futzalçılarımız püşkdən sonra yer alacağı qrupun 4-cü komandası olacağına görə, Rumıniya və Moldova ilə qarşılaşmayacaq.

Avropa çempionatının final mərhələsi gələn il sentyabrın 26-dan oktyabrın 3-dək Astana şəhərindəki "Jekpe-Jek Hall"da keçiriləcək. Əsas mərhələnin qrup qalibi olacaq 7 komandaya Qazaxıstanın da müvafiq yaş qrupuna aid millisi qoşulacaq.

1-ci səbət (ev sahibi): Portuqaliya (qrupunun 1-cisi), Sloveniya (qrupunun 1-cisi), İtaliya (qrupunun 1-cisi), Xorvatiya (qrupunun 2-cisi), Türkiyə (qrupunun 2-cisi), Moldova (qrupunun 4-cüsü), Rumıniya (qrupunun 4-cüsü)

2-ci səbət (qrupunun 1-cisi): İspaniya, Ukrayna, Fransa, Çexiya

3-cü səbət (qrupunun 2-cisi): Macarıstan, Polşa, Belçika, Serbiya, Bosniya və Herseqovina

4-cü səbət (qrupunun 3-cüsü): Finlandiya, Latviya, Belarus, Yunanıstan, Niderland, Slovakiya, İngiltərə

5-ci səbət (qrupunun 4-cüsü): Azərbaycan, Monteneqro, ilkin mərhələ, A qrupunun qalibi, ilkin mərhələ, B qrupunun qalibi, ilkin mərhələ, C qrupunun qalibi

Dİgər xəbərlər