XƏBƏR LENTİ
06 Fevral 2023
05 Fevral 2023
03 Fevral 2023
02 Fevral 2023
01 Fevral 2023



Fərid Xəlilov: “Azərbaycan voleybolu bu gün keçid dövrünü yaşayır”
Müsahibə 12:10 / 04.10.2022

Sentyabrın 22-25-də Niderlandın Arnhem şəhərində Avropa Voleybol Konfederasiyasının (CEV) 43-cü Baş Assambleyası və Beynəlxalq Voleybol Federasiyasının (FIVB) konqresi keçirilib. Bu tədbirlərdə ölkəmizi Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Cəlil Cəfərov və baş katibi Fərid Xəlilov təmsil edib. Assambleyada və konqresdə ölkəmiz üçün də çox əhəmiyyətli olan məsələlər müzakirə olunub. Ötən həftə federasiyanın baş katibi Fərid Xəlilovla görüşüb, federasiyanın gələcək inkişaf planları barədə danışdıq. Müsahibəni oxucularımıza təqdim edirik.


- Fərid müəllim, istərdik ki, söhbətimizə elə Niderlandda keçirilən tədbirlərlə başlayaq. Baş katib seçildikdən sonra ilk dəfə idi ki, bu tədbirlərdə iştirak edirdiniz.
- Əvvəlcə onu qeyd edim ki, Azərbaycanı belə tədbirlərdə təmsil etmək çox şərəflidir. Bu tədbirin ən müsbət tərəflərindən biri digər ölkələrin federasiyaları ilə əlaqələrimizin möhkəmləndirilməsi ilə bağlıdır. İdman aləmində bir çox federasiya rəhbərləri dəyişib və biz istəyirik ki, bunun üçün yeni əlaqələr quraq. Avropa Voleybol Konfederasiyasının iclasında hesabatlar dinlənildi, maliyyə hesabatının müzakirəsi aparıldı və müəyyən yeniliklər barədə məlumatlar verildi. Bundan başqa qaydalara müəyyən dəyişikliklər təklif edildi və onların səsverməsi keçirildi. Sonra isə Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) iclasında iştirak etdik. Burada EEVZA-ya prezident seçkiləri ilə bağlı məsələ müzakirə olundu. Bildiyiniz kimi, EEVZA-nın bundan əvvəlki rəhbəri Rusiya Voleybol Federasiyasının prezidenti idi. Amma məlum məsələlərə görə Rusiya və Belarus idman yarışlarından kənarlaşdırıldığı üçün həmin vəzifə boş qalmışdı. Bu vəzifə müvəqqəti olaraq Ukrayna Voleybol Federasiyasının prezidenti Mixaylo Melnikə həvalə olunmuşdu. Həmin tədbirdə onun səlahiyyətlərinin tamamilə qüvvəyə minməsi üçün seçkilər keçirildi və qalib olaraq EEVZA-nın yeni prezidenti oldu.

- Siz də bu posta namizədliyinizi irəli sürmüşdünüz. Lakin sonda ukraynalı mütəxəssis seçkilərdə sizi qabaqladı.
- Əslində, deyərdim ki, burada müəyyən maraqların toqquşması və siyasi məsələlər də rol oynadı. Bu seçkilərdə bütün voleybol ictimaiyyəti dünyanın əksər təşkilatları kimi, Ukraynaya dəstək şüarı ilə çıxış etdi. Çıxışlar zamanı mənim arqumentlərim Mixaylonun arqumentlərini üstələyirdi. Lakin o, Ukraynadan olduğuna görə seçicilər bu ölkənin nümayəndəsinə dəstək oldular. Qaydaya görə, zonal təşkilat həmin bölgələrdə voleybolun inkişafı üçün ən sərfəli şərtləri bu ölkələrə təqdim etməlidir. Həm hüquqi, həm də maliyyə təhsilim mənə kömək edirdi ki, bu işləri təşkilat rəhbəri olaraq həyata keçirim. Digər namizədin isə təşkilatçılıqla bağlı yox, hakimlik sahəsində təcrübəsi var. Düşünürəm ki, bu sahədə təcrübəm az olduğu üçün bu dəfə seçilmədim. Amma gələcəkdə yenidən namizədliyimi irəli sürəcəyəm. İnanıram ki, növbəti dəfə nəticə tam fərqli olacaq.

- Niderlanddakı iclas və görüşlər zamanı ölkə voleybolu üçün daha hansı mühüm məsələlər müzakirə olundu?
- Bildiyiniz kimi biz EEVZA-da Ermənistanla eyni zonadayıq. Bu o deməkdir ki, bu ölkələr öz aralarında oyunlar keçirməlidir. Ermənistan Voleybol Federasiyasının baş katibi bizimlə meydana çıxmaq istəmədikləri ilə bağlı məlumat vermişdi. Onlar bilirlər ki, bizdən zəifdirlər və bizə məğlub olsalar, bu, onların ölkəsində çox böyük tənqidlərlə qarşılanacaq. Buna görə də onlara bizimlə meydana çıxmağa icazə yoxdur. Eyni zamanda Ermənistana səfər edib, orada oyunlar keçirmək və onları Bakıya dəvət etmət də müəyyən çətinliklər yaradır. Əgər bu komandalar bir-biriləri ilə qarşılaşsalar neytral meydanda üz-üzə gələcəklər. Neytral meydan olaraq isə Gürcüstan təklif olunub.
Bundan başqa iclasda Avropa və Qafqaz arasında uçuşların böyük maliyyə xərci tələb etməsi ilə bağlı da müzakirələr aparıldı. Buna görə də təklif olundu ki, ölkələr zonalın içində müəyyən qruplara bölünsün. Həmin ölkələrin ən güclüləri növbəti mərhələ üçün Avropadakı yarışlarda iştirak etsin. Burada söhbət EEVZA-nın gənc komandalar arasında təşkil etdiyi müəyyən turnirlərdən gedir. İndi bu məsələlər müəyyən prosedurlar çərvivəsində razılaşdırılmalıdır.
Oradakı təkbətək görüşlərdə biz müxtəlif federasiyalarla yeni əlaqələrimizin inkişafı barədə də müzakirələr apardıq. Ukrayna, Gürcüstan, BƏƏ, Almaniya və Türkiyə ilə münasibətlərimiz var. Türkiyə Voleybol Federasiyasının nümayəndəsi ilə ölkələrimizdə voleybol idman məktəblərini inkişaf etdirmək baxımından qarşılıqlı razılığa gəlmişik.
Beynəlxalq Voleybol Federasiyasının tədbirində isə klassik voleybol, çimərlik voleybolu və qar voleybolu barədə müzakirələr aparıldı. Bildiyiniz kimi bu gün qar voleybolu dünyada inkişaf edir. Lakin bunu ölkəmiz barədə də demək çətindir. Hətta FIVB bu idman növünün Olimpiya proqramına daxil olması üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət edib. Əgər BOK bu idman növünü Olimpiya idman növü kimi qəbul edərsə, biz olimpiadada artıq voleybolun üç növünü - klassik voleybol, çimərlik voleybolu və qar voleybolunu görə bilərik. Bu isə yəqin ki, Los-Anceles-2028-ə kimi öz təsdiqini tapacaq.

- Ölkəmizdə qar voleybolunun inkişafı üçün lazımı məkanlar az saydadır. Yəqin ki, bunun üçün Şahdağ və digər ərazilər əsas rol oynayacaq?
- Bununla bağlı federasiya prezidenti ilə görüşüb, təkliflərimizi verəcəyik. Qar voleybolunun inkişafı bizə elə də asan başa gəlməyəcək. Burada avadanlıqların təchizatı, oyunçuların hazırlığı, idmançıların yeni qaydalarla tanış olması, təcrübəli məşqçilərin ölkəyə gətirilməsi və ölkədəki məşqçilərin bu idman növü ilə bağlı təlimatlandırılması məsələləri öz həllini tapmalıdır. Bu proses isə müəyyən qədər vaxt aparır. Bu idman növünün ölkəmizdə inkişafı üçün həm CEV, həm də FIVB bizə dəstək olacaq. Bunun üçün həmin qurumlara rəsmi məktubla müraciət olunub. Onların təlimatçıları Azərbaycana gəlməli, siyahılar tərtib olunmalı və məkanlara baxış keçirilməlidir. Bakıda bu idman növünü inkişaf etdirmək çətindir. Biz bunun üçün Qusara və digər dağ ətəyi olan ərazilərə səfər edib, infrastrukturla tanış olmalıyıq. Lakin bu, bir günün işi deyil. Bu iş təkcə qarla bitmir. Orada hərtərəfli şərait və infastruktur yaratmaq lazımdır.


- Çimərlik voleybolu da ölkəmizdə durğunluq dövrünü yaşayır. Yəqin ki, voleybolun bu növü də federasiyanın inkişaf planlarına daxildir.
- Bir müddət əvvəl ölkəmizdə bu idman növünə diqqət artmışdı. Lakin son illərdə bu növə maraq azalıb. Çimərlik voleybolunu inkişaf etdirmək və nəticə qazanmaq klassik voleyboldan daha asan başa gəlir. Bunun üçün biz qapalı məkanlar tapmalı, uzun müddətli turnirlər təşkil etməliyik. Çimərlik voleybolunu inkişaf etdirmək üçün ölkəmizdə hər cür şərait var. Bu yaxınlarda hətta Gənclər və İdman Nazirliyi ilə də danışıqlarımız olub. Nazirlik bu idman növünün inkişafı üçün tələb olunanları bizdən istədi. Artıq çimərlik voleybolu üzrə xaricdən yeni məşqçi də gəlib. Həmin mütəxəssislə görüşüb, müzakirələr aparacağıq. Əgər çimərlik voleybolunu inkişaf etdirməkdən danışırıqsa, biz ölkə çempionatının formatını da dəyişməliyik. İki-üç günlük çempionatlar o qədər də səmərə vermir. Bu komandalar il ərzində oynamalı, məşq etməli və beynəlxalq turnirlərə qatılmalıdırlar.

- Fərid müəllim, qadın voleybolçularımız Bakı-2017-dən sonra V İslam Həmrəyliyi Oyunlarındakı çıxışını bürünc medalla başa vurdular. Halbuki, komandamızdan daha böyük uğur gözləyirdik.
- Hər bir ölkədə müəyyən keçid dövrü var. Azərbaycan voleybolu bu gün keçid dövrünü yaşayır. Voleybolda nəsil dəyişgənliyi baş verir. Ayrı-ayrı klublarda çıxış edən bu oyunçuların milliyə adaptasiya olması üçün vaxt lazımdır. Fikrimcə, nəticələr narahatlıq doğurmur. Amma daha yaxşı ola bilərdi. Qızlardan ibarət komandamız ən azı ikinci yerə namizəd idi. Təəssüf ki, millimiz yarımfinalda İran kollektivini mübarizədən kənarlaşdıra bilmədi. Bu görüşdən sonra təhlillər aparıb, zəif tərəflərimizi müəyyənləşdirdik. Oyunçular və məşqçilər bu oyuna çox rahat çıxmışdılar. Bu arxayınlıq nəticəsində onlar güclü mübarizə ilə qarşılaşdılar.
Kişilərin mübarizəsini də uğursuz hesab etmək olmaz. Onlar bu Oyunlarda dördüncü yeri tutdular. Qətər, İran, Pakistan kimi güclü komandaların mübarizəsində dördüncü olmaq qənaətbəxş nəticədir. Nəzərə almaq lazımdır ki, kişilərdən ibarət millimiz də yeni formalaşıb və bu onların bir yerdə ilk təcrübəsi idi.

- Qadın voleybolçularımız 10-cu dəfə Avropa çempionatına vəsiqə qazandılar. Yığmamız yer aldığı D qrupunda ikinci yeri tutaraq növbəti mərhələyə yüksəldi.
- Avro-2023-ün seçmə mərhələsində qadınların mübarizəsi son tura qədər gərgin şəraitində keçdi. Sloveniyadan sonra qrupda ikinci yer üçün Avstriya və Gürcüstanla mübarizə apardıq. Gürcüstan millisi həqiqətən də çox gözəl komanda formalaşdırıb. Bakıdakı oyunda komandamız üçün çətin oldu. Amma səfərdəki oyunda artıq səhvlərimizi təhlil edərək qələbə qazandıq. Avstriya millisi ilə keçirdiyimiz hər iki oyun isə 3:1 hesablı qələbəmizlə yekunlaşdı. Azarkeş dəstəyi olmadan onları səfərdə udmaq çətin olardı. Amma sevindirici haldır ki, Avstriyada yerləşən Azərbaycan Mədəniyyət Evi bizə dəstək oldu. Həmin səfər oyununda yüzə yaxın azərbaycanlı arenada komandamızı dəstəklədi və bu, bizə qalib gəlməkdə böyük kömək oldu.
Kişilərdə isə oyunlar çox çətin keçdi. Burada həm də yorğunluq, həm zədələr, həm də təcrübəsizlik özünü göstərdi. Hər zaman dediyim ki, bu yarışlarda biz istənilən halda ya nəticə, ya da təcrübə qazanırıq. Bu yarışlar komandamıza böyük təcrübə qazandırdı.

- Qadın komandamızın yarışlara hazırlığı üçün kifayət qədər zamanı var. Bunun üçün heyətdə yeni dəyişikliklər gözlənilirmi?
- Təbii ki, heyətdə müəyyən dəyişikliklər ola bilər. Bu baş məşqçidən asılıdır. Konya-2021-də və Avro-2023-ün təsnifat mərhələsində müəyyən çatışmazlıqları və güclü tərəflərimizi gördük. İdarə heyəti tərəfindən bunları müzakirə edəcəyik. Bu müzakirələrdən sonra baş məşqçi postunda da dəyişiklik gözlənilir. Yeni məşqçi yəqin ki, kənardan gətirilmiş mütəxəssis olacaq. Buna idarə heyəti və federasiya rəhbərliyi qərar verəcək. Bu dəyişikliklər bizə yalnız üstünlük və yenilik verməlidir.

- Voleybol üzrə yerli çempionatın startı barədə də fikirlərinizi bildirərdiniz. Budəfəki çempionatda neçə komandanın iştirakı gözlənilir?
- Noyabrın 1-dən artıq oyunlar başlayacaq. Baş məşqçilər hələki tam heyəti formalaşdırmayıblar. Biz bunun üçün onlara oktyabrın 28-nə kimi vaxt vermişik. Həmin tarixdən sonra sənədlərin qəbulu prosesi dayandırılacaq. Bundan sonra çempionatda iştirak edəcək komandaların sayı müəyyənləşəcək. Hələki iştirak üçün dörd kişi və dörd qadın komandası müraciət edib. Keçənilki komandalara isə bu il daha iki yeni komanda əlavə olunacaq.


- Yeni mövsümdə ölkəmiz Çağırış kubokunda kişilərdə "Murov”, qadınlarda isə "Azərreyl”lə təmsil olunacaq. Komandalarımızdan han-sı nəticəni gözləyirsiniz?
- Avrokuboklara hazırlıq davam edir. Amma burada müəyyən problemlər var. Komandalarımızın heyəti hələ ki tam formalaşmayıb. Hər iki komandanın heyətində rusiyalı legioner idmançılar var. Həmin oyunçulara səfirlikdən viza verilmir. Biz yerli çempionat üçün Avropa Voleybol Konfederasiyasına məktub ünvanlayaraq Rusiyadan və Belarusdan oyunçular cəlb etmək istəyimizi bildirdik və bunun üçün hansı problemin olacağı ilə maraqlandıq. Həmin vaxt CEV-dən bizə konkret cavab verildi ki, bizim oyunçularla işimiz yoxdur. Bizim siyasətimiz Rusiya Federasiyasının siyasətinə qarşıdır. Bu səbəbdən də biz Rusiya və Belarus komandalarının millilərini heç bir turnirə buraxmırıq. Amma oyunçular rahat olsunlar. Lakin burada müəyyən problemlər ortaya çıxdı. Bu yaxınlarda komandamız xarici ölkədə təlim-məşq toplanışında iştirak etməlidir. Amma səfirlik onlara viza vermir. Əgər rusiyalı idmançılara viza verilməyəcəksə, onda klublar müəyyən dəyişikliklərə əl atmalı, heyətə yeni başqa oyunçular dəvət etməlidirlər. Buna görə də komanda formalaşmadığından nəsə proqnoz vermək çətindir.

Azər Əlizadə

6167 oxunub

InvestAZ