XƏBƏR LENTİ
04 Dekabr 2022
02 Dekabr 2022
01 Dekabr 2022
30 Noyabr 2022
29 Noyabr 2022
28 Noyabr 2022
27 Noyabr 2022



Fərid Xəlilov: “İnanırıq ki, gördüyümüz işlər uğurlu nəticələrini verəcək”
Müsahibə 13:07 / 17.05.2022
Ötən ilin noyabr ayından başlayaraq ölkəmizdə fəaliyyət göstərən bir sıra idman federasiyalarının hesabat-seçki konfransı keçirildi. Bəzi federasiyalarda yeni prezident seçkiləri oldu. Bəzi federasiyaların rəhbəriyinə yenidən etimad göstərildi. Belə federasiyalardan biri də Azərbaycan Voleybol Federasiyasıdır. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən hesabat-seçki konfransında "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov yenidən Azərbaycan Voleybol Fedrasiyasının prezidenti seçildi. Seçkilərdən sonra struktur dəyişikliyi həyata keçirildi və federasiyanın yeni planları müəyyənləşdirildi.
Bu yaxınlarda Azərbaycan Voleybol Federasiyasının yeni seçilmiş baş katibi Fərid Xəlilovla görüşdük, federasiyanın fəaliyyəti, qarşıdakı planları və voleybolçularımızın mötəbər yarışlara hazırlığı ilə bağlı məlumatlar əldə etdik. Ötən ilin sonunda "Azərreyl” klubunun prezidenti vəzifəsindən federasiyanın baş katibi vəzifəsinə təyinat alan Fərid Xəlilovla müsahibəni oxucularımızla bölüşürük.


- Fərid müəllim, ötən ilin noyabr ayında Azərbaycan Voleybol Federasiyasında keçirilən prezident seçkilərindən sonra yenidən Cavid Qurbanova etimad göstərildi. Sizcə, federasiyanın bundan sonrakı fəaliyyəti əvvəlki illərdən nə kimi yeniliklərlə fərqlənəcək?


- Cavid müəllimə yenidən etimadın göstərilməsi təsadüfi deyil. Federasiya rəhbərliyinin təqdim etdiyi hesabat və onun voleybol idman növünün inkişafına göstərdiyi diqqət və qayğı bu etimadın təzahürüdür. Bildiyiniz kimi, biz pandemiya dövründən keçdik. Həmin vaxt idman zalları bağlı idi, məşq etmək mümkün deyildi. Lakin buna baxmayaraq, federasiya rəhbərliyi klublara maliyyə dəstəyini dayandırmadı.
Prezident seçkilərindən sonra federasiyanın planlarında müəyyən dəyişikliklər oldu. Bu mövsüm biz daha çox nəticəyönümlü idarəetməyə üstünlük verəcəyik. Komandamızı qarşıdakı aylarda bir sıra mötəbər yarışlar gözləyir. Bunun üçün federasiya olaraq yığma komandalarımıza bu yarışda iştirak etmək üçün hər cür dəstəyi göstərməyə hazırıq. Çalışacağıq ki, nailiyyətlərimiz yüksək və davamlı olsun. İnanırıq ki, gördüyümüz işlər uğurlu nəticələrini verəcək.




- Ötən ilin dekabr ayında federasiyanın baş katibi vəzifəsinə təyin olundunuz. Buna qədər isə "Azərreyl” klubunun prezidenti vəzifəsini icra edirdiniz.

- Sonuncu mövsümdə çempionatın vəziyyətinə baxsaq görərik ki, "Azərreyl” komandası 7 oyundan 7 qələbə qazanıb. Biz həmin dövrdə təhlillər aparırdıq. Bunun əsasında komandanın büdcəsi və nəticələri arasındakı balansı qorumağa çalışırdıq. Əgər biz buna nəzər salsaq görərik ki, "Azərreyl” digər komandalardan çox fərqlənirdi. Bu gün biz həmin siyasəti milli komandada tətbiq edirik. Yəni çalışırıq ki, həm nəticə qazanaq, həm də çox israfçılığa yol verməyək.


- Fərid müəllim, bir neçə gündən sonra 22 yaşadək oğlanlardan ibarət voleybol millimiz Kosovoda Avro-2022-nin təsnifat mərhələsində iştirak edəcək. Baş katib kimi komandamızın yarışa hazırlığı və qrupdakı rəqibləri barədə fikirlərinizi bilmək maraqlı olardı.


- Yarışa hazırlıqlar yüksək səviyyədə davam edir. Türkiyədə keçiriləcək son hazırlıq mərhələsindən sonra komandamız mayın 19-da yarış üçün Kosovoya yollanacaq. Bu yarışda əsas məqsəd komandamızın təcrübə toplamasıdır. Onlar əldə etdikləri təcrübə sayəsində növbəti yarışlarda komandamıza yeni nailiyyətlər qazandıracaqlar. Komandanı yeni tərkibdə formalaşdırmışıq. Millimiz üçün bu yarış ilk ciddi sınaq olacaq. Ona görə də komandamızdan sürprizlər gözləyirəm. Fikrimcə, qrupun favoritlərindən olan Niderland güclü və təcrübəli heyətə sahibdir. Slovakiya da zəif komanda deyil. Onlar illərlə Avropada bir-biri ilə oynayaraq təcrübə qazanmış komandalardır. Kosovo komandası isə ev sahibidir və buna görə də onları zəif hesab etmək olmaz.



- İstərdik ki, bir müddət əvvəl başa çatmış ölkə çempionatı haqqında danışasınız. Yəqin ki, siz də bu yarışda maraqlı və sürpriz nəticələrlə qarşılaşdınız?

- Bəli, qadınların yarışında "Abşeron” komandasının tarixdə ilk dəfə ölkə çempionu olması bizim üçün sürpriz oldu. Bu gözlənilməz nəticə olsa da, çox sevindiricidir. İdmanda belə sürprizlərin olması pozitiv xarakter daşıyır. Deməli, çempionatda şəffaflıq var və hər bir komandanın qalib olmaq şansı var. Yarışdan əvvəl "Azərreyl” favorit kimi göstərilirdi. Amma "Abşeron” komandası əvvəldən sonadək gözəl oyun nümayiş etdirdi.
Oğlanların mübarizəsində isə bir sıra gənc idmançılar üzə çıxdı. Onlardan biri Aslan Həmidov, digəri isə Yusif Bünyatovdur. Aslan Həmidov, peşəkar voleybola mən "Azərreyl”də prezident olduğum dövrdə gəlib. Həmin vaxt biz Şəkidə məşqçilərlə danışıb, onu "Azərreyl”ə gətirmişdik. Pandemiyadan sonra isə o, "Murov” klubunun heyətində yer aldı. Bu çempionat göstərdi ki, Aslanın oyun və hazırlıq səviyyəsi daha da yüksəlib. Ona görə də o, milli komandanın heyətində yer alıb. Eləcə də Yusif Bünyatov. Yusif bu mövsüm Cəlilabaddan gəlib, özünü yaxşı tərəfdən göstərib. Nəticə olaraq isə milli komandaya dəvət alıb. Sözsüz ki, onlarla yanaşı, hər bir idmançının nailiyyəti bizim üçün çox vacibdir.


- Yeri gəlmişkən, federasiya bölgələrdə uşaq voleybolunun inkişafı üçün hansı tədbirlər həyata keçirir?

- Ölkəmizdə voleybolu çox sevirlər. Buna görə də hər bir rayonda bu idman növünə maraq böyükdür. Bəzi rayonlar var ki, oradan bizə oyunçular gəlir. Biz əsas gücü hələ ki, həmin regionlara vermişik. Məsələn, Cəlilabad və Masallıdan daha çox istedadlı oğlan voleybolçular çıxır. Bundan başqa ötən ay Gəncə şəhərinə səfər etmişdim. Orada da yaxşı gənc voleybolçular yetişir. Həmçinin Şəkini də, Mingəçeviri də bu siyahıya əlavə etmək olar. Həmin regionlarda olan məşqçilərlə sıx təmasda oluruq. Biz bu bölgələrdə zallarla tanış olub, problemlərlə yerində maraqlanırıq. Federasiya olaraq onlara dəstək olacağıq. Məqsədimiz ölkə səviyyəsində məktəb yarışlarına nəzarət edərək, seçilmiş uşaqları Bakıya gətirməkdir. Paytaxtda isə mövcud olan təcrübə əsasında onlara müəyyən səviyyədə dəstək olub, sosial şəraitlərini təmin edirik.

- Avqust və sentyabr aylarında milli komandalarımız Avropa çempionatının təsnifat mərhələsində və V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək. Bu məsul yarışlara hazırlıq necə gedir və əsas gözləntilər nədən ibarətdir?

- Bəli, həmin ərəfə bizim üçün çox məsul yarışlarla əlamətdar olacaq. Komandamız əvvəlcə İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək. Ardınca isə AVRO-2023-ün təsnifat mərhələsinin oyunları keçiriləcək. Bir sözlə, avqust-sentyabr ayları komandamız üçün gərgin keçəcək. Bu, bir tərəfdən idmançılarımızın təcrübəsi və hazırlıq səviyyəsi üçün yaxşıdır. Amma digər tərəfdən ardıcıl oyunlar komandada voleybolçuların zədələnməsinə gətirib çıxara bilər. Biz bunu da diqqətdən kənarda qoymuruq. Çalışacağıq ki, voleybolçularımıza dəstək olaq. İnanıram ki, bu fəallıq və oyunlar bizə təcrübə qazandıracaq.
Qrupdakı rəqiblərə gəlincə isə fikrimcə, Avropa çempionatının təsnifat mərhələsində kişilərin qrupu bir qədər çətindir. Onlar Türkiyə və Danimarka komandaları ilə eyni qrupda yarışacaqlar. Rəqiblərimiz kifayət qədər güclüdür. Qadınlardan ibarət komandamızın isə perspektivləri daha çoxdur. Qrupa nəzər salanda inanıram ki, yaxşı nəticələr əldə edə bilərik. İslam Həmrəyliyi Oyunlarına gəldikdə isə qadınlardan ibarət komandamız Bakı-2017-də birinci, kişilərdən ibarət millimiz isə ikinci yeri tutmuşdu. İnanıram ki, biz V İslam Həmrəyliyi Oyunlarından da Vətənə medalla qayıdacağıq.

- Ola bilərmi ki, komandamız bu yarışlardan birində əsas, digərində isə ikinci heyətlə təmsil olunsun?

- Ümumiyyətlə, bununla bağlı Gənclər və İdman Nazirliyində keçirilən iclasda həmin məsələlər öz həllini tapdı. İslam Həmrəyliyi Oyunları digər idman yarışları ərəfəsinə düşdüyü üçün bir qədər təqvimdə sıxlıq var. Bunun üçün də federasiyalara İslam Həmrəyliyi Oyunlarında və digər yarışlarda iştirak edib-etməyəcəyi və hansı heyətlə təmsil olunacağı ilə bağlı suallar verildi. Biz də çalışacağıq ki, bu yarışlarda maksimum səviyyədə əsas heyətdən faydalanaq.

- Bu mövsüm voleybol üzrə Azərbaycan yığmaları Avropa Liqasında iştirak etmədilər. Bu növbəti mövsüm üçün də keçərli olacaq?

- Belə yarışlar kommersiya xarakterlidir. Həmin turnirlərdə nəticə əldə etmək kifayət qədər çətindir və oranın xərcləri də yüksəkdir. Bu yarışda iştirak edən komandaların əsas məqsədi odur ki, qalib olaraq pul mükafatına sahib olsun. Fikrimcə, bizdə əgər bu ehtimal yoxdursa, həmin turnirlərdə iştirak edib, əbəs yerə vəsait itirməyə dəyməz. Biz bu vəsaiti daha səmərəli şəkildə istifadə edə bilərik.



- Bildiyimizə görə Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandr Boriçiç və CEV rəsmiləri ölkəmizə səfər edəcəklər. İstərdik ki, səfərin tarixi və əhəmiyyəti barədə məlumat verəsiniz.

- Beynəlxalq qurum rəsmilərinin səfəri may ayının sonu, iyunun əvvəllərində olacaq. Səfərin müzakirə mövzuları isə Azərbaycanda voleybolun inkişaf strategiyası ilə bağlıdır. Avropa Voleybol Konfederasiyası bizə çox dəstək olur. Onlar çalışırlar ki, Azərbaycan klubları yenidən Avropada oynasınlar, millimiz yenə qələbələr qazansın. Bundan başqa uşaq voleybolunun inkişafı, həm də əsas komandalarımızın Avropadakı çıxışları onları maraqlandıran məsələlərdəndir. Buna görə də biz öz strategiyamızı Avropa Voleybol Konfederasiyasının rəhbərliyi ilə müzakirə edəcəyik. Sözsüz ki, onlardan bu sahədə müəyyən dəstək istəyəcəyik. Biz də Avropa voleybolunun ayrılmaz bir hissəsiyik. Onlar digər ölkələrə necə dəstək olursa, bizə də dəstək olacaqlar. Ona görə çalışacağlq ki, işimizi planlı şəkildə və birgə quraq.


- Gələcəkdə Azərbaycan çempionatı üçün klubların artırılması məsələsi planlaşdırılırmı?

- Bəli, bu məsələlər hazırda geniş müzakirə olunur. Gəncə səfərim zamanı orada "Gəncə” idman klubunu gördüm. O klubda müxtəlif idman növləri ilə məşğul olan gənclər var. Biz artıq bu barədə razılığa gəlmişik ki, onlar voleybol üzrə Azərbaycan çempionatında təmsil olunsun. Bununla yanaşı, Bakıdan da həm kişi, həm də qadınlardan ibarət bir neçə komanda Yüksək liqada iştirak etmək üçün müraciət edib.


- Fərid müəllim, işğaldan azad olunmuş ərazilərdə hansısa bir yarış təşkil etmək mümkündür?

- Bəli, hansısa turnirləri və ya çempionatın bir turunu ora sala bilərik. Suqovuşanda meydançalar var. Biz müəyyən məsələləri həll etsək, çimərlik voleybolu turnirini orada keçirə bilərik.


Azər Əlizadə

8978 oxunub

InvestAZ