XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Ağası Məmmədov: “İdmana başladığım zalda Olimpiya çempionları yetişdirməyi arzulayıram”
Müsahibə 16:36 / 19.04.2022


Onun futbola həvəsi olsa da, atasının istəyi ilə boksu seçdi. Bir müddət Türkiyə yığma komandasının heyətində çıxış etdi. Qardaş ölkənin bayrağı altında Avropa çempionu və dünya çempionatının gümüş mükafatını qazanandan sonra Vətəni Azərbaycana qayıtdı. Bu idman növü üzrə Azərbaycanın ilk dünya çempionu və Olimpiya mükafatçısı adını qazandı. Dövrünə görə dünyanın texniki cəhətdən ən güclü 3 boksçusundan biri idi. Lakin Afina Olimpiadasından sonra keçirdiyi qəza demək olar ki, karyerasının başa çatmasına səbəb oldu. Yəqin ki, boksdan məlumatlı olanlar söhbətin kimdən getdiyini başa düşdülər. "Olimpiya dünyası” qəzetinin bu dəfəki qonağı "Tərəqqi” medallı, Əməkdar idman ustası, dünya, Avropa çempionu, Afina-2004 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, boks üzrə yeniyetmələrdən və kadetlərdən ibarət yığma komandanın köməkçi məşqçisi, Dövlət Gömrük Komitəsinin əməkdaşı Ağası Məmmədovdur.
Məlumat üçün bildirək ki, Ağası Məmmədov 1980-ci il iyunun 1-də Bakı şəhərində anadan olub. Yasamal rayonunda yerləşən 13 saylı tam orta məktəbdə təhsil alıb. 7 yaşı olarkən atasının təkidi ilə "Məhsul” İdman Cəmiyyətində baş məşqçi, sonradan isə şəxsi məşqçisinə çevrilən Vaqif Kazımovun yanında boks idman növünün sirlərinə yiyələnməyə başlayıb. Qısa zaman ərzində ölkədaxili və beynəlxalq turnirlərdə uğurla çıxış edərək, məşqçilərin etimadını qazanıb. 1995-ci ildə Azərbaycan çempionatının, bir il sonra isə İtaliyada keçirilən Avropa birinciliyinin qalibi adına sahib çıxıb. Azərbaycanın boks üzrə 9 nəfər Olimpiya mükafatçısından biri olan Ağası Məmmədovla görüşdük. Müsahibimizlə səmimi söhbəti oxuculara təqdim edirik.




- Ağası müəllim, istərdik ki, söhbətimizə lap əvvəldən başlayaq. Bir müddət Türkiyə millisinin heyətində legioner həyatı yaşadınız. Buna zərurət nədən yarandı?
- 1996-cı ildən 2001-ci ilə qədər Türkiyə millisinin heyətində çıxış etmişəm. Həmin dövrlər çox çətin idi. İndiki kimi idmana və idmançılara şərait yox idi. Hətta yarışlara getmək üçün pul tapılmırdı. Şəxsi məşqçim Vaqif Kazımov artıq bir il idi ki, Türkiyədə çalışırdı. Elə oldu ki, mən də məşqçimin köməkliyi ilə Türkiyəyə üz tutdum və qardaş ölkənin uğurları üçün döyüşdüm. Türkiyə millisinin adından kişilər arasında Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı, Sidney-2000 Yay Olimpiya Oyunlarının beşincisi, 2001-ci ildə isə Ağdəniz Oyunlarının qalibi oldum. Həmin vaxtlar karyeramın ən parlaq dövrləri idi. Ümumiyyətlə, 1998-ci ildə Avropanın 11 ən güclü boksçusuna qalib gəlmişdim.



- Azərbaycan millisinə qayıdışınız yəqin ki, asan həll olunmadı.
- 1997-ci ildə möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti olduqdan sonra ölkədə idmanın inkişafı baxımından çox şey dəyişdi. Demək olar ki, idman günbəgün inkişaf etməyə başladı, idmançılar diqqət və qayğı ilə əhatə olunurdular. Bundan sonra ölkəni tərk edən idmançılar və mütəxəssislər geri qayıtdılar. Mən də eyni zamanda şəxsi məşqçim Vaqif müəllimlə birgə 2001-ci ildə ölkəmizə qayıtdım. Vətənə qayıtdıqdan sonra mənim üçün bir qədər çətin oldu. Lakin sonradan öz formamı bərpa etməyi bacardım. 2003-cü ildə Tailandda keçirilən dünya çempionatında iştirak etdim. Həmin yarışda beş döyüş keçirdim və bütün görüşlərimi qələbə ilə başa vuraraq boks üzrə Azərbaycanın ilk dünya çempionu adını qazandım. Qeyd edim ki, mən həmin dövrdə dünyada 11 çəki dərəcəsi üzrə texniki cəhətdən ən güclü olan üç boksçudan biri idim. Digər iki boksçu isə kubalı idi.

- Kubalı idmançı ilə döyüş Vətənə qayıtmaq üçün gözəl fürsət oldu.
- Siz yəqin ki, kubalı idmançı Gilyermo Ortiz Riqondo ilə döyüşü nəzərdə tutursunuz. Onunla 2001-ci ildə Belfastda keçirilən dünya çempionatının finalında üz-üzə gəlmişdim. Lakin həmin yarışda mənə qarşı çox haqsızlıq oldu. Hakimlər ona heç bir əsası olmadan artıq xallar verirdilər. Beləliklə, hakimlərin ədalətsiz qərarı nəticəsində mən ona məğlub oldum. Bu döyüşün nəticəsi mənə çox təsir etdi. Bundan sonra idmandan bir qədər incidim və Türkiyədən qayıtdım.

- Amma siz sonra həmin məşhur kubalı idmançıya qalib gəldiniz. Ümumiyyətlə, Gilyermo Ortiz Riqondo rinqdə az sayda məğlub olub ki, onlardan biri də sizinlə görüşə təsadüf edir.
- Mən onu ilk dəfə 1998-ci ildə Argentinada keçirilən gənclər arasında dünya çempionatında görmüşdüm. Onu həmin yarışda mərhum qazaxıstanlı boksçu Bekzat Səttərxanov məğlub etmişdi. Gilyermo Riqondo ilə rəqib kimi isə ilk dəfə Sidney Olimpiadasında qarşılaşdıq. O, məni həmin görüşdə məğlub etdi. 2001-ci ildə keçirilən dünya çempionatında isə hakimlərin qərarı ilə ona uduzdum. Amma mən bu görüşdə məğlub olmağımı qəbul etmirəm. Bu, ədalətsiz bir nəticə idi. Azərbaycan millisinin adından çıxış etdiyim dünya çempionatında isə ona qalib gəldim. O, səhv etmirəmsə karyerası ərzində iki dəfə məğlub olub. Onlardan birində Bekzat Səttərxanova, digərində isə mənə uduzub. Bundan sonra isə onun məğlub olduğunu görmədim.


- İlk dəfə Olimpiya Oyunlarında Sidney-2000-də iştirak etmisiniz. Türkiyə millisinin adından çıxış etdiyiniz bu yarışda favorit olsanız da beşinci oldunuz.
- Sidney-2000-də ilk iki döyüşdə qalib gəldim, üçüncü görüşdə isə kubalı Gilyermo Riqondoya məğlub oldum. Təsəvvür edin, Tampere şəhərindəki Avropa çempionatının finalında qalib gəldiyim rusiyalı boksçu Sidney Olimpiadasında ikinci yeri tutdu. Bundan başqa olimpiadada üçüncü yeri tutan ukraynalı boksçuya da öz vətənində keçirilən lisenziya xarakterli turnirdə qalib gəlmişdim. Bir sözlə, qalib gəldiyim idmançılar olimpiadada mükafatçılar sırasında yer aldılar, amma mən medal qazana bilmədim. Burada püşk amili də bir qədər rol oynadı.

- Bəs Afina-2004-də sizə çempion olmağa nə mane oldu?
- Afina Olimpiadasına dünya çempionu kimi yollanmışdım. Hər kəs məndən qızıl medal gözləyirdi. Olimpiadada ardıcıl üç döyüşdə qələbə qazandım. Tailandlı boksçu ilə görüşümdə isə nəyin necə baş verdiyini heç özüm də anlamadım. Bu barədə danışmaq istəmirəm. Həmin vaxtları xatırlayanda çox heyfislənirəm.

- Nəyə görə?
- Biz döyüşqabağı, axşamlar yatmazdan əvvəl vitamin qəbul edirdik. Həmin vitamin ürəyi gücləndirir, itirdiyin enerjini bərpa edirsən. Amma mən axşam həmin vitamini vurdura bilmədim. Düşünürəm ki, axşam mənə vitamin vurulsa idi, bəlkə də belə olmazdı. Həm də döyüşdən əvvəl axşam yaxşı yata bilmədim. Bilmirəm vitamini səhər vurdurdum ona görə oldu, ya rejimim qarışdı nə idisə, heç özüm də anlamadım. Bu görüşə qədər tailandlı idmançının döyüşünü kənardan izləyib özüm üçün təhlil edirdim. O, hər qalib gəldikcə sevinirdim, düşünürdüm ki, bu döyüşçü mənə rəqib ola bilməz. Amma hər şey əksinə oldu. Ümumilikdə isə olimpiadadakı çıxışımdan narazı qaldım. Çünki həmin yarışa özümü yaxşı səviyyədə hazırlaya bilməmişdim. Lap ikinci yeri tutsa idim belə, yenə də narazı olacaqdım.

- Olimpiya Oyunlarından sonra bir qədər xoşagəlməaz hadisələrlə üzləşdiniz. Müxtəlif illərdə iki dəfə avtomobil qəzası keçirdiniz. Hətta bunlardan birində uzun müddət komada qaldınız. Belə deyək, Allah sizə ikinci dəfə şans verdi.
- Bəli, Afina Olimpiadasından sonra avtomobil qəzası keçirdim. 11 gün komada qaldım. Ağır kəllə-beyin travması almışdım. Bəlkə də, idmanın sayəsində dözümlülük göstərərək yenidən həyata qayıtdım. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Boks Federasiyası və bütün idman ictimaiyyəti mənimlə yaxından maraqlandı. 21 gün xəstəxanada yatdım və həmin vaxt hər kəsin dəstəyini hiss etdim. Milli Olimpiya Komitəsi məni İrana müayinəyə göndərdi. Həkimlər mənə hələlik yüngül qaçışla kifayətlənməyə icazə verdilər. Ümumilikdə bu qəzaya görə 2 il idmandan kənarda qaldım. Sonra isə məşqlərə başladım. Əvvəlcə ölkədaxili yarışlarda qüvvəmi sınadım. Hətta əvvəlki fiziki normativlərimi də yerinə yetirə bilirdim. Qəzadan sonra hər kəs deyirdi ki, Ağası yenidən rinqə qayıdır. Düzdür, mən yenidən dünya boks arenasına qayıda bilərdim. Amma mənə mane olan bir çox səbəblər oldu. Bir məmur var idi, o mənim işlərimi həmişə pozurdu. İndi həyatda yoxdur və arxasınca danışmaq istəmirəm. Amma demək olar ki, onun hərəkətləri həyatıma və karyerama təsir etdi. O, bunu sonradan etiraf etdi amma gec idi, artıq karyeram məhv olmuşdu. Həmin adam mənə mane olmasa idi, yenə də rinqdə nailiyyətlər qazana bilərdim. Gərək həyatda heç kimin haqqına girməyəsən. Allah hər kəsi nadan insanlardan qorusun.

- Karyeranızı başa vurduqdan sonra bir müddət mətbuatdan uzaq oldunuz. Gizlinə çəkilməyinizin səbəbi nə idi?

- Karyeramı başa vurduqdan sonra bir müddət "Neftçi”də məşqçi kimi çalışdım. Hazırda isə şəxsi məşqçim yeniyetmələrdən ibarət baş məşqçi Vaqif Kazımovun yanında köməkçi məşqçi kimi çalışıram. Qeyd edim ki, mənim dünya, Avropa və Olimpiya mükafatını qazanmağımda şəxsi məşqçim Vaqif Kazımovun danılmaz rolu var. Bu gün idmanda qazandığım nailiyyətlərə görə ona çox borcluyam. Hazırda da yığma komandada Vaqif müəllimlə birgə çiyin-çiyinə çalışdığıma görə çox sevinirəm. Mən həm də kadetlərdən ibarət yığma komandanın köməkçi məşqçisiyəm. Dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında qazandığım təcrübəmi, bilik və bacarıqlarımı bu gün yeniyetmə idmançılarla bölüşürəm. Ən böyük arzularımdan biri də çempionlar yetişdirməkdir.

- Ağası müəllim, Azərbaycan Boks Federasiyasında yeni prezident seçkiləri keçirildi və rəhbər dəyişikliyi baş verdi. Bu dəyişiklik federasiyada hansı yeniliklərlə özünü göstərir?
- Dəyişiklikdən sonra bir sıra yeni startegiyalar müəyyənləşdirilib. Sahil müəllim veteran idmançı və məşqçilərlə görüşlər keçirir, ölkəmizdə boksun daha da inkişaf etdirilməsi və kütləviliyin artırılması üçün tapşırıqlarını verib. Qeyd edim ki, bu yaxınlarda idmançılarımız Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında uğurla çıxış edərək 4 medala sahib çıxdılar. Federasiya prezidentimizin qeyd etdiyi kimi, ilk addımımız uğurlu oldu. Ümid edirəm ki, federasiyada baş verən dəyişikliklər özünü göstərəcək və uğurlarımız davamlı olacaq.

- Bir müddət əvvəl idmana başladığınız yerdə zal açaraq azyaşlı idmançılar yetişdirmək istəyirdiniz. Amma buna icazə verilmədi. Bu arzunuzun reallaşması üçün federasiya prezidenti ilə danışıqlar olubmu?
- Bəli, bu yaxınlarda Boks Federasiyasının prezidenti Sahil Babayev Olimpiya, dünya və Avropa çempionatlarının qalib və mükafatçıları olan veteran idmançıları qəbul edərək, bu idman növünün inkişafı üçün fikirlərimizi və təkliflərimizi öyrəndi. Bu görüşdə Sahil müəllimdən Yasamal rayonunda yerləşən 13 saylı tam orta məktəbin yaxınlığında boks zalının açılması ilə bağlı xahişimi dilə gətirdim. Sahil müəllim də bu barədə məlumatlı olduğunu və məsələ ilə bağlı köməklik edəcəyini bildirdi. O, özü də həmin zalı çox yaxşı tanıyır. İnanıram ki, bu zalın açılması üçün köməklik olunacaq. Çünki həmin zal uzun müddətdir ki, boşdur və heç bir fəaliyyət göstərmir. Düşünürəm ki, Yasamal rayonunda idmana böyük marağın olduğunu nəzərə alaraq orada boks zalının açılması daha düzgün addım olar. Burada böyük potensial var. Zalın açılmasının Yasamalda boks idman növünün inkişafında, gənclərin pis vərdişlərdən uzaq olmasında və idmana cəlb olunmasında böyük rolu olacaq. İdmana başladığım zalda Olimpiya çempionları yetişdirməyi arzulayıram. Hətta klubun adını da indidən fikirləşmişəm - "Dəmir yumruq” boks klubu.

- Ağası müəllim, övladlarınızdan sizin yolunuzu davam etdirən varmı?
- Xeyr. Böyük oğlum Ağa basketbolla, kiçik oğlum Vaqif isə futbolla məşğul olur. Qızım Mehribanın isə gimnastikaya həvəsi var. Övladlarımın hansı idman növünü seçməsi fikrinə qarışmıram. Qeyd edim ki, mənim də kiçik yaşlarımda əsas həvəsim futbola olub. Amma atamın təkidi ilə boksu seçdim. Bu gün də boksu seçməyimdə peşman deyiləm. Boksun sayəsində dünya, Avropa, Olimpiya medalına sahib çıxdım, böyük nüfuz və hörmət qazandım. Bütün bunları isə gecə gündüz, gərgin məşqlərin sayəsində əldə etdim. Karyeramda qazandığım nailiyyətlərə görə əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. İdmançı kimi Türkiyə Cümhuriyyətinin adını, bayrağını yüksəklərə qaldırmışam və istiqlal marşını dünya və Avropa çempionatlarında səsləndirmişəm. Bundan sonra isə Azərbaycan idmanının uğurları üçün döyüşmüşəm. Sevinirəm ki, həm Türkiyənin, həm də Azərbaycanın adından çıxış edərək, medallar qazanmışam.


Azər Əlizadə

34972 oxunub

InvestAZ