XƏBƏR LENTİ
04 Dekabr 2022
02 Dekabr 2022
01 Dekabr 2022
30 Noyabr 2022
29 Noyabr 2022
28 Noyabr 2022
27 Noyabr 2022



Yekaterina Ryabova: “Çalışacağam ki, ən yaxşı çıxışımı nümayiş etdirim”
Müsahibə 15:44 / 01.02.2022

Dosye




Pekin-2022 Qış Olimpiya Oyunlarının fiqurlu konkisürmə yarışında ölkəmizi təmsil edəcək Yekaterina Ryabova "Olimpiya dünyası” qəzetinə eksklüziv müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.

- Yekaterina, istərdik ki, Qış Olimpiya Oyunlarına hazırlıq prosesin barədə məlumat verəsən. Oyunlara hazırlıq səviyyəni necə qiymətləndirirsən.

- Olimpiya Oyunlarına hazırlıq prosesim yüksək səviyyədə təşkil olunub. Avropa çempionatından sonra bir qədər istirahət etdim. Artıq yenidən məşqlərimi bərpa etmişəm. Bu hazırlıq yarışların başlandığı günə qədər davam edəcək. Düşünürəm ki, çəkdiyim zəhmət öz bəhrəsini verəcək.

- Sən Lozanna-2020 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında da ölkəmizin idman şərəfini qorumusan. Yəni artıq olimpiadalar baxımdan müəyyən qədər təcrübəyə maliksən.

- Bəli, Pekin-2022-ni Lozanna-2020-dən sonra mənim üçün növbəti böyük idman tədbiri kimi adlandırmaq olar. Artıq müəyyən qədər təcrübəyə malikəm. Amma bu yarış həmin olimpiadadan bir çox xüsusiyyətlərinə görə fərqlənir. Sözsüz ki, yarışlar çətin olacaq. Amma Pekin-2022 Qış Olimpiya Oyunlarında təmiz çıxış nümayiş etdirmək istəyirəm. Sağlam rəqabət şəraitində ən yüksək nəticəyə nail olmağa çalışacağam. İstəyirəm ki, yarışı seyr edənlərin, eləcə də azarkeşlərin rəğbətini qazanım.

- Rəqiblərin haqda yəqin ki, məlumatlısan. Bu barədə nə deyə bilərsən?

- Fiqurlu konkisürmə yarışlarında rəqiblər barəsində fikir söyləmək çox çətin olur. Bunun üçün əvvəlcə çıxışında tələb olunan elementləri mükəmməl yerinə yetirməlisən. Bir sözlə, hər kəsin əldə etdiyi nəticə sonda özünün nəyə qadir olduğunu göstərir.

- Bu Oyunlarda hansı nəticəni qazanacağına ümid edirsən?

- Heç vaxt düşündüyüm və qarşıma qoyduğum nəticəni heç kimlə paylaşmıram. Hətta əvvəlcədən iddialı danışmağı da sevmirəm. Çıxışım zamanı yalnız elementlərin səlis yerinə yetirilməsinə köklənirəm. Əgər hər hansı bir fiqurlu konkisürən üzərinə düşən çıxışı mükəmməl yekunlaşdırırsa, yekunda qərarı hakimlər və çoxsaylı tamaşaçılar verir. Nəticələr barədə heçnə deyə bilmərəm. Çalışacağam ki, bütün gücümü ortaya qoyum və özümün ən yaxşı çıxışımı nümayiş etdirim.

- Zəhmət olmasa, bir qədər də çıxışın barədə məlumat verərdin.

- Olimpiadada ilk olaraq fevralın 15-də qısa proqramla çıxış edəcəyəm. Çıxışım uğurlu alınacaqsa, mübarizəni təsnifat turnirində davam etdirəcəyəm. Bu isə fevralın 17-nə təsadüf edəcək.

- Olimpiadadan əvvəl Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında iştirak etdin. Bu yarışdakı çıxışını uğurlu saymaq olarmı?

- Bəli, məncə, Tallindəki çıxışımı uğurlu saymaq olar. Baxmayaraq ki, xəstələndiyim üçün yarışda özümü narahat hiss edirdim. Amma belə vəziyyətdə 2020-ci ildə Avstriyada təşkil olunan Avropa çempionatındakı eyni nəticəni təkrarlamaq qənaətbəxşdir.

- Yarışlarda sənə güc verən əsas amil nədir?

- Yarışdan əvvəl validenlərimin, yarış vaxtı məşqçilərimin, eləcə də azarkeşlərin dəstəyi çıxışıma müsbət təsir edir. Hesab edirəm ki, azərbaycanlı azarkeşlər və oraya yollanacaq Azərbaycan nümayəndə heyətinin mənə azarkeşlik etməsi yüksək nəticə qazanmağımda stimul olacaq. İnanıram ki, uğurlu nəticələrlə mənə inanan hər kəsi sevindirəcəyəm. Bundan başqa sosial şəbəkələrdə azərbaycanlı izləyicilərim mənimlə xoş ünsiyyət qururlar. Bu isə məni daha da həvəsləndirir, əlavə güc verir.


Azər Əlizadə

9911 oxunub

InvestAZ