XV Yay Olimpiya Oyunları, Helsinki- 1952
Helsinki-1952
Olimpiadasında iştirak edən SSRİ yığmasının tərkibinə Azərbaycanın 5
idmançısı - dörd güləşçi, bir yüngül atlet daxil edilmişdi. Azərbaycan
idmançıları iştirak etdikləri ilk Olimpiya oyunlarından vətənə bir gümüş
və bir bürünc medalla qayıtdılar. Rəşid Məmmədbəyovun güləş
yarışlarında əldə etdiyi gümüş medal Azərbaycan idmanının ilk Olimpiya
medalı, ilk şanlı səhifəsi oldu.
XVI Yay Olimpiya Oyunları, Melburn- 1956
Melburn
Olimpiadasında Azərbaycanı təmsil edən yüngül atlet Yuri Konovalov
4x100 m məsafəyə estafet yarışlarında uğurla çıxış edərək vətənə daha
bir gümüş medal qazandırdı. Bu, Azərbaycan idmançılarının üçüncü
Olimpiya medalı oldu.
XVII Yay Olimpiya Oyunları, Roma- 1960
Roma
Olimpiadasında SSRİ yığmasının tərkibində ölkəmizi iki idmançımız -
Melburn Olimpiadasının gümüş mükafatçısı Yuri Konovalov və vaterpolçu
Yevgeni Saltsin təmsil edirdilər. SSRİ-nin vaterpolçulardan ibarət
komandası finalda Finlandiya yığmasına uduzaraq Olimpiya oyunlarının
gümüş medalını qazandı. Bu medalın qazanılmasında təmsilçimiz Yuri
Saltsinin də əməyi var idi.
Yüngül atletimiz Yuri Konovalov
yenə də 4x100 m məsafəyə estafet yarışlarını uğurla başa vuraraq ikinci
gümüş medala layiq görüldü. Beləliklə, Azərbaycan idmançılarının üç
olimpiadada qazandıqları medalların sayı 5-ə çatdı. Bu medalların dördü
gümüş, biri isə bürünc idi.
XVIII Yay Olimpiya Oyunları, Tokio- 1964
Tokio
Olimpiadasında ölkəmizi iki vaterpolçu - Nikolay Kuznetsov, Zenon
Bortkeviç, bir beşnövçü -Viktor Mineyev, bir güləşçi- Aydın İbrahimov,
bir voleybolçu -İnna Rıskal təmsil edirdilər.
Vaterpolçularımız
uğurla çıxış edərək XVIII yay Olimpiya Oyunlarının bürünc medalını,
Viktor Mineyev beş növdə topladığı xalların (198) sayına görə birinici
yeri tutaraq qızıl medal qazandı. Bu, Azərbaycan idmançılarının Olimpiya
oyunlarında qazandıqları ilk qızıl medal idi.
1964-cü il
Tokio Oyunlarının gümüş medalçısı olan SSRİ-nin qadınlardan ibarət yığma
voleybol komandasının tərkibində həmyerlimiz İnna Rıskal da var idi.
Azərbaycan
güləş məktəbinin yetirməsi Aydın İbrahimov Tokioda sərbəst güləş
yarışlarında yarımyüngül çəkili pəhləvanlar arasında üçüncü yeri tutaraq
bürünc medala layiq görüldü.
XIX Yay Olimpiya Oyunları, Mexiko- 1968
XIX
Yay Olimpiya Oyunlarında Sovet ittifaqını təmsil edən komandanın
tərkibinə Azərbaycanın üç idmançısı daxil edilmişdi. Bu üç idmançıdan
ikisi SSRİ-nin qadınlardan ibarət yığma voleybol komandasının tərkibində
çıxış edirdi. Azərbaycandan olan üçüncü idmançı isə Olimpiya
oyunlarının qadınlar arasında suyatullanma yarışlarında gücünü
sınayırdı.
Azərbaycanın tanınmış voleybolçularının - İnna
Rıskalın və Vera Lantratovanın daxil olduqları qadınlardan ibarət
voleybol komandası finalda məğlubedilməz sayılan yapon voleybol
komandasını məğlubiyyətə uğradaraq Olimpiya çempionu adını aldılar.
XX Yay Olimpiya Oyunları, Münhen- 1972
Azərbaycandan
Münhen Olimpiadasına üç idmançı - qadınlardan ibarət voleybol
komandasının kapitanı, Olimpiya çempionu İnna Rıskal, yüngül atlet
Aleksandr Kornelyuk, üzgüçü Vladimir Krivtsov iştirak edirdilər.
Həmyerlimiz İnna Rıskal Münhendə də uğurla çıxış edərək ikinci dəfə Olimpiya çempionu adını qazandı.
Yüngül atletimiz Aleksandr Kornelyuk 4x100 m estafet yarışının gümüş medalına sahib oldu.
XXI Yay Olimpiya Oyunları, Monreal- 1976
Monreal
Oyunlarında Azərbaycanı 3 nəfər - voleybolçu İnna Rıskal, həndbolçular
Rəfiqə Şabanova və Lüdmila Şubina təmsil edirdilər.
Olimpiya
oyunlarının ikiqat çempionu, voleybolçumuz İnna Rıskal bu dəfə gümüş
medalla kifayətlənməli oldu. Beləliklə, SSRi yığmasının tərkibində çıxış
edmiş həmyerlimiz İnna Rıskal dörd Olimpiya medalı əldə etdi: -iki
qızıl, iki gümüş.
Qadınlar arasında həndbol yarışı ilk dəfə
Monreal Olimpiya Oyunlarının proqramına daxil edildi. Olimpiya çempionu
adına layiq görülmüş həndbolçular arasında həmyerlilərimiz - Rəfiqə
Şabanova və Lüdmila Şubina da var idi.
XXII Yay Olimpiya Oyunları, Moskva- 1980
Moskva
Olimpiadasnda SSRİ yığma komandasının tərkibinə Azərbaycandan 5 idmançı
daxil edilmişdi. Larisa Savkina qadınlar arasında həndbol, Vasili
Yakuşa, Viktor Pereverzev, Gennadi Kryuçkin və Aleksandr Lukyanov
akademik avarçəkmə, Tatyana Şviqanova qadınlar arasında otüstü hokkey
yarışlarında iştirak edirdilər. Moskvada qadınlar arasında həndbol
komandası birinci yeri tutaraq qızıl medal aldı. Qızıl medalçılar
arasında Larisa Savkina da var idi.
Akademik avarçəkmə
yarışlarında idmançımız Vasili Yakuşa gümüş medal qazandı. Viktor
Pereverzev, Gennadi Kryuçkin və Aleksandr Lukyanov isə ikinəfərlik
qayıqda ölkəmizə daha bir gümüş medal gətirdilər. Tatyana Şviqanova isə
qadınlar arasında otüstü hokkey yarışlarının gümüş mükafatçısı oldu.
XXIV Yay Olimpiya Oyunları, Seul- 1988
SSRİ
yığma komandasının tərkibinə Azərbaycandan 18 nəfər idmançı daxil
edilmişdi. Onlardan iki nəfəri qılıncoynadan - İlqar Məmmədov və Boris
Koretski və 11 nəfər avarçəkən idi. Bundan başqa komandanın təkibində
futbolçu İqor Ponomaryov, stend atıcısı Valeri Timoxin, stolüstü
tennisçi Valentina Popova, həndbolçu Yelena Quseva və güləşçi Məhəddin
Allahverdiyev də vardı.
Seul Olimpiadasında Azərbaycan
idmançıları altı medal qazandılar: İlqar Məmmədov, Boris Koretski
(qılıncoynatma), İqor Ponomaryov (futbol) - qızıl medal, Aleksandr
Lukyanov (avarçəkmə), Yelena Quseva (həndbol) bürünc.
XXII Yay Olimpiya Oyunları, Barselona- 1992
1992-ci
ildə keçiriləcək 25-ci Yay Olimpiya Oyunları ərəfəsində dünyanın siyasi
xəritəsi dəyişdi. 1991-ci ilin sonunda SSRİ-nin dövlət quruluşu məhv
oldu. Onun tərkibinə daxil olan müttəfiq respublikalar müstəqillik
qazandılar. Suverenlik əldə etmiş respublikalar öz milli olimpiya
komitələrini yaratsalar da, 1992-ci ildə BOK bu komitələrdən çoxunu
tanımırdı. Bu da müstəqil dövlətlərin böyük əksəriyyətinin Olimpiya
oyunlarında sərbəst iştirak etmək hüququnun olmadığını göstərirdi. Buna
görə də keçmiş SSRİ-nin tərkibində olan 15 müttəfiq respublika Olimpiya
oyunlarında Müstəqil Dövlətlər Birliyinin (MDB) komandası adı altında
çıxış etdi.
Beləliklə, komandamız açılış mərasimində təşkil
olunan paradda tribunanın altından üçrəngli Azərbaycan bayrağı altında
keçirdi. Azərbaycanı Barselona1992-də 5 idmançımız - Nazim Hüseynov
(cüdo), Valerii Belenki (gimnastika), İlqar Məmmədov (qılıncoynatma),
Valerii Timoxin (stend atıcılığı), Valentina Popova (tennis) gedirdilər.
İdmançılarımız
arasında ilk qızılı Nazim Hüseynov qazandı. ıBu, Azərbaycan idmanının
tarixində əlamətdar oldu. İlk dəfə dünyanın Ən mötəbər idman yarışında
Azərbaycan bayrağı qaldırıldı və himnimiz səsləndi.
Azərbaycan
gimnastı Valeri Belenki komanda yarışında Olimpiya qızılına sahib oldu.
İdmançımız şəxsi birincilikdə isə bürünc medala layiq görüldü.
XXVI Yay Olimpiya Oyunları, Atlanta - 1996
Atlanta
Olimpiadasında 197 ölkədən 10788 idmançı iştirak edirdi. Burada idmanın
26 növü üzrə 271 medal dəsti uğrunda mübarizə aparırdılar. Azərbaycan
yarışlarda 4 nəfər yüngül atlet (Elvira Cabbarova, Arif Axundov, Vasif
Əsədov, Aleksey Fatyanov), 2 nəfər yunan-Roma güləşçisi (Vilayət Ağayev
və Tahir Zahidov), 6 nəfər sərbəst güləşçi (Namiq Abdullayev, Arif
Abdullayev, Eyvaz Allahverdiyev, Məmmədsalam Hacıyev, Məhəmməd
İbrahimov, Davud Məhəmmədov), 2 cüdoçu ( Nazim Hüseynov, Zülfiyyə
Hüseynova), 2 boksçu (Ədalət Məmmədov, İlham Kərimov), 2 ağır atlet
(Asif Məlikov, Tofiq Heydərov), qılıncoynadan Elxan Məmmədov, üzgüçü
Emin Quliyev, suya tullanan Emin Cəbrayılov, atıcılıq idmanı üzrə İradə
Aşumova və Sergey Timoxin təmsil edirdilər.
Komandamızın ən
yüngül çəkili güləşçisi, ikiqat Avropa çempionu Namiq Abdullayev isə ona
olan ümidləri doğrultdu. Onun qazandığı gümüş medal Azərbaycan
pəhləvanlarının Olimpiya oyunlarında sərbəst güləş üzrə qazandıqları
ikinci, müstəqil Azərbaycan bayrağı altında əldə edilmiş birinci medal
idi.
Atlanta Olimpiya Oyunlarında 23 idmançı ilə təmsil olunan Azərbaycan komandası 197 ölkə arasında 61-ci yeri tutdu.
XXVII Yay Olimpiya Oyunları, Sidney - 2000
199
ölkənin qatıldığı növbəti XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan
müstəqil dövlət kimi ikinci dəfə olimpiadada iştirak edirdi. Ölkəmiz
Sidneydə 31 idmançı ilə təmsil olunurdu.
Azərbaycan
idmançıları cüdo, üzgüçülük, atıcılıq, boks, yüngül atletika,
ağırlıqqaldırma, suyatullanma və güləş yarışlarında güclərini
sınayırdılar. Atletlərimiz cüdo, boks, güləş, atıcılıq yarışlarında
uğurlu nəticələr göstərdilər. Azərbaycan komandasına ilk medalı qadınlar
arasında stend atıcılığı yarışlarında Zemfira Meftahəddinova
qazandırdı.
Onun
çıxış etdiyi idman növü ilk dəfə olaraq Olimpiya oyunlarının proqramına
daxil edilmişdi. Zemfira bu növdə iki Olimpiya rekordu müəyyən etdi.
Ölkəmizə ikinci qızıl medalı Atlanta oyunlarının gümüş mükafatçısı,
güləşçi Namiq Abdullayev gətirdi. Sidney-2000 Yay Olimpiya
Oyunlarında Azərbaycan boksunun səlnaməsinə də ilk Olimpiya medalı
yazıldı. 19 yaşlı gənc boksçu Vüqar Ələkbərov bürünc medala sahib oldu.
Azərbaycan
komandası cüdoda dörd idmançı - qadınlar arasında Zülfiyyə Hüseynova
(57 kq), kişilər arasında Elçin İsmayılov (60 kq), Mehman Əzizov (81
kq), Rəsul Səlimov (90 kq) ilə təmsil olunurdu. Lakin təəssüf ki, cüdo
yarışlarında medal əldə olunmadı.
İki
qızıl və bir bürünc medal olan Azərbaycan medal alan ölkə arasında
34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutdu. Azərbaycan
idmanı Sidney sınağından zəfərlə çıxdı.
XXVIII Yay Olimpiya Oyunları, Afina - 2004
Afina-2004
Olimpiya Oyunları Azərbaycan idmanının yeni şanlı səhifəsini yazdı.
21-ci minilliyin ilk Olimpiya oyunlarında 12 idman növündə 38 idmançı
ilə təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə
1 qızıl, 4 bürünc medalla qayıtdı. Bu oyunlarda BOK-un üzvü olan 204
ölkədən 202-si iştirak edirdi.
Yarışlarda
11039 idmançı 2021 medal, o cümlədən 669 qızıl, 666 gümüş və 686 bürünc
medal uğrunda mübarizəyə qoşulmuşdu. Azərbaycan milli komandası 38
idmançı ilə idmanın 12 növündə təmsil olunurdu.
Atletlərimiz
XXVIII Yay Olimpiya Oyunlarında 5 medal (1 qızıl, 4 bürünc) qazandılar.
Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində 22 yaşlı Fərid Mansurov
fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl, atıcılıq üzrə
yarışlarda kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açmada İradə
Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, Sidney-2000 Olimpiadasının
qızıl mükafatçısı Zemfira Meftahəddinova Azərbaycan yığmasının hesabına
iki bürünc medal yazdırdılar.
Afinada yarımfinala yüksələn ilk
Azərbaycan boksçusu Ağası Məmmədovun çəki problemi onu bürünc medalla
kifayətlənməyə məcbur etdi. Ölkəmizin aktivinə yazılan 4 bürünc medaldan
biri isə digər boksçumuz Fuad Aslanovun payına düşdü.
XXIX Yay Olimpiya Oyunları, Pekin- 2008
XXIX
Pekin Yay Olimpiya Oyunlarında ölkəmiz 12 - güləş (sərbəst güləş (7),
yunan-Roma güləşi (6) və qadın güləşi (3)), taekvondo (1), gimnastika
(qrup hərəkətləri üzrə komanda 6, fərdi yarışlarda 2), boks (2),
atıcılıq (1), atçılıq (1), üzgüçülük (2), cüdo (6), atletika (2) və
ağırlıqqaldırma (5) idman növlərində 44 idmançı ilə təmsil olunurdu. Bu
yarışda təmsilçilərimiz digər Olimpiya oyunlarından həm idmançıların,
həm də qazanılan medalların sayına görə fərqlənirdi. Komandamız Olimpiya
oyunlarında ilk dəfə olaraq, hər üç əyarda medallar qazandılar.
Maraqlıdır
ki, atletlərimiz ilk dəfə olimpiadanın atçılıq yarışlarında və bədii
gimnastika üzrə qrup hərəkətlərində qüvvələrini sınadılar. Bundan əlavə,
Pekin-2008 qadın güləşçilərimizin mübarizə aparacağı ilk olimpiada kimi
tarixə düşdü.
Ölkəmizə
Olimpiya qızılını cüdoçumuz Elnur Məmmədli (73 kq) qazandırdı. Finala
qədər bütün rəqiblərinə vaxtından əvvəl ipponla qalib gələn E. Məmmədli
həlledici matçda koreyalı idmançını 13 saniyəyə məğlub edərək 73 kq
çəkidə ən güclü oldu. Gümüş medalları yunan-Roma güləşində əldə etdik.
Finala
qədər heç bir idmançıya aman verməyən Vitali Rəhimov (60 kq) həlledici
matçda rusiyalı idmançıya məğlub olaraq, gümüş medal qazandı. Rövşən
Bayramov (55 kq) da yunan-Roma güləşində finala qədər bütün rəqiblərini
məğlubiyyətə uğratdı. İdmançımız finalda Rusiya təmsilçisinə 6:5 (3:2,
2:2) hesabı ilə uduzaraq 2-ci yerlə barışmalı oldu. Sərbəst
güləşçimiz Xetaq Qazyumovu (96 kq) yarımfinalda Rusiya atleti
dayandırdı. Təmsilçimiz bürünc medala layiq görüldü. İlk görüşdə məğlub
olsa da, rəqibinin finala qədər irəliləməsi Mariya Stadnikin (48 kq)
təsəlli yarışlarda qüvvəsini sınaması ilə nəticələnib. Medal uğrunda
yarışda isə zərif cinsin nümayəndəsi qazaxıstanlı idmançını döşəyə
çıxmağa peşman etdi. Boksçumuz Şahin İmranov (57 kq) da medal qazanan
idmançıların siyahısına düşə bildi. Yarımfinala qədər irəliləyən
boksçumuz bu mərhələdə döyüşü yarımçıq saxlamalı oldu. Zədələndiyi üçün
döyüşə bilməyən təmsilçimiz bürünc medalla kifayətləndi. 1/2 finalda
uduzan Mövlud Mirəliyev (100 kq) cüdo yarışında bürünc medal uğrunda
polşalı idmançını mübarizədən kənarlaşdırdı.
Beləliklə,
Pekində keçirilən XXIX Yay Olimpiya oyunlarında Azərbaycan yığması 7
medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına
görə 27-ci, medalların növünə görə isə 39-cu yeri tutdu.
XXX Yay Olimpiya Oyunları, London-2012
Londonda
keçirilən XXX Yay Olimpiya Oyunlarında 204 ölkədən 10 957 idmançı
iştirak edirdi. 16 gün ərzində keçirilən möhtəşəm idman tərdbirində 26
idman növündə 302 dəst medal oynanılıb. Bu ölkələrdən 54-ü çempionluq
zirvəsinə yüksəlib. Medalçı ölkələr siyahısında 1-ci yeri ABŞ, 2-ci yeri
Çin, 3-cü yeri isə Böyük Britaniya tutub.
Azərbaycan Olimpiya yığması 2 qızıl, 2 gümüş və 6 bürünc medalla ümumi hesabda 30-cu pillədə qərarlaşıb.
Azərbaycan
Respublikasının dövlət bayrağını London-2012 Yay Olimpiya Oyunlarında
Pekin-2008 Olimpiadasının çempionu Elnur Məmmədli aparırdı. Azərbaycanın
Olimpiya yığmasını 53 üzvü idmanın 16 növündə təmsil olunurdu.
Velosiped, avarçəkmə, qadın boksu, idman gimnastikası yarışlarında
idmançılarımız ilk dəfə qüvvələrini sınayırdılar.
Londonda
keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycana ilk medalı ağır
atletika üzrə yarışlarda 56 kq çəki dərəcəsində mübarizə aparan
idmançımız Valentin Xristov qazandırıb. 286 kq nəticə göstərən
idmançımız bürünc medala sahib çıxıb.
London-2012
Olimpiadasında sərbəst güləş üzrə yığmamız 6 çəki dərəcəsində Olimpiya
medalları uğrunda yarışırdı. Sərbəst güləş yarışlarında ölkəmizi Toğrul
Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif
Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Maqemadov (120 kq)
qoruyurdular.
Güləşçilərimizdən
Toğrul Əsgərov və Şərif Şərifov Olimpiya çempionu adına layiq
görüldülər. Xetaq Qazyumov isə olimpiadanın bürünc mükafatını qazandı.
Beləliklə, sərbəst güləş üzrə Azərbaycan komandası London Olimpiadasını 2
qızıl və 1 bürünc medalla başa vurdu. Sevindirici haldır ki, sərbəst
güləş üzrə Azərbaycan yığması dünyanın aparıcı ölkələrini qabaqlayaraq
ABŞ-la birgə 1-ci yeri tutdu. London-2012 Olimpiadasının qızıl medalını
20 yaşı tamam olmamış alan Toğrul Əsgərov həm də ən gənc çempion kimi
Olimpiya tarixinə düşdü.
Yunan-Roma güləşi üzrə yarışlarda
yığmamızın 2 üzvü Rövşən Bayramov (55 kq) ikinci, Emin əhmədov (74 kq)
üçüncü yeri tutdular. Bununla komandamız London-2012-də yunan-Roma
güləşi üzrə yarışlarda 5-ci pillədə qərarlaşdı.
Qadın güləşi
üzrə yarışlarda Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (55 kq)
bürünc medala sahib çıxdı. Bununla da ölkəmiz qadın güləşi yarışlarında
3-cü oldu. Ümumilikdə, olimpiadanın güləş proqramında 18 dəst medal
uğrunda 13 atletimiz yarışdı. Güləşçilərimiz ümumitlikdə 2 qızıl, 2
gümüş və 3 bürünc medalla mükafat qazanan 29 ölkə arasında 4-cü oldular.
Beləliklə, Azərbaycan Olimpiya yığması ümumilikdə, London-2012-də 10
medal (2 qızıl, 2 gümüş və 6 bürünc) qazanaraq yarışları medalçılar
siyahısında 30-cu pillədə başa vurdular.
XXXI Yay Olimpiya Oyunları, Rio-2016
Rio-2016 Olimpiadası rekordlarla yadda qaldı
Rio-2016
XXXI Yay Olimpiya Oyunları Azərbaycan idmanı üçün əlamətdar və
yaddaqalan olub. Avqustun 5-dən 21-dək Rio-de-Janeyronun dörd rayonunda -
Deodoro, Barra, Kopakabana və Marakanada keçirilən Olimpiadada 306
yarış keçirilib və ümumilikdə 2102 medal sahiblərinə təqdim olunub. XXXI
Olimpiadada rekord sayda - 206 ölkədən 11 mindən çox idmançı mübarizə
aparıb. İştirakçı ölkələrdən başqa, Olimpiya qaçqın idmançılar komandası
da iştirak edib. Olimpiya bayrağı altında mübarizə aparan bu komandanın
tərkibində 10 idmançı yer alıb. Olimpiadaya ən çox idmançı ilə təmsil
olunan ölkə ABŞ komandası olub. Bu ölkə dördilliyin zirvə yarışına 554
idmançı ilə qoşulub. Okeaniya ölkəsi olan Tuvalu isə Olimpiadaya cəmi
bir idmançı – 100 metr məsafəyə qaçış yarışında atlet Etimoni Timuani
ilə təmsil olunub. Kosovo və Cənubi Sudan isə Olimpiadada ilk dəfə çıxış
edib.
XXXI Yay Olimpiya Oyunlarında atletlər
idmanın 39 növü üzrə mübarizə aparıblar. Qolf 112, reqbi isə 92 illik
fasilədən sonra yenidən Olimpiya Oyunlarının proqramına salınıb. Bütün
yarışlar 37 arenada təşkil olunub. Olimpiadada iştirak edən ölkələrdən
yalnız 87-si müxtəlif əyarlı medallar qazana bilib. Olimpiya Oyunlarında
iştirak edən Azərbaycan atletləri 1 qızıl, 7 gümüş və 10 bürünc olmaqla
18 medal qazanaraq bu möhtəşəm yarışı medal qazanan ölkələr arasında
39-cu pillədə başa vurublar. Bu göstəricidə Gürcüstandan geri qalan
ölkəmiz Belarus, Türkiyə və Ermənistandan önə keçib. Medal sayında isə
Azərbaycan Yeni Zelandiya ilə birgə 14-15-ci yerləri bölüşürüb.
Qeyd
edək ki, Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarında
əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü
üzrə 56 idmançı (57 lisenziya) təmsil olunub. Bu, London-2012 Yay
Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Ölkəmiz triatlon,
kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə
təmsil olunub. Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk
dəfə Olimpiya Oyunlarında iştirak edib. Rio-de-Janeyroda Azərbaycan
güləş, gimnastika və boks yarışlarında olmaqla 3 hakimlə də təmsil
olunub. Komandamıza yeganə qızıl medalı taekvondoçu Radik İsayev
qazandırıb. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu
Lorenzo Sotomayor, cüdoçular Rütəm Orucov və Elmar Qasımov, qadın
güləşçimiz Mariya Stadnik və kanoeçi Aleksandr Demyanenko yalnız final
görüşlərində uduzaraq gümüş medala sahib olublar.
Taekvondo
yarışlarında Milad Beiqi Harçeqani və Patimat Abakarova, boksçu Kamran
Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin,
Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov, avarçəkən İnna
Osipenko-Radomskaya isə bürünc medalla kifayətləniblər.
Olimpiadada
hesabında 121 medal (46 qızıl, 37 gümüş və 38 bürünc) olan ABŞ birinci
olub. Böyük Britaniya 67 medalla (27 qızıl, 23 gümüş, 17 bürünc) ikinci,
Çin 70 medalla (26 qızıl, 18 gümüş və 26 bürünc) üçüncü pillədə yer
alıb.
İlk onluğu Rusiya (19-18-19), Almaniya (17-10-15),
Yaponiya (12-8-21), Fransa (10-18-14), Cənubi Koreya (9-3-9), İtaliya
(8-12-8) və Avstraliya (8-11-10) tamamlayıb.
İlk dəfə taekvondada qızıl medal
Rio-2016
Azərbaycan Olimpiya yığması üçün maraqlı məqamları ilə yanaşı,
rekordları ilə də yadda qalıb. Olimpiyaçılarımız həm qazandıqları medal
sayına görə, həm də taekvondo, boks və avarçəkmədə yeni tarix yazmaqla
çoxsaylı rekordlar qazanıblar.
Şübhəsiz ki,
Olimpiya yığmamızdan ən yaxşı nəticəni taekvondoçularımız göstəriblər.
Yay Olimpiya Oyunlarına ilk dəfə tam heyətlə (4 idmançı) yollanan
taekvondoçularımız yüksək nəticəyə imza atıblar. Ölkəmiz yeganə qızıl
medalı da məhz bu idman növündə qazanıb. Bu, həm də Olimpiya Oyunlarında
ölkəmizin idman tarixində taekvondo idman növündə ilk "qızıl"ıdır.
Komandamızın aparıcı üzvlərindən olan Radik İsayev öz çəkisində (+80 kq)
planetin ən güclü olduğunu sübut edib. O, həlledici görüşdə Abdulrazzak
İssufu 6:2 hesabı ilə məğlub edərək Olimpiya çempionu adını qazanıb.
Olimpiadada
Patimat Abakarovanın (49 kq) və Miladi Beiqi Herçeqaninin (80 kq)
bürünc mükafatları taekvondo üzrə milli komandamızın qadınlar və kişilər
arasında əldə etdiyi ilk medal idi. Qadın taekvondoçumuz Fəridə Əzizova
(67 kq) isə olimpiadada 5-ci yeri tutub. Təmsilçilərimiz 1 qızıl və 2
bürünc olmaqla, ümumilikdə 3 medal qazanaraq bu idman növündə tarixi
nailiyyət əldə ediblər. 4 taekvondoçumuzdan 3-nün medal qazanması
idmançı sayına nisbətdə 75 faiz nəticə anlamına gəlir. Bu da
taekvondoçuların olimpiadada möhtəşəm uğur deməkdir. Rio-2016-da
qazanılan nəticələrə görə 4-cü yeri tutaraq, ən yaxşı yığmalardan biri
kimi tarixə düşən taekvondo üzrə Azərbaycan millisi Olimpiadanı MDB
ölkələri arasında 1-ci, Avropada isə 2-ci yerdə başa vurub.
Güləşdə 9 medal
Yay
Olimpiya Oyunlarında medal qazanan atletlərimiz arasında
güləşçilərimiz, bir qayda olaraq, xüsusilə fərqləniblər. Bu da ölkəmizdə
güləşin qədim tarixi kökləri ilə bağlıdır. Elə bir azərbaycanlı tapmaq
çətindir ki, uşaq və yeniyetmə çağlarında bu və ya digər səviyyədə
güləşlə məşğul olmasın. Bu mənada bütün olimpiadalarda medal qazanmağa
şanslı atletlərimiz arasında güləşçilərimizin daha önəmli mövqeyə sahib
olması anlaşılandır. Rio-2016-da qələbə uğrunda mübarizə aparan
güləşçilərimizin də təbii ki, yüksək nəticələr gözlənilirdi. Ən müxtəlif
səviyyələrdə verilən bu proqnozları olimpiadada iştirak edən
güləşçilərimiz ləyaqətlə doğrultdular. Olimpiadanın güləş yarışlarında
14 idmançı ilə çıxış edən milli komandamız 3 gümüş və 6 bürünc olmaqla 9
medal qazandılar. Bu nəticə ölkəmizin müstəqil dövlət kimi indiyədək
iştirak etdiyi Olimpiya Oyunları ilə müqayisədə güləş idman növündə ən
çox medal qazanılan yarışlardır. Ölkəmizin Olimpiya tarixində yeni bir
səhifə açan güləşçilərimiz qazanılan medalların sayına görə Rusiya ilə
ilk sıranı bölüşdürüblər - hərəyə 9 medal.
Yarışların ilk üç
günündə baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və
məşqçi Akif Əliyevin rəhbərliyi altında 5 çəki dərəcəsində mübarizə
aparan yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (66 kq) və Sabah
Şəriəti (130 kq) bürünc medal qazanıblar. Bu nəticə ilə yunan-Roma üzrə
yığmamız Dünya Güləş Birliyinin (DGB) ənənəvi reytinq sıralamasında 3-cü
olublar. Qadın güləşçilərin yarışında baş məşqçi Semyon Çterevin
rəhbərliyi altında çıxış edən 3 idmançımız 1 gümüş və 1 bürünc medal
əldə ediblər. Mariya Stadnik (48 kq) yalnız finalda uduzaraq gümüş,
Nataliya Sinişin (53 kq) isə bürünc medal qazanıb. Bu nəticə ilə qadın
güləşi yığmamız DGB-nin reytinq sıralamasında 4-cü yerdə qərarlaşıb.
Yarışların
son üç günündə qələbə uğrunda altı çəki dərəcəsində əzmlə mübarizəyə
qoşulan sərbəst güləşçilərimiz də yığmamızın medal aktivini daha da
zənginləşdiriblər. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi
Umudovun rəhbərliyi altında sərbəst güləş üzrə yarışlarda öz qüvvəsini
sınayan 6 pəhləvanımızdan - Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97
kq) gümüş, Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif
Şərifov (86 kq) isə bürünc medallar qazanıblar. Medalların sayına (2
gümüş, 3 bürünc medal) və DGB-nin reytinqində sərbəst güləş üzrə
yığmamız birinci yerə yüksəlib.
Azərbaycan pəhləvanlarının
Rio-2016-da qazandıqları bu nəticələr yuxarıda qeyd etdiyimiz kimi,
müstəqil ölkə kimi indiyədək iştirak etdiyimiz Olimpiya Oyunları ilə
müqayisədə medalların sayına görə yeni mərhələdir. Statistik
göstəricilər də medalların sayındakı artımı sübut edir. Belə ki,1996-cı
ildə Atlantada keçirilən Yay Olimpiya Oyunlarında 1 gümüş, 2000-ci il
Sidneydə keçirilən Olimpiadada 1 qızıl, 2004-cü ildə Afinada keçirilən
Olimpiadada 1 qızıl, 2008-ci ildə Pekində keçirilən Olimpiadada 2 gümüş,
2 bürünc, ümumilikdə 4 medal, 2012-ci ildə Londonda keçirilən
Olimpiadada isə 2 qızıl, 2 gümüş, 3 bürünc olmaqla yekunda 7 medal
qazanan güləşçilərimiz Rio-2016 Olimpiya Oyunlarında 3 gümüş və 6 bürünc
olmaqla, ümumilikdə 9 medal əldə ediblər.
Qeyd edək ki,
Mariya Stadnik və Xetaq Qazyumov ardıcıl üç Olimpiadada mükafatçı olan
ilk idmançılar kimi ölkənin idman tarixinə imza atıblar.
Olimpiya Oyunlarında güləşçilərimizin qazandığı medallar
İl Şəhər Qızıl Gümüş Bürünc Cəmi
1996 Atlanta 0 1 0 1 (15-18-ci yer)
2000 Sidney 1 0 0 1 (7-10-cu yer)
2004 Afina 1 0 0 1 (8-11-ci yer)
2008 Pekin 0 2 2 4 (13-cü yer)
2012 London 2 2 3 7 (4-cü yer)
2016 Rio 0 3 6 9 (11-ci yer)
Müstəqillik
qazandıqdan sonra Azərbaycan 6 yay Olimpiya Oyunlarında iştirak edib.
Bu olimpiadalarda qazandığımız 44 medal 7 idman növündə əldə edilib.
Müqayisə üçün bildirək ki, olimpiyaçılarımız üçün ən uğurlu növ şübhəsiz
ki, güləşdir. Qazanılan medalların yarıdan çoxu (23 medal) məhz
pəhləvanlarımızın aktivindədir. Əldə etdiyimiz 7 qızılın da yarıdan çoxu
(4 medal) bir nömrəli idman növümüzün payına düşür. Müstəqillik
illərimizin bütün Yay Olimpiya Oyunlarından güləşdə medal qazanmağımız,
bu idman növünün fərqləndirən cəhətlərdən biridir. Rio-2016-da 9 medal
əldə edən pəhləvanlarımız əvvəlki olimpiadada bütün yığmamız üçün
arzulanan bir göstəriciyə imza atıblar.
Cüdo
Olimpiyaçılarımız
cüdo yarışlarında 7 gün ərzində 14 dəst medal uğrunda mübarizə
aparıblar. Olimpiadada 6 kişi cüdoçu ilə qələbə uğrunda mübarizəyə
qoşulan Azərbaycan millisi 2 gümüş medal qazanmaqla Olimpiya komandamıza
ilk medal sevincini yaşadıblar. Rüstəm Orucov (73 kq) və Elmar Qasımov
(100 kq) finaladək olan rəqiblərini məğlub edərək, yalnız həlledici
qarşılaşmada uduzublar. Digər cüdoçularımız da qələbə uğrunda səylə
mübarizə aparsalar da, medal qazana bilməyiblər. Lakin Olimpiya
Oyunlarında ilk səkkizlikdə yer almaq özü də bir nəticədir. Belə ki,
cüdoçularımızdan Orxan Səfərov (60 kq) Olimpiadanı 5-ci, Məmmədəli
Mehdiyev (90 kq) isə 7-ci yerdə başa vurub.
London-2012 ilə
müqayisədə cüdoçularımızın nəticələrini qənaətbəxş hesab etmək olar.
Cüdo idman növündə əldə olunan bu uğurlar onu deməyə əsas verir ki,
London Olimpiadasından sonra bu idman növündə yenidən canlanma var. Cüdo
yarışlarında iştirak edən 136 ölkədən yalnız 26-sı medal qazanıb.
Azəbaycan cüdoçularının qazandıqları 2 gümüş medal yığmamızı medal
sıralamasında 12-ci yerə yüksəldib. Ölkəmiz postsovet məkanında yalnız
Rusiyadan geri qalaraq 2-ci olub. Qeyd edək ki, kişilərdən ibarət
komandaların medal sıralamasında yığmamız daha yüksək - 6-cı yeri tutub.
Bu nəticəyə cüdo üzrə milli komandamızın yalnız kişi cüdoçularla təmsil
olunması təsir edib. Belə ki,ümumi sıralamada olduğu kimi kişilərin
hesabında da Yaponiya 1-ci olub. Maraqlıdır ki, 7-si kişi, 5-i qadın
olmaqla asiyalılar isə ümumilikdə 12 medal qazanıblar.
Qazanılan
nəticələr ölkəmizdə bu növün diqqət mərkəzində saxlanılmasından xəbər
verir. Əbəs yerə deyil ki, 2018-ci ildə cüdo üzrə dünya çempionatına ev
sahibliyi etmək Bakıya həvalə olunub. İnanırıq ki, iki ildən sonra
keçiləcək turnirdə cüdoçularımıza göstərilən etimadı bir daha
doğruldacaqlar.
Boks
Azərbaycan
atletlərinin Rio-2016-da qazandıqları medalların sırasına boksçularımız
da 1 gümüş və 1 bürünc medal əlavə etməklə həm bu idman növündə, həm də
ölkəmizin Olimpiya tarixində böyük bir uğura imza atıblar. Azərbaycan
boksçusunun finala yüksəldiyi 12 ölkədən biri olub. Belə ki,
Olimpiadanın proqramına daxil olan boks idman növündə 13 medal dəsti
uğrunda mübarizə aparan 11 boksçumuzdan - Lorenzo Sotomayor (64 kq)
gümüş, Kamran Şahsuvarlı (75 kq) isə bürünc medal qazanıblar. Ölkəmizin
boks tarixinə ilk və hələlik yeganə finalçı kimi düşən idmançımız
L.Stomayorun qızıl medal qazanmaq şansı olsa da, o final qarşılaşmasında
özbəkistanlı rəqibi Fazliddin Qaybnəzərova uduzaraq, gümüş medal
qazanıb. Qeyd etmək lazımdır ki, hakimlərin ədalətsizliyi də boksçumuzun
qızıl medal qazanmaq uğrundakı mübarizəsinə mane olub. Nəticədə
Olimpiya Oyunlarını 1 gümüş və 1 bürünc medalla başa vuran boks
komandamız Olimpiadada 10-cu yerə çıxıb. Kolumbiya ilə eyni göstəriciyə
malik ölkəmiz, Qazaxıstanın boksçuları Asiyada mübarizə apardığından,
Fransa, Rusiya və Böyük Britaniyadan sonra Avropada 4-cü olub. Medal
sayında birinci yeri tutan Özbəkistan Kuba ilə eyni sayda qızıl medal
qazansa da digər mükafatlarda onları qabaqlayıblar. Fransa isə üçüncü
olub. Ümumilikdə, bu idman növündə 19 ölkənin boksçusu medal qazanıb.
London-2012-də
Teymur Məmmədovla Məmmədrəsul Məcidovun hər birinin fəxri kürsününü
üçüncü pilləsində qərarlaşdığını nəzərə alsaq, Rio-2016-nı boksçularımız
üçün də uğurlu hesab etmək olar.
Avarçəkmədə ilk dəfə
XXXI
Yay Olimpiya Oyunları ölkəmiz üçün həm də onunla əlamətdar oldu ki, ilk
dəfə olaraq avarçəkmə idman növündə də 1 gümüş və 1 bürünc olmaqla 2
medal qazanılıb. Belə ki, Valentin Demyanenko birnəfərlik kanoe
qayığında 200 metr məsafədə gümüş, İnna Osipenko-Radomskaya isə
birnəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüşdə bürünc medal əldə
ediblər. Azərbaycan Olimpiya Oyunlarında avarçəkmə idman növündə ilk
dəfə medal qazanaraq idman tariximizdə yeni səhifə yazıb.
Beləliklə,
olimpiyaçılarımız yüksək əzmkarlıq sayəsində 18 medal qazanıblar. Bunun
sayəsində Azərbaycan Olimpiya Hərəkatında və idman tarixində yeni
səhifə açılıb. Şübhəsiz ki, qazanılan 18 medal uşaq və gənclərimizi
idmana həvəsləndirən əsas stimullardan biridir. Onlar Radik İsayev,
Toğrul Əsgərov, Rüstəm Orucov, Fəridə Əzizova kimi idmançlarımızı
özlərinə kumir seçiblər. Ümid edirik ki, adıçəkilən idmançılardan
ilhamlanıb zallara ayaq basan uşaq və yeniyetmələr növbəti
Olimpiadalarda ölkəmizi təmsil edərək, başqalarına nümumə olacaqlar.
Azərbaycanın Müstəqillik illərində yay Olimpiya Oyunlarında qazandığı medallar
Ölkəmiz yay Olimpiya Oyunlarında cəmi 9 idman növündə medal qazanıb.
Sərbəst güləş: 11 medal - 3 qızıl, 3 gümüş, 5 bürünc
Yunan-Roma güləşi: 7 medal - 1 qızıl, 3 gümüş, 3 bürünc
Qadın güləşi: 5 medal - 2 gümüş, 3 bürünc
Taekvondo: 3 medla - 1 qızıl, 3 bürünc
Kanoe: 2 medal - 1 gümüş, 1 bürünc
Boks: 7 medal - 1 gümü., 7 bürünc
Atıcılıq: 3 medal - 1 qızıl, 2 bürünc.
1. Atlanta-1996 - 1 medal (0-1-0)
2. Sidney-2000 - 3 medal (2-0-1)
3. Afina-2004 - 5 medal (1-0-4)
4. Pekin-2008 - 7 medal (1-2-4)
5. London-2012- 10 medal (2-2-6)
6. Rio-2016 - 18 medal (1-7-10)
51109 oxunub