XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



İrina Kindzerskaya: “Çalışmışam ki, başladığım hər biri işi uğurla başa çatdırım”
Müsahibə 12:12 / 17.06.2021
Artıq bir ildən çoxdur ki, bütün dünyanın mübarizə apardığı COVİD-19 pandemiyası bir çox mötəbər tədbirlərin təxirə salınmasına səbəb olub. Təbii ki, bunlardan biri də idmansevərlərin həvəslə gözlədiyi dordilliyin zirvə yarışı olan Olimpiya Oyunlarıdır. Lakin bir il təxirə salınmasından sonra oyunların keçirilməsi zəruri hal alıb. Belə ki, artıq idmançıların bəziləri səbirsizliklə gözlədikləri Olimpiya Oyunlarına lisenziyalarını belə qazanıblar.
"Bizim müsahibə” rubrikasının budəfəki qonağı Oyunlara lisenziyanı təmin edən və əslən Ukraynadan olan qadın cüdoçumuz İrina Kindzerskayadır. Müsahibimiz bizimlə söhbətində lisenziya xarakterli yarışlardan, idman karyerasından, ailəsindən və digər maraqlı məqamlardan danışdı.
Avropa çempionatlarının gümüş və bürünc, dünya çempionatının bürünc, IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı, 2019-cu ildə Minskdə keçirilən II Avropa Oyunlarının bürünc mükafatçısı olan ağır çəkili cüdoçumuz ilə olan səmimi müsahibəni oxucularımıza təqdim edirik.



- İrina, gəlin söhbətimizə lap əvvəldən başlayaq. İstərdik ki, bizə bir az idmanda atdığınız ilk addımlardan danışasınız.


- 13 yaşım olanda ailəmlə birgə Ukraynanın Kamenes Podolski şəhərindən Dunaevsi şəhərinə köçdük. Burada yeni məktəbə yazıldım. Qeyd edim ki, həmin vaxtı orta məktəblə yanaşı, həm də musiqi məktəbinə gedirdim. Kiçik yaşlarımdan iri uşaq olduğum üçün yaşıdlarımdan fərqlənirdim (gülür). Məhz bu səbəbdən də musiqi müəlliməmin diqqətini çəkdim. Müəlliməmin həyat yoldaşı cüdo üzrə məşqçi işlədiyi üçün mənə idmanla məşğul olmağı məsləhət gördü. O, həyat yoldaşı ilə məsləhətləşdikdən sonra onun işlədiyi idman zalına gedib, məşq prosesinə baxmağımı təklif etdi. Elə ilk gündən cüdo məni özünə cəlb etdi. Qərar verdim ki, idmanla məşğul olum. Beləliklə, musiqi müəlliməmin həyat yoldaşı Mudrik Kostantin Mixayloviç ilk məşqçim oldu.


- Musiqi məktəbində hansı bölmə üzrə təhsil alırdınız?

- Musiqi məktəbində fortepiano dərsləri alırdım. Düzdür, yuxarı siniflərdə həm məktəb dərslərimi, həm idman məşqlərimi, həm də musiqi dərslərimin öhdəsindən gəlmək mənə biraz çətin idi. Lakin buna baxmayaraq, sevərək məşğul olduğum musiqi məktəbini qırmızı diplomla bitirdim və məktəbin ən yaxşı tələbələrindən biri oldum.



- Maraqlıdır, kiçik yaşlarınızdan musiqi ilə məşğul olduğunuz halda, bir anda musiqiyə tamamilə zidd bir sahəyə, idmana keçməyə özünüzdə necə cəsarət tapdınız?

- Düzdür, musiqi ilə məşğul olmağı çox sevirdim. Lakin cüdo ilə tanış olduqdan sonra demək olar ki, düşüncəm dəyişdi. Düşünürdüm ki, cüdo üzrə məşqlərim lazımı səviyyədə olmasa və bu məndə alınmasa, yenidən musiqiyə qayıda bilərəm. Bundan sonra tamamilə özümü idmana həsr etmək qərarına gəldim. Etiraf edim ki, musiqi müəlliməm biləndə ki, mən idmanı seçdim çox təəssüfləndi. Çünki o, mənim musiqi konservatoriyasına daxil olacağımı düşünürdü.


- Qrafikinizin sıx olmasına baxmayaraq, heç olurmu ki, özünüz və ya yaxınlarınız üçün fortepianoda ifa edəsiniz?

- Fortepianom valideynlərimin evindədir. Əlbəttə, onlara qonaq gedəndə fortepiano arxasına keçirəm və nəsə ifa etməyə cəhd edirəm. Təbii ki, çox şeyləri unutmuşam. Bacarığını və istedadını daha da təkmilləşdirmək üçün idmanda olduğu kimi, musiqidə də mütəmadi məşqlər tələb olunur.


- Ailənizdə necə, sizdən başqa idmanla peşəkar səviyyədə məşğul olan varmı?

- Atam və anamın idmana qarşı böyük sevgisi olub. Belə ki, onlar da məktəb vaxtlarında həvəskar şəkildə idmanla məşğul olublar. Atam ağırlıqqaldırma, anam isə atletika üzrə yarışlarda məktəbin idman şərəfini qoruyub. Lakin məktəbi bitirdikdən sonra valideynlərim idman karyeralarını peşəkar şəkildə davam etdirməyiblər. Məndən on ay böyük bacım isə idmanla məşğul olmayıb. Kiçik yaşlarından arıq və cılız olduğu üçün tez-tez zədələnirdi və nəticədə sınıqlar yaranırdı. Buna görə də, atam ona idmanla məşğul olmağa icazə vermirdi.


- Necə hesab edirsiniz, peşəkar idmançı ailəsində doğulmayan biri olaraq, sizə idmanda uğur qazanmağa nə kömək etdi?


- Mən uşaqlıqdan başladığım hər bir işi sona çatdırmağı öyrənmişəm. Çalışmışam hər yerdə birinci olum. Ola bilər ki, mənə bütün işlərimdə dəstək olan və yolun yarısında təslim olmamağı öyrədən valideynlərim güc verib. Həmçinin məndə cüdoya qarşı sevgi yaradan məşqçim kömək edib. Ümumiyyətlə, deyim ki, hər zaman məqsədyönlü biri olmuşam. Çalışmışam ki, başladığım hər biri işi uğurla başa çatdırım.


-​ Ötən il pandemiyaya görə Tokio-2020-nin təxirə salınması qərarını necə qarşıladınız. Nəzərə alaq ki, siz hələ ötən il reytinq cədvəlinə əsasən, olimpiadaya lisenziyanı təmin etmişdiniz. ​

- Etiraf edim ki, Olimpiya Oyunlarının təxirə salınması xəbəri məni ağlatdı. Bu, mənə həqiqətən də çox pis təsir etmişdi. İdmançılar mütamadi olaraq məşq edib, idman dünyasının ən önəmli yarışına həyəcanla hazırlaşırdılar. Yarışların bir anda​ təxirə salınması xəbəri isə hazırlıq səviyyəmizi və fiziki formamızı daha bir il dəyişilməz saxlamalı olmağımız mənasına gəldi. Bu isə həqiqətən də çətin idi.​


- Bir müddət əvvəl Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatı təşkil olundu. Olimpiada ərəfəsində keçirilən qitə çempionatındakı çıxışınız uğursuz oldu. Bu məğlubiyyəti nə ilə əlaqələndirərdiniz?

- Nəzərə alsaq ki, Olimpiya Oyunlarına lisenziya şansım çoxdur, Avropa çempionatı mənim üçün yoxlama məqsədi daşıyırdı. Tokio-2020-yə əsas hazırlıq mərhələlərindən biri olduğu üçün özümə yüksək nəticə qazanmağı məqsəd qoymuşdum. Lakin bir müddət əvvəl Daşkənddə təşkil olunacaq Qran-Pri yarışlarına hazırlıq zamanı dizimdən zədə almışdım. Zədəmi tam bərpa etməmiş mübarizəyə qoşuldum. Təəssüf ki, elə ilk qarşılaşmadan dizimdə dartınma baş verdi. Zədəmin daha da ciddiləşəcəyi fikri məni çox narahat edirdi. Çünki zədə olanda idmançı bütün fikrini mübarizəyə yönəldə bilmir. Düşünmüşdüm ki, ehtiyatla zədəmə qalib gəlib, layiqincə mübarizə apararam. Amma görünür, mən gücümü yalnış qiymətləndirdim. Hazırda mənim əsas məqsədim dizimi müalicə etmək və bütün gücümlə Olimpiya Oyunlarına hazırlaşmaqdır. Belə ki, bu günə qədər qarşıma çıxan bir çox sərhədləri aşaraq, hazırki formama çatmışam. Buna görə də, indi bütün fikrimi toplayıb yalnız irəli getmək lazımdır.


- Uzun müddətdən sonra üzləşdiyiniz məğlubiyyət sizə necə təsir etdi?

- Bilirsiniz, uzun müddət çıxışlarımdan sonra ilk dəfə olaraq yarışı lap əvvəldən, ilk mərhələdən uduzdum. Buna görə də, məğlubiyyətimi qəbul edə bilmirəm və özümü əzilmiş hiss edirəm. Məğlubiyyətimin səbəbinin zədə olmasını bilsəm də, məğlub olmağı bacarmadığım üçün bununla barışa bilmirəm. Əslinə, bu turnirdə iştirak etməyim zəruri deyildi. Amma Avropa çempionatı olduğu üçün mübarizədən kənarda qalmaq istəmədim.


- İrina xanım, həyat yoldaşınızın azərbaycanlı olduğunu bilirik. O necə, hazırda idman sahəsində fəaliyyət göstərir?

- Həyat yoldaşım Həmid Əliyev sambo və cüdo ilə məşğul olub. Tanışlığımız da məhz idman sahəsində yaranıb. O, bir çox beynəlxalq yarışların mükafatçısı olub və sambo üzrə idman ustasıdır. Lakin bir müddət əvvəl karyerasını bitirib və hazırda cüdo üzrə uşaqlara məşqçilik edir.


- Bəs elə anlar olubmu ki, yarışdan əvvəl sizi həyat yoldaşınız məşq etdirsin?

- Həyat yoldaşım mənə hər zaman dəstək olur. O, hətta mənimlə birgə məşq edir. Hər bir yarışdan sonra həyat yoldaşım və məşqçimlə birgə buraxdığım səhvləri müzakirə edirik. Növbəti dəfə eyni səhvləri təkrarlamamaq üçün nə etməli olduğuma qərar veririk. Bir sözlə, mən bu işdə tək deyiləm, bu komanda işidir.


- Hansı ölkə təmsilçiləri ilə görüşdən əvvəl daha çox həyəcanlanırsınız?

- Bu Yaponiya və Kuba təmsilçiləridirlər. Çıxış etdiyim çəkidə onlar yarışların favoriti hesab olunurlar. Bundan əlavə mənim onlarla şəxsi prinsipim də var (gülür).


- Döyüşdən əvvəl nə haqda düşünürsünüz? Sizə döyüşməyə nə güc verir?

- Bu mənim sirrimdir (gülür). Hər bir yarışda müxtəlif olur.


- İdman karyeranızda ən uğurlu nəticə və ən təsirli uğursuzluq hansı olub?

- Uğurlu nəticə 2017-ci ildə Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanmağımı hesab edirəm. Uğursuzluq isə 2012-ci ildə Londonda təşkil olunan XXX Yay Olimpiya Oyunlarında 5-ci yerdə qərarlaşmağımdır. Təəssüf ki, həmin qarşılaşmada bürünc medalı əldən verdim.


- Azərbaycan millisinin üzvü olmağa necə qərar verdiniz?

- Sizə qısaca belə danışım. Azərbaycan millisinə +78 kq çəki dərəcəsində cüdoçu tələb olunurdu. Həmin vaxt da mən artıq azərbaycanlı biri ilə ailə həyatı qurmuşdum. Hər bir amili nəzərə alaraq, məhz Azərbaycan millisinin şərəfini qorumaq qərarına gəldim.


- Bəs yığmaya gəldiyiniz ilk günlərdə hansı çətinliklərlə üzləşdiniz?

- Bu qərarı verdikdən sonra çox həyəcan keçirirdim. Belə ki, yeni komanda, fərqli danışıq dili, bunların öhdəsindən necə gələcəyimi düşünürdüm. Lakin elə ilk günlərdən komanda yoldaşlarım məni çox doğma və səmimi qarşıladılar. Demək olar ki, komanda üzvlərinin əksəriyyəti rus dilini bilir. Buna görə də, həmin vaxtlar mənə ünsiyyət qurmaq və komanda yoldaşlarımla səmimi münasibət yaratmaq çətin olmadı. Üçüncü yer uğrunda mübarizə apardığım zaman komanda yoldaşlarım həm qızlar, həm də oğlanlar kənardan məni səsləyərək, böyük dəstək nümayiş etdirirdilər. Bu, həqiqətən də, mənə çox xoş təsir bağışlayırdı. Bir sözlə, bizim əla komandamız var.


- Bakıya mütamadi olaraq gəlirsiniz. Azərbaycan dilində danışa bilirsiniz?

- Azərbaycan dilində sadə sözləri və ifadələri bilirəm. Düşünürəm ki, bir müddət Azərbaycanda qalsam danışıqları anlayaram və tez bir zamanda öyrənərəm. Əslində, yavaş-yavaş danışanda söhbətin nədən getdiyini başa düşürəm. Ancaq danışmaq mənim üçün biraz çətinlik yaradır. Həyat yoldaşım və onun ailəsi rus dilində bildikləri üçün məndən tez bir zamanda Azərbaycan dilini öyrənmək tələb olunmur. Lakin buna baxmayaraq, bu dili öyrənməyə çalışıram. Çünki hesab edirəm ki, idmançı şərəfini qoruduğu dövlətin dilini mütləq şəkildə bilməlidir. Azərbaycan dilində ifadələrdən isə "salam, necəsən?, nəynirsən?, mənim adım İradır, mənim 29 yaşım var, çox sağ ol, pis, yaxşı, biraz bilirəm, qapını açmaq, bağlamaq, sevirəm” kimi sözləri bilirəm. Həmçinin rəngləri və 1-dən 100-ə qədər saymağı bacarıram. Bundan əlavə daha bir neçə ifadələr bilirəm.


- Bir Azərbaycanlı şəxsin həyat yoldaşı olaraq, Azərbaycan mətbəxindən hansı yeməkləri hazırlamağı bacarırsınız və hansı yeməkləri sevirsiniz?

- Mən Azərbaycan mətbəxinin bir çox yeməklərini hazırlamağı bacarıram. Ailəm üçün dolma, şah plov, çığırtma, bozbaş (bozartma) bişirmişəm. Hətta qaynanamla paxlava da hazırlamışam. Yeri gəlmişkən, mənim çox yaxşı qaynanam var. O, mənə bilmədiklərimi öyrədir. Azərbaycan mətbəxindən sevdiyim təamlar isə dolma və şordur.


- Azərbaycan xalqının ən vacib adət ənənələrindən biri olan toylarda iştirak etmisiniz? Toyların adət-ənənəsi sizə necə təsir bağışlayıb?


- Mənim öz toyum Azərbaycanda olub. Buna görə də bütün adət-ənənələri öz üzərimdə hiss etdim. Azərbaycan toyları mənə çox fərqli və maraqlı təsir bağışladı. Əsas amillərdən biri də toyda həddindən artıq çox insanın iştirak etməsi idi. Ukraynada isə qonaqların sayı adətən az olur.


- Bəs hansı Azərbaycan bayramlarını bilirsiniz?


- İslam aləmində ən müqəddəs bayramlardan biri olan Qurban Bayramı mənə maraqlı gəlir. Bilirəm ki, bu bayramda qurban kəsib, ehtiyacı olan insanlara paylayırlar. Bu, çox təsirli və eyni zamanda gözəl məqamdır. Həmçinin Novruz bayramında səməninin cücərdilməsi də mənə çox maraqlı gəlir.


- İdmandan əvvəl musiqi ilə məşğul olduğunuzu qeyd etdiniz. Karyeranızı bitirdikdən sonra yenidən musiqi ilə məşğul olmaq istərdinizmi?

- Hazırda 29 yaşım var. Karyeramı bitirdikdən sonra zamanımı ailəmə və gələcək övladlarıma həsr etmək istəyirəm. Təbii ki, gələcəkdə övladlarıma musiqi dərsi verə biləcəyim ehtimalı da var (gülür).

- İrina xanım, maraqlı və səmimi söhbətə görə təşəkkür edirik.


- Mən sizə təşəkkür edirəm ki, biz idmançıları hər zaman diqqətdə saxlayırsınız.


Türkay Niftəliyeva

29208 oxunub

InvestAZ