XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Zemfira Meftaxetdinova: “Silahı yerə qoyub, estafeti gənc nəsilə ötürdüm”
Müsahibə 12:28 / 27.04.2021

"Torpaqların azadlığı uğrunda canını fəda edən vətən övladlarının
hər biri bizim fəxrimizdir”


Müstəqil Azərbaycanın idman tarixində özünəməxsus uğurları olan idmançıların sayı yetərincədir. Onların hər biri beynəlxalq arenalarda uğurla çıxış edərək, bayrağımızı zirvələrə ucaldıblar. Bu ənənə keçmişdən gələcək nəsillərə bir yadigardır. Olimpiya Oyunlarında stend atıcılığı üzrə qızıl medal qazanan Zemfira Meftaxetdinovanı hər birimiz yaxşı tanıyırıq. Gülərüz, mehriban və yüksək insani keyfiyyətlərə malik olan xanım idmançımız karyerası ərzində böyük uğurlara imza atıb. O, Sidney-2000 Yay Olimpiya Oyunlarının qızıl, Afina-2004 Olimpiadasının isə bürünc medalını qazanıb. 1993, 1997 və 2003-cü illərdə Avropa çempionu olan Zemfira Meftaxetdinova müstəqil Azərbaycanın birinci Olimpiya çempionu kimi tarixə düşüb. Olimpiya çempionumuz 1995-ci və 2004-cü ildə "Tərəqqi” medalı, 2000-ci ildə isə "Şöhrət” ordeni ilə təltif olunub. İdmançı karyerasını bitirdikdən sonra Zemfira xanım DİN İdman Cəmiyyətinin sədri vəzifəsində çalışır. Bu yaxınlarda onunla görüşüb, idmançı karyerasından, onun uğurunda pay sahibi olan məşqçisindən və digər mövzulardan danışdıq. "Olimpiya dünyası” qəzeti həmin müsahibəni çoxsaylı oxucularına təqdim edir.


- Zemfira xanım, atıcılıq idman növü qadın üçün daha xarakterikdir. Bu növ insandan özünəməxsus xüsusiyyətlər tələb edir. Belə ki, əks cinsdən fərqli olaraq xanımlar səbrli olur, hadisələrə çılğın yanaşmırlar. Ola bilər ki, məhz bu səbəbdən seçdiyiniz idman növü sizin üçün daha uğurlu olub?

- Bəli, doğrudan da belədir. Qadın kişidən fərqli olaraq öz emosiyalarını daha tez cilovlaya bilir. Səbr uğurun və məqsədin yarısı deməkdir. Bundan başqa hər bir insan ürəyincə olan işin arxasınca getməlidir. Məhz belə bir məqamda insan bütün çətinliklərə sinə gərir, böyük uğurlara yiyələnir. O ki qaldı seçdiyim idman növünə, 13 yaşımdan atıcılığa böyük həvəs göstərmişəm. İdmana olan həvəsim isə idman gimnastikasından başlayıb. Lakin həyat elə gətirdi ki, atıcılıq idman növü daha çox diqqətimi çəkdi. Yaşadığım ərazinin yaxınlığında atıcılıq mərkəzi var idi. Qızlarla ora gedib, oradakı idmançılara tamaşa edirdik. Zaman keçdikcə artıq özüm də onlardan biri olmaq istəyirdim. Elə bu minvalla məşqlərə yazıldım. Evdə valideynlərim də bu istəyimə qarşı çıxmadılar. Beləcə, peşəkar idmana qədəm qoydum.

- İdmançı karyeranıza nəzər salarkən görürük ki, böyük idmanda ilk addımlarınızı o vaxtki "Dinamo” cəmiyyətində atmısınız. Bununla yanaşı, bu idman ocağına hər zaman sadiqlik nümayiş etdirmisiniz.

- Hazırda rəhbərlik etdiyim bu cəmiyyət mənim üçün hər zaman doğma olub. Mən həmişə buraya sadiq olmuşam. İlk dəfə "Dinamo”ya gəlişim 1977-ci ilə təsadüf edib. 1979-cu ildə buradan mənə 50 rubl təqaüd verilməyə başlandı. Həmin vaxt idman ustası normativini yerinə yetirmişdim. Məni buraya milli komandamızın keçmiş baş məşqçisi, tanınmış mütəxəssis, mərhum Hafiz Cəfərov gətirmişdi. SSRİ çempionatında qalib adını qazandıqdan sonra 1983-cü ildə Cəmiyyətdə təlimatçı kimi ştat üzrə işə qəbul olundum. Eyni zamanda idmançı kimi yarışlarda iştirak edirdim. 1993-cü ildə Çexiyanın Brno şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış etdim. Bir il sonra zabit rütbəsi ilə təltif edildim. Qitə çempionu olduqdan sonra Kiprin Nikosiya şəhərində keçirilən dünya çempionatının qızıl medalına da yiyələndim. Fürsətdən istifadə edib, ikinci təhsilimi də aldım. 2001-2005-ci ildə Polis Akademiyasının məzunu oldum. Bütün bunlarla yanaşı mən idmanı bir an belə tərk etmədim. Beynəlxalq yarışlarda çıxış etdim, Olimpiya oyunlarının iştirakçısı və qalibi adını qazandım. Medal kolleksiyam çox zəngindir. Tədricən DİN İC-lə əlaqələrim daha sıx olmağa başladı. Burada müavin vəzifəsində fəaliyyət göstərirdim. Lakin 2015-ci ildə rəhbərlik tərəfindən mənə böyük ehtimad göstərildi. 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində məni buraya sədr vəzifəsinə təyin etdilər. Həmin vaxtdan 6 il keçir. Böyük və uğurlu keçmişi olan bu cəmiyyət Azərbaycan idmanında özünəməxsus ənənələrə malikdir.

"Vətənin bir parçası
olmaq böyük fəxrdir”


- Zemfira xanım, əgər biz söhbətimizdə qələbələrdən və böyük uğurlardan danışırıqsa, ən böyük zəfərdən və xalqımızın qürurlandıran möhtəşəm hadisədən xüsusilə söz açmalıyıq. 44 günlük Vətən müharibəsində Ordumuz şücayət göstərərək düşməni məğlubiyyətə uğratdı. Bu barədə Sizin də fikirlərinizi bilmək çox maraqlıdır.

- Əlbəttə, belə bir əlamətdar hadisədən danışmamaq mümkün deyil. 44 günlük Vətən Müharibəsində 30 ilə qədər işğal altında olan doğma torpaqlarımız azadlığa qovuşdu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu düşmənə ağır zərbə vurdu. Hər bir Azərbaycan vətəndaşı kimi mən də bu qələbədən böyük qürur hissi keçirdim. Bu qələbə heç də asan başa gəlmədi. Neçə-neçə vətən övladı öz canından keçdi. Torpaqların azadlığı uğrunda canını fəda edən vətən övladlarının hər biri bizim fəxrimizdir. Onlar öz həyatları bahasına bu böyük Zəfəri bizə yaşatdılar. Ərazi bütövlüyümüz uğrunda şəhid olan hər bir əsgərimizin ailəsinə dərin hüznlə başsağlığı verirəm. Onların ruhu qarşısında baş əyirəm. Valideynlərinə Tanrıdan səbr diləyir, belə bir qəhrəman böyütdüklərinə görə böyük minnətdarlığımı bildirirəm. İllər keçəcək, amma bu qələbə və qəhrəmanlıq salnaməsi heç vaxt unudulmayacaq.

- Vətən uğrunda döyüşlərdə şücayət göstərən qəhrəmanlar arasında idmançıların da sayı az deyildi. DİN İC-in əməkdaşları və idmançıları da bu müharibədə iştirak etdilər.

- Bildiyiniz kimi, hələ müharibə başlamazdan bir neçə gün əvvəl yüzlərlə Azərbaycan övladı Ali Baş Komandanın qismən səfərbərlik çağırışına qoşularaq cəbhəyə yollandılar. Onların içərisində idmançılarımız da az olmadı. DİN İC-in idmançıları da Vətən uğrunda döyüşlərdə şücayət göstərdilər. Bizim yetirmələrimiz arasında şəhidlik zirvəsinə yüksələn idmançılar da oldu. Belə ki, cüdoçularımız Rüfət Əliyev, Ülvi Pənahov, Elvin Məlikov, sərbəst güləşçimiz İsrafil İbrahimov və kikboksinqçimiz Kərəm Veyisov qəhrəmancasına döyüşərək, Vətən uğrunda canlarını fəda etdilər. Xəyal Xanmuradov (sərbəst güləş), Sabir Əliyev, Pərviz Əlizadə (cüdo), Məhəmməd Bağırov, Camal Xadıyev, İbrahim İsrafilli, Rauf və İsmayıl Ağayev (boks), Cavid Qafarlı, Rüstəm Əlizadə, Dadaş Dadaşov, Adil Şəkərov (taekvondo), Murad Babayev, Məhəmməd Süleymanov, Elnur Qəşəmov, Sərxan Orucov (kikboksinq) kimi güclü idmançılarımız döyüşlərdə qəhrəmanlıqla vuruşaraq, qazanılan böyük qələbədə pay sahibi oldular. Biz onlarla böyük fəxr hissi duyuruq. Sevinirik ki, belə bir qəhrəmanların cəmiyyətdə formalaşmasında, fiziki və mənəvi cəhətdən yetişməsində bizim də rolumuz var. Bütün dünya bildi ki, Azərbaycanda necə vətənpərvər və mərd oğullar yetişib. Belə bir vətənin bir parçası olmaq böyük fəxrdir.

"Budəfəki Olimpiya oyunları digərlərindən kəskin fərqlənəcək”

- Ötən il dünyanın ən böyük idman tədbiri, Yay Olimpiya Oyunları pandemiya səbəbindən təxirə salındı. Qərara alındı ki, Tokio Olimpiadası bu il keçirilsin. Olimpiada da bir sıra qadağalar tətbiq olunacaq. Ən əsası oyunlar azarkeşsiz keçiriləcək. Bu barədə fikirlərinizi bilmək istərdik.

- Pandemiya hər bir sahəyə ciddi təsir etdi. Bu hal idmandan da yan keçmədi. Nəticədə idman yarışları dayandı, idmançılar öz formaların itirdilər. İdmanın ən böyük itkilərindən biri də azarkeşlər oldu. Azarkeşlər istənilən idman növünün bəzəyidir. Pandemiya səbəbindən tamaşaçısız keçirilən indiki yarışlara nəzər salanda, biz həmin zövqü ala bilmirik. Olimpiya oyunlarında da bu ciddi hiss olunacaq.
Elə idman növləri var ki, orada azarkeşin olması elə də, əsas deyil. Məsələn bizim idman növündə mübarizə sakit şəraitdə keçir. Mən yarış vaxtı istəmirdim ki, çox səs-küy olsun.

- Olimpiya Oyunlarında çıxış edərkən həmin gün arenada yalnız məşqçiniz və siz idiniz?

- Əslində belə olmalı idi. Məşqçim Hafiz müəllim mən çıxış edəndə arenaya bizimkilərdən heç kimi buraxmadı. Demişdi ki, heç kim gəlməsin (gülür). Lakin keçmiş nazir müavini Asif Əsgərov və güləş üzrə yığma komandanın keçmiş baş məşqçisi Elçin Cəfərov araenada sakit oturub, məni izləyirdilər. Bir daha qeyd edim ki, atıcılığın qəribə xüsusiyyətləri var. Bir səslə və bir sözlə fikir yayına bilər. Güləş, boks, cüdo və digər idman növlərində uğur qazanmaq üçün çılğın azarkeş dəstəyinə ehtiyac var. Həmin mübarizəni necə səssiz izləmək olar? Bir sözlə, Tokio Olimpiya Oyunları azarkeşsiz çox çətin olacaq. Bundan başqa idmançılar üçün də bu çətinlik öz sözünü deyəcək. Eşitdiyimə görə, onlar tez-tez test verəcəklər. Yarış arenalarından və Atletlər Kəndindən başqa kənara çıxa bilməyəcəklər. Atletlər kəndində də sosial məsafə qorunacaq, ünsiyyət üçün ciddi qadağalar olacaq. Bu səbəbdən budəfəki Olimpiya oyunları digərlərindən kəskin fərqlənəcək. Biz istər-istəməz bununla barışmalıyıq. Çünki insan sağlamlığı hər şeydən önəmlidir.

"Elə bir yerdə otur ki, çıxan kimi səni görə bilim”

- Zemfira xanımın əldə etdiyi qələbələrdə Hafiz müəllimin böyük rolu olub. Belə bir güclü mütəxəssisin tələbəsi öz məşqçisini necə xatırlayır?

- Mən idmana 13 yaşımda gəlmişəm. Hafiz müəllim bizə atalıq edib. Ondan çox şey öyrənmişik. Qayğıkeş, tələbkar bir insan idi. Mənimlə yanaşı bir neçə qız var idi ki, bizi övladı kimi daim qorumağa çalışırdı. Hər bir məqamda həyatın hər bir sınağında büdrəməmək üçün bizə dəstək olurdu. Həyatda ən gözəl anları xatırlayanda həmin məqamları Hafiz müəllimlə əlaqələndirməyə bilmərəm. Mən demək olar ki, onsuz heç bir yarışa getmirdim. Onun iştirak etmədiyi yarışlarda isə özümü narahat hiss edirdim. Yarış zamanı atəş açıb, mövqeni tərk edəndə gözüm onu axtarırdı. Deyirdim ki, elə bir yerdə otur ki, çıxan kimi səni görə bilim. Məsafə bir qədər çox olsa da, jestlər və mimikalarla vəziyyətin necə olduğunu başa düşə bilirdim.
Vəziyyət elə gətirdi ki, SSRİ yığma komandasını heyətinə cəlb olundum. Hafiz müəllim orada deyildi. Yığmadakı məşqçilərə eyni sözü deyirdim ki, elə bir yer seçin ki, sizi görə bilim. 1986-cı ildə yığmanın heyətində Avropa çempionatında iştirak edirdim. Yarışda bir az həyəcanlandım. Üç hədəfi vura bilmədim. Heyətdə məndən başqa da çıxış edənlər var idi. Məşqçi mənim çıxışımdan sonra gözləmədi, yerindən durub, çıxıb getdi. Bu mənə pis təsir etmişdi, göz yaşlarımı saxlaya bilmirdim. Hafiz müəllimin yeri görünürdü. Komanda yoldaşım vəziyyətimi görüb, yaxınlaşdı, mənə ürək-dirək verməyə çalışırdı. Komandamız həmin yarışda çempion oldu. Məni isə gümüş medal əldə etdim. 90-cı illərə qədər komanda ilə birlikdə müxtəlif yarışlarda iştirak etdim. Müstəqillik əldə etdikdən sonra SSRİ yığma komandası adlı bir məfhum qalmamışdı. Mən yenidən Hafiz müəllimlə birlikdə yarışlarda iştirak etməyə başladım. O məni danlayanda mən ona əks cavab verə bilmirdim. Yaxşı başa düşürdüm ki, nəyisə düzgün etməmişəm. Onun xüsusi taktikası var idi. Bir dəfə o məndən küsdü, ağladım və çıxıb getdi. Olimpiya oyunları ərəfəsində mən yüksək formada idim. Amma bu küskünlük mənə pis təsir edirdi. Sən demə bu onun taktikası idi, qəsdən etmişdi. Məqsəd həmin yarışda mənim çıxış etməyim idi ki, sonra da Olimpiya oyunlarında yeni həvəslə çıxış edim. O xaraktercə çox güclü adam idi. O ömrünün sonuna qədər idmanla nəfəs aldı. İmkan vermirdi ki, amansız xəstəliklər onun idman karyerasına təsir etsin. Lakin həyatın dəyişməyən qanunu var - bir gün gələn getməlidir. Əsas odur ki, bu həyatdan köçəndə öz adını daim yaşadacaq xoş əməllər görəsən. Adın çəkiləndə hamı hörmətlə səni xatırlasın. Hafiz müəllim belə bir insanlardan idi. Onun əziz xatirəsi bizim yaddaşlarımızdan silinməyəcək.

- Zemfira xanım, hədəfə son atəşi nə vaxt açmısınız?

- Maraqlı sualdır. Qızım Regina körpə olanda mən onu qoyub, yarışlara gedirdim. Lakin ikinci övladım dünya gəldikdən sonra başa düşdüm ki, artıq vaxtdır. Həm də özüm də yorğunluq hiss edirdim. Ailə qayğıları öz sözünü deməyə başlayırdı. Lakin Hafiz müəllim məni başa salırdı ki, bir balaca da səbr edim. Yeni idmançılar gələnə qədər bu yarışlarda iştirak edim. Stend atıcılığı mərkəzi tikildikdən sonra yeni uşaqlar gəldi. Mən tədricən idmançı kimi karyeramı sona çatdırmalı idim. Beləcə, 2015-ci ilə qədər səbr etdim. Qətərdə keçirilən təlim-məşq toplanışında və beynəlxalq yarışda iştirak etdim. Orada Azərbaycan rekordunu yenilədim. Bir sözlə, silahı yerə qoyub, estafeti gənc nəsilə ötürdüm. Həmin vaxtdan etibarən bu işimə təyin olundum. Özündən razılıq kimi olmasın, amma mən nizam-intizama çox ciddi fikir verirəm. Ola bilər ki, bu xüsusiyyətimə görə belə bir cəmiyyətə rəhbər təyin olunmuşam. Artıq 6 ildir ki DİN İC-in sədri vəzifəsində çalışıram. Məqsədim odur ki, həmişə sadiq qaldığım bu doğma cəmiyyətə illərdən bəri yiyələndiyim nizam-intizamı tətbiq edim. Deyilənə görə, bu məndə alınır.

Anar Əhmədov


29088 oxunub

InvestAZ