Gəncədəki terror hadisələri şahidlərin dilindən...
Öz təcavüzkar siyasətini davam etdirən işğalçı Ermənistan Ordusu Azərbaycan Respublikasının mülkü əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi olaraq məqsədli şəkildə raket atəşinə tutur. Bunun ən acı nəticəsi isə ölkənin ən böyük ikinci şəhəri Gəncədə baş verən terror hadisəsi oldu. Oktyabrın 11-də və 17-də işğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyektlərə ciddi ziyan dəyib. Son terror aktları nəticəsində Gəncə şəhərində ümumilikdə 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib. Qəzetimizin ötən sayında terror hadisəsinə kəskin reaksiya bildirən Gəncə idmançılarının fikirlərini oxucularımıza təqdim edirik. "Olimpiya dünyası” qəzeti olaraq, düşmənin mülkü insanlara qarşı törətdiyi vandalizmi gündəmdə saxlamaq üçün budəfəki sayımızda oxucularımıza dağıntılara məruz qalan Gəncə şəhər sakinlərinin fikirlərini təqdim edəcəyik. Bu gün əminliklə demək olar ki, Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib. Elə Gəncə sakinlərinin məğrur sözləri də bunu bir daha sübut etdi. "Bircə onu gözləyirdim ki, dağıntılar üstümü
örtməsin, nəfəs ala bilim”
Emin Mustafayev (Veteran futbolçu, dağıntılar altından xilas edilən Gəncə şəhər sakini):- Hadisə gecə saatlarında olduğu üçün yatmışdım. Təsəvvür edin ki, yatdığın yerdə bir anda evin uçulur və dağıntılar altında qalırsan. Bircə onu gözləyirdim ki, dağıntılar üstümü örtməsin, nəfəs ala bilim. Dağıntı dayanandan sonra gördüm ki, nəfəs almaq üçün cüzi də olsa yer var. Hərəkət edə bilmirdim. Qışqıraraq ailəmi, uşaqları soruşdum. Həmin vaxtı ilk olaraq əraziyə yaxın yerdə qalan şəhər sakinləri bizə köməklik etdilər. Tez bir zamanda isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis işçiləri də köməyə gəldilər, məni və ailə üzvlərimi dağıntılar altından çıxardılar. Evin tavanı demək olar ki,bizi ölümdən xilas etdi. Möcüzə sayəsində sağ qaldıq. Yoldaşım və oğlum bədən xəsarətləri almışdılar. Özüm isə həmin günü heç bir ağrı hiss etmirdim. Növbəti gün isə belimdə və ayaqlarımda güclü ağrılar başladı. Hadisə hələ də gözümün qabağındadır. Çox dəhşətli mənzərə idi. Qonşumuzda yaşayan bir ailə demək olar ki, məhv oldu. Yalnız balaca bir qız uşağının həyatını xilas etmək mümkün oldu. Hadisədən sonra qohumumuzun evinə köçdük. Lakin oktyabrın 17-də atılan növbəti raket mərmisi bizim də müvəqqəti qaldığımız qohumumuzun evinin yaxınlığına düşdü. Hadisə zamanı yaralanan olmasa da mənzilə çox ciddi zərər dəydi. Bir sözlə, öz gözlərimlə hər iki raket atəşinin şahidi oldum. Bu terroru şiddətlə qınayıram. Ermənilər Gəncəni raket atəşinə tuturlar ki, burada yaşayan sakinlər qorxub qaçsınlar. Amma bu, mümkün olmayacaq. Biz heç vaxt öz doğma şəhərimizi tərk etməyəcəyik. Sağ olsunlar hadisədən sonra bizə dövlətimiz tərəfindən yardımlar və digər köməklik olundu. Dövlətimizin dəstəyini bu gün də sözün həqiqi mənasında hiss edirik. İnanırıq ki, Ordumuz qalib gələcək və bu hadisələrin intiqamı alınacaq.
"Ermənilər dinc
sakinləri hədəfə almaqla öz qorxaqlıqlarını,
acizliklərini göstərirlər”
Sahil Abdullayev (Veteran futbolçu, dağıntılar altından xilas edilən Gəncə şəhər sakini):- Hadisə zamanı yatmışdım. Amma böyük oğlum digər otaqda futbola baxırdı. Dağıntılardan sonra ailə üzvlərim şfonerin altında qalmışdılar. Əvvəlcə özüm çətinliklə də olsa üzərimdəki daş və taxta qalıqlarını kənara atıb ayağa qalxdım. Sonra şfonerin altında qalan oğlumu Fövqəladə Hallar Nazirliyinin və polis əməkdaşlarının köməyi ilə dağıntıların altından xilas etdik. Oğlumu təcili yardım maşını ilə xəstəxanaya apardılar, özüm isə hadisə yerində qaldım. Hələ ki, qohumumuzun evində məskunlaşmışıq. Ev əşyaları ilə birlikdə kirayə mənzil tapan kimi, ora köçəcəyik. Çünki hadisədən sonra əşyalarımız dağıntılar altında qaldı. Təkcə sənədlərimizi tapıb çıxarmaq mümkün oldu. Burada yaşayanlar dinc sakinlərdirlər, hərbçilər deyil. Ermənilər dinc sakinləri hədəfə almaqla öz qorxaqlıqlarını, acizliklərini göstərirlər. Mənim bir oğlum hazırda hərbi xidmətdədir və cəbhə xəttində düşmənə qarşı mübarizə aparır. Düzdür, evimizin dağılması bizi təəssüfləndirir. Amma evi sonra yenidən qurmaq da olar. Təki Ordumuzun gənc əsgər və zabitləri bu savaşdan sağ-salamat öz ailələrinin yanına qayıtsınlar.
"Bu mənzərə mənə Xocalı soyqırımını
xatırlatdı”
Maya Məmmədova (Gəncə şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserinin böyük tibb bacısı): - Artıq növbəti dəfədir ki, Gəncə şəhəri raket atəşinə məruz qalır. Sonuncu baş verən terror hadisələri isə hər kəskin ürəyini dağladı. Düşmənin atdığı raket mərmisi evimizdən bir qədər aralıda yerləşən əraziyə düşdü. Hadisə zamanı böyük oğlum həyətdə idi. O, güclü partlayış səsini eşitməsi və evin silkələnməsini görüb raketin bizim evə düşdüyünü zənn etdi. Bildirim ki, mənim iki oğlum var və onların hər ikisi polis əməkdaşıdır. Dümənin törətdiyi terror aktı zamanı kiçik oğlum gecə növbəsində idi. Partlayışdan sonra hər iki övladım hadisə yerinə cəlb olundular. Raket atılan binanın sakinlərinin hamısı dağıntılar altında qalmışdılar. Bir qədər uzaqda olan insanlar isə yüngül xəsarət almışdılar. Dərhal hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilasetmə işlərini yerinə yetirirdilər. Bu, həqiqətən də, dəhşətli görüntü idi. Bu mənzərə mənə Xocalı soyqırımını xatırlatdı. İnsanların yaxınlarını, dağıntılar altında axtarması, körpələrin ağlamaq səsləri, valideynlərini itirən uşaqların harayı ürək parçalayırdı. Həmin anları heç bir sözlə ifadə etmək mümkün deyil. Etiraf edim ki, biz bu gün də, doğma şəhərimizdə, evimizdə həyəcan içərisində yaşayırıq. Bütün dünya erməni silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi vəhşiliyin, vandalizmin bir daha şahidi oldu. Onlar bu hərəkətlərlə hansı xislətə sahib olduqlarını bir daha bütün dünyaya göstərdilər. Amma buna baxmayaraq, biz qüdrətli Ordumuzun torpaqlarımızı düşməndən azad edəcəyinə, terror zamanı dünyasını dəyişən bütün insanların və şəhidlərimizin qısasını alacağına inanırıq."Bu terror Ermənistanın əsl simasını bir daha
sübut etdi”
Vidadi İsmayılov (Keçmiş hərbçi, Gəncə şəhər 29 saylı orta məktəbin hərbi müəllimi):- Ermənistan silahlı qüvvələrinin müharibə bölgəsindən xeyli aralıda yerləşən Gəncə şəhərinə raket mərmisi atması insanlığa ziddir. Raket mərmisi yaşadığımız yerin yaxınlığına düşdü. Nəticədə 20-ə yaxın evin məhv olması ilə yanaşı, yaranan zərbənin təsirindən bir qədər uzaqda yerləşən obyektlərə də ziyan vurdu. Möhkəm partlayış səsi gəldi. Ailəm üçün çox narahat oldum. Yəqin bilirsiniz ki, bina evində ən təhlükəsiz yer qapıların astanası hesab olunur. Buna görə də, ailəmlə birgə orada dayandıq. Partlayış həqiqətən də çox güclü idi. Evin qapıları, pəncərələri yerindən çıxmışdı. Zərbə nəticəsində müəllim işlədiyim məktəbə də ciddi ziyan dəyib. Məktəbin bütün pəncərələrinin şüşələri sınıb, qapı və pəncərələr yerindən çıxıb. Düzdür, həlak olan insanları, onların yaxınlarının çəkdiyi əziyyəti görmək hər birimizi kədərləndirir. Lakin keçmiş hərbçi kimi, demək istəyirəm ki, bu terror hadisəsi sadəcə olaraq, Ermənistanın əsl simasını bir daha sübut etdi. Əminəm ki, Azərbaycan Ordusu bu təxribatlara getməyəcək və müharibə bölgəsində əldə etdiyi üstünlüyü qoruyub saxlayacaq.
"Biz Gəncəni tərk
etməyəcəyik!”
Qəzənfər Əliyev (Gəncə şəhər sakini):
- Partlayış yaşadığımız binadan biraz aralıda baş verdi. Pəncərələrin və çılçıraqın silkələnməsinə oyandım. Nə baş verdiyini anlamaq üçün tez pəncərədən baxdım və havaya tüstü qalxdığını gördüm. Düşmənin yenidən şəhəri bombalamasından qorxub, ailəmlə birgə yaşadığımız binanın dördüncü mərtəbəsindən həyətə düşdük. Binada yaşayan qonşularımız da zərbənin təkrarlanacağını ehtimal edib, həyətə toplaşmışdılar. Hər kəs həmin ərazidə dağıntılar altında qalan insanlara dua edirdi. Təbii ki, hər birimiz bilirik ki, hazırda ölkəmiz müharibə şəraitindədir. Lakin müharibə, döyüş bölgəsində gedir. Gəncə şəhəri isə bu zonaya daxil deyil, burada mülki insanlar yaşayırlar. Düşmənin bilərəkdən ölkənin müxtəlif şəhərlərində yaşayan dinc sakinləri hədəfə alması, onların acizliyini, vəhşiliyini göstərir. Düzdür, həmin vaxt hər birimiz körpələrimiz, qadınlarımız üçün çox qorxduq. Amma bu o demək deyil ki, düşmənin çarəsizlikdən əl atdığı təxribatına görə biz bu şəhərdən gedəcəyik. Biz Gəncəni tərk etməyəcəyik! Bura bizim illərdir yaşadığımız, doğma şəhərimizdir və düşmən ölkənin ikinci ən böyük şəhərinə hücum etməyin cavabını mütləq verəcək.
"Bura bizim doğma şəhərimizdir, evimizdir və buradan heçyerə getməyəcəyik”
Qulam Hüseynov (Gəncə şəhər sakini):
-Yaşadığımız bina raket atılan binadan təxminən 100 metrə uzaqda yerləşir. Güclü partlayış səsi eşitdim və elə həmin an pəncərələrin şüşələri sındı, qapılar yerindən çıxdı. Sınan şüşələrin bir hissəsi 5 yaşlı övladımın üzərinə töküldü. Xoşbəxtlikdən oğlum bu hadisədən yüngül xəsarətlərlə xilas oldu. 3 yaşlı övladım isə qorxu içərisində idi və nə baş verdiyini anlamırdı. Təşviş içərisində ailəmlə birgə binanın həyətinə düşdük. Ərazidə olan insanlar hamısı bir yerə toplaşmışdılar. Onlar sözlə ifadə ediləməyəcək bir dəhşətə şahidlik edirdilər. Binanın bütün evlərinin pəncərələri sınıb, bəzi evlərin əşyaları yararsız hala düşüb. Hətta qonşuluqda yaşayan elə ailə var ki, pəncərə bütovlükdə övladının üzərinə düşüb və uşaqları dağıntının altında qalıblar. Günahsız insanların belə vəhşiliklə qətlə yetirilməsi həqiqətən də sözün bitdiyi andır. Gəncə sakinləri isə təbii ki, bu təxribatlardan qorxmurlar və şəhərdə yaşamağa davam edirlər. Bura bizim doğma şəhərimizdir, evimizdir və buradan heç yerə getməyəcəyik. Mən ümid edirəm ki, tezliklə ermənilərin illərdir Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliyi bütün dünya görəcək və onların əsl terrorçu olduğunu hər kəs biləcək.
Azər Əlizadə,
Türkay Niftəliyeva
34499 oxunub