XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



«Minimum Avropa Liqasının pley-offunu təmin etdik»
Müsahibə 11:22 / 27.08.2020

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şerif"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, futbolçularını qələbə münasibət ilə təbrik edib.

- Çox vacib oyun idi. Qalib gəldik, futbolçuları təbrik edirəm. Son 8 gündə 3-cü oyun idi. Komandanın sona kimi mübarizə aparmağa gücü çatdı. Çox çətin idi. Sönük oyun kimi görünsə də, xeyli qol epizodlarımız oldu. Bunlardan istifadə etmədiyimizə görə əsəbi oyun alındı. Mərhələ keçmək vacib idi. Minimum Avropa Liqasının pley-offunu təmin etdik.

- Rəqib azlıqda qaldıqdan sonra komandada durğunluq yarandı. Bu arxayınlıqla bağlı idi?

- Arxayınlıq yarandığını deməzdim. Sadəcə, belə hallarda rəqib daha inamlı olur. İtiriləsi bir şeyləri yox idi və aktiv olmağa çalışırdılar. Matç ərzində 2-3 dəfə bir neçə dəqiqəlik oyunu itirdik, qalan zamanda oyuna nəzarət edirdik. Arxayınlıq yox idi. Fasilədə futbolçulara diqqətli olmaqla bağlı tapşırıqlarımızı vermişdik. Rəqib sürətli oynayırdı, əks-hücumlarda təhlükəli idilər.

- Matiç klubdan ayrılan Miçelin yerini doldura bilirmi?

- Miçel olanda sistem olaraq fərqli oynayırdıq. Matiç daha çox geridən oynayır. Bundan daha yaxşı Matiç görəcəyimizi düşünürəm. 4-5 ay oynamayan futbolçunun bu komandaya uyğunlaşması lazımdır. Fiziki formasını istənilən vəziyyətə çatdırmayıb. Onun təcrübəsindən və ustalığından yararlanacağımıza inanıram.

- Qarşıda millinin oyunu gəlir və futbolçular toplanışa gedəcəklər. Bu cür sıx qrafik daha faydalıdır, yoxsa uçuruma səbəb ola bilər?

- Futbolçular üçün çox çətin olacaq . Futbolçu ən böyük yüklənməni oyunda alır. Buna görə də bərpa üçün vaxt lazımdır. Təkcə milli komanda deyil, ondan sonrakı qrafik həddən artıq sıxdır. Çempionat və avrokubok oyunlarımız olacaq. Bunu məşqçi heyəti ilə müzakirə etmişik. Əvvəlki illərdən daha sıx qrafikdir. Bu da futbolçularda təkcə yorğunluq yaratmayacaq, zədələrə də səbəb ola bilər. Tək məşqçilərin dediyi yox, onlar özləri də daha yaxşı vəziyyətə gəlmək üçün çalışmalıdırlar. Amma bunun uçuruma səbəb olacağını düşünmürəm.
Ola bilər ki, bəzi oyunların tempi aşağı düşsün. Bu günkü oyunun sürətsiz olduğunu düşünmək olar. Amma azarkeş olsaydı, daha sürətli oyun kimi görünəcəkdi.

- Rəqibin baş məşqçisi mətbuat konfransına qatılmaq istəmir. Sizin məğlubiyyət zamanı belə etmək istəyiniz olubmu?

- Bir dəfə olub. Hətta stadiondan çıxmışam, amma geri qayıtmışam. "Qarabağ”da ilk zamanlarımda "Simurq”a uduzmuşduq. Azarkeşlər "istefa” qışqırmışdılar, həmin oyunda mətbuat konfransına qatılmaq istəmirdim. Cavan vaxtlarım idi. Ancaq sonradan qayıdıb, jurnalistlərlə görüşmüşdük.

- Adətən hücum xətti ilə bağlı soruşurlur, bu dəfə isə müdafiənin mərkəzində problem görünürdü...

- Biz daha yaxşı müdafiə xətti görəcəyik. Elə səhvlərdir ki, bunları düzəltmək olar. Bədavi və Kevin nadir hallarda təkbətək mübarizələrdə uduzur, ancaq texniki səhvlər var idi. Bunları yorğunluqla əlaqələndirərdim. Belədə, düzgün qərar vermək və topu hiss etmək çətin olur. Meydan amilini qabartmaq istəməzdim. Müdafiəçilərimiz daha dəqiq oynamağı düşünməli və bunun üçün çalışmalıdılar.


28780 oxunub

InvestAZ