XƏBƏR LENTİ
06 Fevral 2023
05 Fevral 2023
03 Fevral 2023
02 Fevral 2023
01 Fevral 2023



Yaşar Bəşirov: “Medalların küncdə qalmasındansa onlardan daha səmərəli istifadə etməyi düşünürük”
Müsahibə 20:56 / 01.07.2020

Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi , Əməkdar İdman Ustası Yaşar Bəşirov "Olimpiyadunyasi.com” və "Olimpnews.az” saytına müsahibə verib. Müsahibimiz Pandemiya dövründə karateçilərimizin hazırlıq səviyyəsi, ləğv olunan 55-ci Avropa çempionatı və digər məsələlər barədə danışıb. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

- Yaşar müəllim, bu gün bütün dünya yeni bir bəla ilə, koronavirusla mübarizə aparır. Demək olar ki, pandemiya bir sıra ölkələrdə müxtəlif sahələrə ciddi zərbələr vurdu. Pandemiya dövrü və karantin rejimi karateyə vurduğu hansı zərərləri ilə yadda qalacaq?

- Pandemiya bütün dünyada olduğu kimi, Azərbaycana da öz mənfi təsirini göstərdi. Bu təsirlər, digər sahələrlə yanaşı, idmanda da nəzərə çarpdı. Əgər öz idman növümüz olan karate barəsində danışsam, deyə bilərəm ki, pandemiya bizə çox ciddi zərbə vurdu. Bildiyiniz kimi, Bakıda keçirilməsi gözlənilən karate üzrə böyüklər arasında 55-ci Avropa çempionatı koronavirus pandemiyasına görə ləğv olundu. Biz 4 ildən çox idi ki, bu yarışa hazırlıq görürdük. Həmin vaxtı karatenin hələ Tokio Olimpiadasının proqramında yer alması təsdiq olunmamışdı. Karate Olimpiya idman növü olandan sonra artıq bilindi ki, Bakıdakı Avropa çempionatı lisenziya xarakterli olacaq. Beləliklə, bu yarışın əhəmiyyəti daha da artdı. Avropa Karate Federasiyasının (EKF) prezidenti Antonio Espinos bizə dedi ki, Tokio Olimpadası ərəfəsində təşkil olunacaq bu çempionatı elə səviyyədə keçirmək lazımdır ki, hər kəs yalnız bu yarışdan danışsın. Təbii ki, artıq hər kəsə məlumdur ki, Azərbaycanda təşkil olunan idman yarışları hansı səviyyədə keçirilir. Artıq bütün dünya yaxşı mənada bu barədə danışır. Bu, elə birinci Avropa Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında da özünü göstərdi. Gimnastika Mərkəzində keçirilməsi planlaşdırılan Avropa çempionatı ilə bağlı bütün hazırlıqlar yüksək səviyyədə başa çatmış, medallar sifariş olunmuşdu. Lakin yarışa 10 gün qalmış hər şey gözlənilmədən dəyişdi. Bu yarışın keçirilməsi üçün böyük xərclər çəkilmişdi. Arenanın pulundan tutmuş, dekorasiya və işçilərin əmək haqlarına kimi bütün xərclər ödənilmişdi. Tək hazırlıqlara görə deyil, hətta sifariş verdiyimiz medallara görə də böyük məbləğdə zərərə düşdük.


- Bəs medalların aqibəti necə olacaq?

- Təbii ki, bu medalların hansısa bir küncdə qalmasındansa
onlardan daha səmərəli istifadə etməyi düşünürük. Lakin bu təkcə mənim səlahiyyətimdə olan bir iş deyil. Bu medalların taleyi Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi ilə birgə məsləhətləşmədən sonra veriləcək. Yalnız ondan sonra həmin medallar hansısa yarışda xatirə hədiyyəsi olaraq yer tutan idmançılara təqdim olunuması bilinəcək. Gələn ilin mart ayına qədər karate üzrə elə də ciddi bir yarış olmayacaq. Bütün əhəmiyyətli yarışlar ləğv olunduğuna görə gələn ilin martında keçirəcəyimiz Baku Open turnirində həmin medalları qaliblərə əsas medallara əlavə xatirə suveniri kimi təqdim etmək istəyirik. Başqa variant kimi, gələn il İsveçin Göteborq şəhərində keçiriləcək Avropa çempionatında medalları suvenir kimi təqdim edə bilərik. Qeyd edim ki, bizim kimi, İsveçdə də bu yarışa böyük həvəslə hazırlıq görülür. Çünki gələn il Göteborq şəhərinin 400 illik yubileyi olacaq. Ona görə də İsveç hökuməti bu yarışı təmtəraqlı bir şəkildə keçirməyi planlaşdırır. Bu çempionat həmçinin Olimpiya təsnifat cədvəli baxımından da çox əhəmiyyətli olacaq.


- XII Baku Open yarışı Premyer Liqanı əvəzləyə bilər. Bu barədə qərar artıq rəsmiləşibmi?

- Məlum olduğu kimi, WKF İdarə heyəti bu ilin payızında  Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilməsi planlaşdırılan böyüklər arasında dünya çempionatını gələn ilin noyabr ayına təxirə salıb. Həmin ilin fevral ayında bu şəhərdə həm də Dubay Premyer Liqasının keçirilməsi gözlənilir. Lakin Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinos bir ildə Dubayda iki yarışın təşkil olunmaması üçün bizə jest edib. Bu il Bakıdakı Avropa çempionatı ləğv olunduğu üçün hər ilin mart ayında keçirdiyimiz Baku Open beynəlxalq turniri bu dəfə Premyer Liqa kimi təşkil oluna bilər. Yəni gələn ilin martın 12-14-də XII Baku Open yarışı Premyer Liqanı əvəzləyə bilər. Təbii ki, biz bu yarışı yüksək səviyyədə təşkil etməyə hazırıq. Hətta bu barədə fikrimizi də beynəlxalq federasiyaya bildirmişik. Qalır onların bu qərarı qəbul etməsi və təsdiqləməsi. Əgər belə olarsa bizə bu barədə məktub gələcək ki, hazırlıq işlərinə başlayaq.

- Bu yaxınlarda Avropa Karate Federasiyası (EKF) İdarə
heyətinin videokonfrans formatında iclası keçirildi. Virtual yığıncaqda hansı məsələlər müzakirə olundu və hansı yeni qərarlar qəbul olundu?

- İclasda ilk növbədə EKF-in prezidenti Antonio Espinos
dünyada COVİD-19 pandemiyası səbəbindən karate idmanında da müəyyən dəyişikliklərə getməyin məcburi olduğunu bildirdi. O, bu amillərin karatenin inkişafına müəyyən təsirləri olsa da, işlərin davam etdiyini dedi. Bundan başqa Hakimlər Komitəsinin sədri Xavier Eskalante rəhbərlik etdiyi təşkilatın 9 nəfərlik heyətində dəyişiklik edildiyini və beynəlxalq hakim və əməkdar məşqçi Cahangir Babayevin Hakimlər Komitəsinə üzv təyin oldunduğunu bildirdi. İclasda həmçinin məşqçilərin imtahanları ilə bağlı məsələlərə də toxunuldu. Mövcud pandemiya şəraitinə görə məşqçilər üçün nəzərdə tutulan imtahanlar gələn ilə təxirə salındı. Bundan başqa növbəti illərdə Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərin adları da  müəyyənləşdi. Bildiyiniz kimi, gələn il 56-cı Avropa çempionatı İsveçin Göteborq şəhərində keçiriləcək. İclasda müəyyən olundu ki, 2022-ci ildəki qitə çempionatına Türkiyə, 2023-cü ildə Rusiya, 2024-cü ildə isə Xorvatiya ev sahibliyi edəcək. EKF-in prezidenti Antonio Espinos mənə təklif etdi ki, 2025-ci ildəki Avropa çempionatının ev sahibliyi Azərbaycana verilsin. Mən isə bu təkliflə razılaşmadım. Çünki bu məsələ təkcə mənim qəbul edə biləcəyim bir qərar deyil. Bunun üçün ölkə rəhbərliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə danışmaq və məsləhətləşmək lazımdır. Yəni bu qərara razılıq verilməyib. Hər şeyi zaman göstərəcək.

- Artıq 3 aydır ki, karantin rejimi davam edir. Zalların bağlı olduğu bir şəraitdə karateçilərimizin hazırlıq səviyyəsi nə yerdədir?

- Bütün idmançılar kimi, karateçilərimiz də karantin qaydalarına əməl edərək məşqlərini ev şəraitində davam etdirirlər. Bildiyiniz kimi, ilin sonunadək heç bir rəsmi beynəlxalq yarışın keçirilməsi gözlənilmir. Bu səbəbdən də idmançılarımız məşqçilərin onlara verdikləri tapşırıqlar əsasında öz fiziki formalarını qorumağa çalışırlar. Zədəli idmançılarımız bərpa prosesini keçir, digərləri isə hazırlıqlarını qoruyurlar. Təbii ki, bu məşqlər peşəkar idmançı üçün çox çətindir. Amma unutmaq lazım deyil ki, sağlamlıq hər bir şeydən vacibdir. Bunun üçün idmançılara da tapşırılıb ki, ilk növbədə öz sağlamlıqlarının qeydinə qalsınlar, sosial məsafə saxlasınlar və zəruri olmadığı hallarda evdən çıxmasınlar.

- İlk dəfə idi ki, karate Olimpiya Oyunlarının proqramında
yer alacaqdı. Amma pandemiya gözlənilmədən hər şeyi bir anda alt-üst etdi. Federasiya rəhbəri kimi, necə  düşünürsünüz, Olimpiya Oyunlarının təxirə salınması  karateçilərimizə necə təsir edəcək?  

- Fikrimcə, Olimpiya Oyunlarının təxirə salınması karateçilər üçün həm yaxşı, həm də pis təsir edəcək. Pis təsiri ondan ibarətdir ki, idmançılar gərək daha bir il öz formalarını yüksək səviyyədə qorusunlar. Bu isə idmançılar üçün çox çətin olacaq. Həm psixoloji, həm fiziki, həm də taktiki olaraq yarışlara yenidən köklənmək hər idmançıda uğurlu alınmaya bilər. Sevindirici məqam isə ondan ibarətdir ki, olimpiadaya daha çox lisenziya əldə etmək mümkün olacaq. Bildiyiniz kimi hazırda Olimpiya təsnifat cədvəli olduğu kimi qalır, milli komandanın liderləri Rafael Ağayev və İrina Zaretska böyük ehtimalla lisenziyalarını təmin ediblər. Bundan sonrakı yarışlarda çətin ki, reytinq cədvəlində geridə olan idmançılar onlara çatsınlar. Tokio-2020-nin təxirə salınması digər idmançılarımızın da
olimpiada iştirakçıları arasına düşmək şanslarını artırır. Bu
xüsusi təsnifat turnirində məlum olacaq. Bundan başqa isə
komandanın heyətində bir sıra zədəli idmançılar var ki, onlar bu zədəyə görə olimpiadanı buraxa bilərdilər. Məsələn Rafael Ağayevin dizində ciddi zədəsi var idi. Olimpida təxirə salındıqdan sonra o dizindən əməliyat keçirdi. Bundan başqa  komandamızın digər üzvlərindən İrina Zaretska və Ayxan Mamayev də zədələrini bərpa edirlər. Təbii ki, hər işdə bir xeyir var. Olimpiadanın təxirə salınması onlar üçün bir qədər vaxt qazandırmış oldu.

- Növbəti sualımızı elə Rafael Ağayevlə davam etdirək.
Bilirik ki, Rafaelin yaşı az deyil. Amma o hələ də özündə
olimpiadada iştirak etmək üçün lazım olan gücü hiss edir və turnirlərdə qazandığı medallarla bunu sübut edir. Amma nəzərə alaq ki, Rafael olimpiadanı daha bir il də gözləməli olacaq. Belə olan halda Rafael Ağayev özünü psixoloji baxımdan necə hiss edir?

- Düzdür, əksər insanlar düşünür ki, Rafael Ağayevin artıq yaşı keçir, onun olimpiadada medal qazanması çətin olacaq. Amma nəzərə almaq lazımdır ki, yaş nə qədər artsa da təcrübə də bir o qədər artır. Rafael Ağayev dünyanın bir nömrəli karateçisidir. Biz fəxr edirik ki, Rafael kimi, beşqat dünya çempionumuz var. İki ildən bir keçirilən dünya çempionatının beş dəfə qalibi olmaq hər bir karateçiyə nəsib olmur. Allah ona can sağlığı və qüvvə versin ki, Tokioda Azərbaycanı yüksək səviyyədə təmsil etsin və qızıl medalçı kimi himnimizi səsləndirsin. Çox istərdim ki, Rafael idmançı karyerasını Olimpiya medalı ilə başa vursun. İnanıram ki, o, gələn il Tokioda keçiriləcək Olimpiya Oyunlarında bu məqsədinə çatacaq. Rafael hər gün bu yarışa böyük həvəslə yanaşır. Demək olar ki, bir gün olsa belə məşqsiz qalmır. O, yalnız Olimpiya Oyunlarında iştirak etmək və qazandığı medalla başda Azərbaycan Prezidenti cənab İlham Əliyev olmaqla xalqımızı sevindirmək istəyir. Hər birimiz ona inanır, ondan yalnız qələbə gözləyirik.

- Yaşar müəllim, bu ay karatenin kata növü üzrə onlayn turnir təşkil olunacaq. Bildiyimizə görə ilk dəfədir ki, Azərbaycanda karate üzrə bu qaydada yarış təşkil olunacaq.

- Bəli, iyulun 26-28-də "Open Azerbaijan" İnternational Online Kata Tournament təşkil olunacaq. Belə bir yarış artıq bir sıra ölkələrdə təşkil olunub. Biz də istəyirik ki, onlayn turnir təşkil edərək karatenin bu növü ilə məşğul olan idmançıların hazırlıq səviyyəsini yoxlayaq. Düşünürəm ki, bir neçə aydır peşəkar yarış və məşqsiz qalan idmançı üçün bu həvəsləndirici addım olacaq.
                                       
Azər Əlizadə



24672 oxunub

InvestAZ