XƏBƏR LENTİ
28 May 2020
27 May 2020
26 May 2020
25 May 2020



Qədim və müasir Olimpiya oyunlarının müqayisəli təhlili -2-ci hissə
Olimpiya Hərəkatı 15:55 / 29.04.2020

Yeni qaydalar və yeni çempionlar

1980-ci ilin oyunlarında qayda belə idi:​ Misal üçün dörddə bir finalda və ya yarımfinalda. Gümüş medal 2-ci yer üçün, bürünc medal isə 3-cü yer üçün verilir. Əgər mükafat alan yerlərdən hər hansı birini bir neçə idmançı tutmuşsa (bölüşdürmüşsə) belə halda onların hamısı eyni medallarla təltif olunur. Belə halda belə bir qayda mövcuddur: əgər idmançılar 1-2-ci yerləri bölüşdürmüşdüsə, hər ikisinə qızıl medal verilir, sonrakı mükafatçıya isə gümüş medal verilir; əgər idmançılar 2-3-cü və ya 2-4-cü yerləri bölüşdürüblərsə, hamısı gümüş medal alır, birinci medal isə heç kimə verilmir. Boks üzrə yarışlarda gümüş medal yarımfinalda uduzmuş idmançıya verilir: cüdo üzrə yarışlarda finalçılara​ uduzmuş idmançıya gümüş medal verilir. Oyunlarda ayrı-ayrı hallarda qaydalarda​ müstəsnalığa yol verilir; 1912-ci ildəki olimpiya oyunlarında şüvüllə tullanmaqda​ 2-3-cü yerləri bölüşdürmüş idmançılar gümüş medalla təltif olunmuşdular, 4-6-cı​ yerləri tutanlar isə bürünc medallar almışdılar; 1948-ci ildəki oyunlarda da​ gimnastların yarışlarında mükafatlar bu cür bölüşdürülmüşdü. Proqramın nömrələrində oradakı komanda yerləri komanda üzvlərinin şəxsi yarışlarda (müasir beşnövçülükdə, atçılıqda) göstərdikləri nəticələrlə müəyyən olunur, belə halda bir medal o komandaya verilir. 1900-cü olimpiya oyunlarında isə medallarla təqdim olunma mərasimi olmadı. Lakin Olimpiya ədəbiyyatında yekun nəticələrini sadələşdirmək üçün (bu nəşrdə də elədir) göstərilir ki, 1896-1900-cü illərin olimpiya oyunlarındakı ilk üç yerin ekvivalenti müvafiq qızıl, gümüş və bürünc medallara bərabərdir. Olimpiya xartiyasının razılığı ilə qızıl medallar almış idmançıların adları Olimpiya stadionu divarlarında həkk olunmalıdır. Diplomlarla bütün mükafatçılar, habelə şəxsi və komanda yarışlarında 4-6-cı yerləri tutanlar təltif olunurlar, olimpiya turnirlərində 1-6-cı yeri tutmuş komandaların üzvlərinə də final yarışlarında iştirak etməsələr də diplomlar verilir. Bütün iştirakçılar və rəsmi şəxslər, olimpiya komanda heyəti (MOK-nin təqdimatı ilə), hakimlər heyəti (Beynəlxalq İdman Federasiyasının təqdimatı ilə) də xatirə medalları və diplomlar alırlar. BOK tərəfindən olimpiya hərəkatı və həvəskarlar idmanın inkişafında xüsusi xidmətinə görə mükafata olimpiya klubu və olimpiya ordeni daxildir. Kubok (Pyer  de Kuberten tərəfindən 1906-cı ildə təsis olunmuş kubok BOK-un «Mon-Repo», Lozanna​ muzeylərində daim qorunub saxlanılır) təşkilatlara və şəhərlərə təqdim olunur; təltif olunanlara xatirə bürünc plastina və diplom verilir. Təltif olunanlar sırasında Argentina, Belçika, Polşa, Finlandiya Milli Olimpiya​ Komitələri, Lozanna, Mexiko, Oslo, Helsinki və digər şəhərlər də vardır. Olimpiya​ ordeninin üç dərəcəsi (qızıl, gümüş, bürünc medallar) vardır və onlarla ayrı-ayrı​ şəxslər təltif olunurlar. Bunun üçün Şuranın qərarı olmalıdır. 1974-cü ildə Vyanada BOK-un 7-ci sessiyasında olimpiya mükafatlarının hər il verilməsini dayandırmaq qərara alındı. Ayrı-ayrı şəxslər üçün təsis olunmuş olimpiya fəxri diplomu (BOK​ tərəfindən 1905-ci ildə təsis olunmuşdur). BOK-un 79-cu sessiyasında (1977-ci il, Praqa), beynəlxalq federasiyalara bu​ növləri proqrama daxil etməyi tapşırdı: oriyentiritapma, diyircəkli konkisürmə, tennis və stolüstü tennis, badminton, softbol,​ 80-ci sesiyasında (Afina, 1978) beysbol, 81-ci sessiyasında (Monte-video) isə boulinq idman növü qəbul olundu. Qədim dövrün ən çox tanınmış atleti 6 Olimpiya oyunlarında iştirak edərək, ən güclü rəqiblərinə qalib gələn-güləşçi Krotonlu Milon olmuşdur. Onun bu nailiyyətləri indiyə qədər də təkrar olunmamışdır.

Müasir Olimpiya Oyunlarının banisi

Eramızın 394-cü ilində Olimpiya oyunları ruhanilərin təhriki ilə Roma imperatoru I Feodosiy tərəfindən bütpərəstlik bayramı kimi qadağan edildi və yalnız ikinci minilliyin sonunda, məşhur fransız pedaqoqu və ictimai xadimi baron Pyer de Kubertenin səyləri nəticəsində Olimpiya oyunlarını bərpa etmək mümkün oldu. Olimpiya oyunlarının bərpası haqqında birinci rəsmi təklifi P.Kuberten 1892-ci ilin noyabr ayının 25-də irəli sürdü. Eyni zamanda o, Fransa Yüngül Atletika Cəmiyyətləri İttifaqının baş katibi kimi bu ictimai idman birliyinin yaranmasının 5 illiyi münasibəti ilə Sarbonnada mühazirə ilə çıxış etdi. 1893-cü ilin yazında yenə də P.Kubertenin təşəbbüsü ilə təşkilat konqresinin hazırlanması və çağırılması üzrə Komitə yaradılır. Mübarizə, mübahisə, təhlükə və narahatlıqla davam edən bir il ərzində görülən işlər öz bəhrəsini verməyə başladı: şənbə günü-1894-cü ilin iyun ayının 16-da Sarbonnda Təşkilat Komitəsi özünün böyük tarixi əhəmiyyətə malik birinci yığıncağını çağırdı. Dünyanın bir çox dövlətlərini təmsil edən nümayəndələr, o cümlədən fransızlar, yunanlar, ingilislər, ruslar, isveçlər, amerikalılar, ispanlar, italyalılar, macarlar yekdilliklə Beynəlxalq Olimpiya Komitəsinin yaranmasına səs verdilər. Avstraliya və Yaponiya kimi uzaq ölkələrin nümayəndələri isə P.Kubertenin ideyalarını dəstəklədiklərini yazılı şəkildə bildirdilər. Beləliklə, 1896-cı il​ 6-15 aprel tarixində 14 ölkədən gəlmiş 245 idmançı təzə inşa olunmuş gözəl stadionda I Olimpiya oyunlarının 43 dəst medalı uğrunda idman mübarizəsi aparmışdır. Beləliklə, II Olimpiya oyunları 20 may-28 oktyabr 1900-cü ildə Parisdə keçirilmişdir. 26 ölkədən gəlmiş 1225 idmançı 85 dəst medal uğrunda mübarizə aparmışdır. Bu olimpiadadan başlayaraq Olimpiya oyunlarına qadınlar da qoşuldular. Amerika Birləşmiş Ştatları idmançılarının əvvəlki iki olimpiadadakı stabil və uğurlu çıxışlarına görə III Olimpiya oyunları 1 iyul-23 noyabr 1904-cü ildə ABŞ-ın Sent-Luis şəhərində keçirilmişdir. 13 ölkədən 687 idmançı 14 idman növü üzrə 88 dəst medal uğrunda mübarizə aparmışdır. Öz idman ənənələri ilə məşhur olan İngiltərəni həm də müasir idmanın vətəni hesab etmək olar. Bütün bunlar IV Olimpiya oyunlarının 27 aprel-31 oktyabr 1908-ci ildə Londonda keçirilməsini təmin etmişdir. Bu oyunlarda 22 ölkənin 2035 nümayəndəsi 20 idman növü üzrə 110 dəst medal uğrunda yarışmışdır. Bu oyunlar bir də onunla əlamətdar olmuşdur ki, yarışlara Yer kürəsinin 5 qitəsindən idmançı gəlmişdi. Nəhayət, olimpizm və idman sahəsindəki yüksək nailiyyətlərinə hörmət əlaməti olaraq BOK V Olimpiya oyunlarını İsveçin paytaxtı Stokholm şəhərindəkeçirməyi qərara almışdır. Oyunlar 5 may-22 iyul 1912-ci ildə 28 ölkədən gəlmiş2547 idmançının iştirakı ilə baş tutmuşdur. Burada yarışlar 13 idman növü üzrə 102 dəst medal uğrunda keçirilmişdir. VI Olimpiya oyunlarını 1916-cı ildə Berlində keçirmək nəzərdə tutulmuşdu. Lakin birinci dünya müharibəsinə görə bu yarışlar keçirilmədi və idmançılar yalnız 1920-ci ildə yenidən öz Ali məclisinə toplaşdılar. Bu, VII Olimpiya oyunları idi.İlk dəfə idi ki, ümumdünya idman forumunun təşkili böyük yox, kiçik bir ölkənin-Belçikanın Olimpiya Komitəsinə tapşırıldı. Oyunların 23 aprel-12 sentyabrda keçirildiyi məkan Antverpen oldu. Maraqlısı odur ki, 29 ölkədən 2668 idmançının iştirak etdiyi bu yarışlar bir çox əlamətdar hadisələrə görə olimpiya tarixində xüsusi yer tutur. Məhz bu yarışlar ilk dəfə Olimpiya bayrağı altında keçmişdir. Bu ideya da Olimpiya hərəkatındakı digər ideyaları kimi P.​ Kuberten tərəfindən təklif olunmuşdu. Bunu BOK 1913-cü ildə təsdiq etmiş və 1916-cı ildə, VI Olimpiadada olimpiya bayrağının qaldırılması qərara alınmışdı. Lakin yuxarıda qeyd edildiyi kimi müharibə buna imkan vermədi. 2x3 m ölçüdə olan ağ ipək bayraq üzərində, bir-birinə bənd edilmiş beş müxtəlif rəngli həlqə çəkilmişdi. Həmin həlqələr beş qitə idmançılarının birliyi rəmzidir: Avropa (mavi), Asiya (sarı), Avstraliya (yaşıl), Amerika (qırmızı) və Afrika (qara). Bayrağın ağ rəngli sahəsi isə Yer kürəsindəki bütün millətlərin dostluğu ideyasını daşıyır. Antverpendə oyunlar ilk dəfə "hamıdan tez, hamıdan yüksəyə, hamıdan güclü” devizi altında keçirildi və sonralar bu deviz ən’ənəvi olimpiya devizi oldu. Bunun da bir maraqlı cəhəti ondan ibarətdir ki, hamı elə bilir ki, bu sözlərin​ müəllifi P.Kubertendir. Əslində isə bu sözlər Fransadakı dini kolleclərdən birinin direktoru olmuş keşiş Anri Didona məxsusdur. Bəlkə də bu müdrik şəxs idmanın insan qəlbinə, xüsusilə də gənclərin ürəyinə nəcib təsirini hamıdan qabaq anlayanlardan biri olmuşdur. Ona görə də rəhbərlik etdiyi kollecdə keçirilən idman yarışlarından birinin açılışında idman mübarizəsinin vicdanla aparılmasını qısa və lakonik bir kəlamla ifadə etmək istəyi ilə latınca bu sözləri söyləyir: "Sitius, altius, fortius!” Bu fikir P.Kubertenin çox xoşuna gəlir. Təvəzökar keşişin heç ağlına da gəlməzdi ki, onun söylədiyi bu 3 kəlmə söz adının əbədiliyini təmin etmiş olacaq. Bu sözlər hətta BOK-un emblemində öz əksini tapmışdır. VII Olimpiadanın açılışı bayramında ilk dəfə olaraq olimpiya andı içildi. Həmin vaxtdan indiyədək bütün olimpiadalarda and içilir. Bu qədim ənənəvi andı bərpa etməyi də P.Kuberten təklif edir və andın mətnini yazır: "Mən bütün idmançılar adından vəd edirəm ki, biz bu Olimpiya oyunlarında onların keçirildiyi qaydalara hörmət və riayət etməklə əsl idman ruhunda, idman naminə və öz komandalarımızın şərəfi naminə iştirak edəcəyik”. VIII Olimpiadanı təşkil etməyə altı şəhər namizəd idi. Müasir olimpiya hərəkatının 30 illiyi ilə əlaqədar olaraq Kubertenin xidmətləri bir daha nəzərə alındı və oyunları Parisdə keçirmək qərara alındı. Fransa paytaxtı BOK-un Olimpiya oyunlarının təşkilini iki dəfə etibar etdiyi birinci şəhər oldu. 1924-cü il Olimpiadası "Müharibədən sonrakı sülh və beynəlxalq əməkdaşlıq bayramı” elan olundu. Oyunların proqramına idmanın iyirmi növü üzrə yarışlar daxil idi. İştirakçıların sayına görə bütün rekordlar təzələndi. Yarışlarda 44 ölkədən 3.092 atlet, o cümlədən 136 qadın iştirak edirdi. Mübarizə 17 idman növü üzrə 126 dəst medal uğrunda gedirdi. Parisdə bir sıra yüksək nəticələr qeydə alındı. Təkcə atletika yarışlarında 8 dünya və 14 olimpiya rekordu müəyyən edildi. VIII Olimpiadadan başlayaraq, qeyri-rəsmi komanda zaçotuna xallar hesablanarkən ilk altı yeri nəzərə almağa başladılar (I yer üçün 7, II yer üçün 5, III yer üçün 4 xal verildi və s.) Qeyri-rəsmi zaçotda ABŞ atletləri qalib gəldilər. Onlar 4 qızıl, 27 gümüş və 27 bürünc medal aldılar. IX Olimpiya oyunları 17 may-12 avqust 1928-ci ildə Amsterdamda keçirilmişdir. 46 ölkədən 3014 idmançı 14 idman növü üzrə 109 dəst medal uğrunda yarışmışdır. İlk dəfə olaraq olimpiya stadionunda olimpiya məşəli alovlanmışdır və bu ənənə indiyədək davam edir. Maraqlıdır ki, olimpiya məşələni olimpiadanın vətənində alovlandırmaq ideyası P.Kubertendə hələ 1912-ci ildə yaranmışdı. O hətta olimpiya məşəlinin yandırılmasının romantik, təntənəli mərasimini də fikirləşmişdi. Belə ki, çox gözəl, təmtəraqlı bir mənzərə göz önünə gəlir: Olimpiya dağı üzərində parlayan günəşin şüaları optik güzgünün köməkliyi ilə məşəlin üzərinə yönəldilir və o alovlanır. O vaxtdan, yəni 1928-cı ildən başlayaraq olimpiya məşəli Yunanıstanda alovlandırılıb estafet şəklində hava şəraitindən asılı olmayaraq bir-birinə ötürülərək olimpiya şəhərinə gətirilir və oyunların rəsmi açılışının rəmzini əks etdirən, bunun üçün xüsusi olaraq stadionda quraşdırılmış camı yandırırlar. Olimpiya məşəlinin söndürülməsi isə oyunların qurtardığını və olimpiadanın bağlandığını bildirir. Onu da qeyd edək ki, bu olimpiadada qadınlar daha iki idman növü-yüngül atletika və idman gimnastikası üzrə mübarizəyə qoşuldular. 30 iyul-14 avqust 1932-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçirilmiş X Olimpiya oyunları onunla əlamətdar idi ki, ilk dəfə olaraq bu yarışlar üçün xüsusi olaraq Olimpiya kəndi tikilmişdi. İndi idmançılar bir-birilə daha yaxın ünsiyyətdə idilər və onların dostluğuna və həmrəyliyinə heç nə mane olmurdu. X Olimpiya oyunlarında 37 ölkədən 1408 idmançı iştirak etmişdir. Onlar 15 idman növü üzrə 117 dəst medal uğrunda mübarizə aparmışlar. XI Olimpiya oyunları 1-16 avqust 1936-cı ildə Hitler Almaniyasının paytaxtı Berlin şəhərində keçirilmişdir. 4066 idmançı 49 ölkəni təmsil etmişdir. Onların mübarizəsi 129 dəst medal və 19 idman növü üzrə olmuşdur. II Dünya müharibəsinə görə Yer kürəsi düz 12 il Olimpiya yarışlarına həsrət qaldı. Nəhayət, 59 ölkədən 4099 atlet 1948-ci ildə (29 iyul-14 avqust) Londonda XIV Olimpiya oyunlarına yığışmışlar. Onlar 17 idman növü üzrə 136 dəst medal uğrunda yarışmışlar. 1951-ci ildə SSRİ-də Olimpiya Komitəsi yaranır və tezliklə BOK-un​ üzvlüyünə qəbul edilir. Bundan sonra Sovet idmançıları Olimpiya oyunlarına​ buraxılırlar. SSRİ yığma komandasının tərkibində Azərbaycan idmançıları da​ mübarizəyə qoşulduqlarından XV Olimpiya oyunlarından başlayaraq bu mötəbər​ yarışlar bir neçə idman növləri üzrə yarış qaydaları dəyişdirilmiş, yeni-yeni idmannövləri əlavə olunmuş, ölkələrin, medalların, idmançıların sayı artmışdır. 1896-1948-ci illərdə I-XIV Olimpiya oyunlarında 367 ölkədən 25086 idmançı iştirak etmişdir. Onlar 165 idman növü üzrə 1203 dəst medal uğrunda mübarizə aparmışlar. 1952-1988-ci illərdə XV-XXIV Olimpiya oyunlarında 1017 ölkədən 55913 idmançı iştirak etmişdir. Onlar 213 idman növü üzrə 1849 dəst medal uğrunda mübarizə aparmışlar. 1992-2016-cı illərdə XXV-XXX Olimpiya oyunlarında 1173 ölkədən 62950 idmançı iştirak etmişdir. Onlar 205 idman növü üzrə 4765 dəst medal uğrunda mübarizə aparmışlar.

1062 oxunub

InvestAZ