Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax innovasiyaların uğurla həyata keçirilməsinə görə Beynəlxalq Voleybol Federasiyasının (FIVB) prezidenti Ari Qrasa Filyoya təşəkkürünü bildirib. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
BOK-un Lozannadakı mənzil-qərargahında BOK və FIVB İcraiyyə komitələrinin görüşü keçirilib. Görüşdə çıxış edən Bax deyib: "Biz ən uğurlu federasiyalardan birinin nümayəndələrini görməyə şadıq. Siz idmanı necə uğurla inkişaf etdirməyi bilirsiniz, bütün problemlərin həlli
yollarını tapırsınız və innovasiyaların tətbiqinə geniş yer ayırırsınız. Mən FIVB-in azarkeşlərin cəlb edilməsi sahəsində fəaliyyətini də qeyd etmək istərdim”.
Qrasa Filyoya görüşdə qeyd edib: "Ailə dəyərləri və gender bərabərliyi bizim üçün çox mühümdür, biz zərif cinsin nümayəndələrini həmişə dəstəkləyirik. Qadın komandaları da kişi idmançılarla bərabər mükafatlar alır, KİV-lərdə işıqlandırılır, maliyyə göstəriciləri eynidir. Hesab edirəm ki, bütün bunlar bizi digər idman növlərindən fərqləndirir”. Federasiya rəhbəri əlavə edib ki, BOK-un mənzil-qərargahında da işləyən personalın sayında qadınlarla kişilər bərabər bölünüblər, rəhbər vəzifələrin 45 faizini qadınlar tuturlar.
Görüşdə, həmçinin dopinqlə mübarizə, düzgün idarəçilik, ayrı-seçkiliyə yol verilməməsi, qarşıdakı Olimpiya oyunlarına və gənclərin Olimpiya turnirinə hazırlıq məsələləri müzakirə olunub. BOK-un idman direktoru Kit Makkonnell bildirib ki, 2016-cı ildə Rio-de-Janeyroda keçirilmiş Olimpiya oyunlarında qadın voleybolu yarışları televiziya tamaşaçıları arasında ən populyar turnir olub.
FIVB ilə görüş cari ilin iyununda Lozannada açılmış BOK-un mənzil-qərargahında federasiya ilə keçirilən ilk tədbir olub.
68483 oxunub