XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Olimpiadalarda iştirak edən idmançıların əksəriyyəti məhz idman məktəblərinin yetirmələridir
Müsahibə 11:34 / 20.02.2019

Uşaq-gənclərin fiziki sağlamlığı, onların gənc idmançı kimi formalaşması dövlətin qayğısı, təlim-tərbiyə işinin düzgün təşkili ilə tənzimlənir. Respublikamızda bu işə xidmət edən idman məktəbləri fəaliyyət göstərir ki, bunların sırasında uşaq-gənclər idman məktəbləri (UGİM) və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları uşaq-gənclər idman məktəbləri (İOEUGİM) xüsusi yer tutur. UGİM-lərin fəaliyyəti uşaq, yeniyetmə və gənclərin ahəngdar inkişafına, bədən tərbiyəsi və idman vasitəsilə sağlamlığının və fiziki hazırlığının möhkəmləndirilməsinə, eləcə də, respublikada yüksək səviyyəli idmançıların hazırlanmasına yönəldilib.
İdmançıların yetişməsində klubların, idman cəmiyyətlərinin, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəblərinin (RİOEGİM) üzərinə böyük məsuliyyət düşür. Bacarıqlı uşaqlar idman ocaqlarında formalaşır, idmanın incəliklərinə burada yiyələnirlər. Təsadüfi deyil ki, bu gün Olimpiya oyunlarında Azərbaycanı layiqincə təmsil edən, bayrağımızı yüksəklərə qaldıran atletlər məhz idman məktəbinin yetirmələridirlər.
Paytaxtımızda idmanın inkişafına xidmət edən idman ocaqlarından biri də "Təhsil” İdman Mərkəzinin 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbidir (RİOEUGİM). Məktəbin fəaliyyəti, burada təlim-tərbiyə keçən, idmanla məşğul olan uşaq və yeniyetmələr barədə ətraflı məlumat toplamaq üçün onun direktoru Əjdər Cəfərovla görüşdük.

Məktəbdə 8 idman
bölməsi fəaliyyət
göstərir
- Əjdər müəllim, rəhbərlik etdiyiniz məktəbin fəaliyyəti və uğurları barədə nə deyə bilərsiniz?
- Təhsil Nazirliyi sistemində xeyli sayda idman müəssisəsi fəaliyyət göstərir ki, onlardan 76-sı uşaq-gənclər idman məktəbidir. "Təhsil” Respublika İdman Mərkəzi (RİM) idmanın 29 növünü əhatə edir. Bizim məktəbdə isə 8 idman növü üzrə məşqlər keçirilir. Bura cüdo, yunan-Roma güləşi, sərbəst güləş, voleybol, badminton, basketbol, futbol və həndbol daxildir. 1966-cı ildən fəaliyyət göstərən 2 saylı RİOEUGİM-də təkmübarizlik və komanda idman növlərinin inkişafına eyni səviyyədə diqqət göstəririk. Komanda idman növlərinə uşaqlar arasında xüsusi ilə, maraq çoxdur. Hazırda məktəbimizdə 1400-dək yeniyetmə və gənc 66 məşqçinin rəhbərliyi altında idmanın sirlərinə yiyələnir.
Təhsil Nazirliyi tərəfindən məktəbimizdə idmançılar və məşqçilər üçün hər cür şərait yaradılıb. Ötən il məktəbin yetirmələri yerli və beynəlxalq yarışlarda ümumilikdə, 120 medal qazanıblar. Məktəbimizdə yüksək ixtisaslı məşqçilər fəaliyyət göstərirlər. Onların arasında Əməkdar məşqçilər və beynəlxalq dərəcəli idman ustaları vardır. Ümid edirəm ki, bu il nəticələrimiz daha da çox olacaq.
Məktəbimizin yetirmələri arasında titullu idmançılar kifayət qədərdir. Belə ki, basketbol bölməsinin yetirmələri yığma komandamızda çıxış edirlər. Məktəbimizin yetirməsi, cüdoçu Yaqub İsmayılzadə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının iştirakçısıdır. Yaqub həm də Avropa çempionatının gümüş, dünya birinciliyinin isə bürünc mükafatçısıdır. O, ötən il 90 kq çəki dərəcəsində yeniyetmələr arasında Sloveniyada keçirilən Avropa kuboku yarışlarında 1-ci yeri tutub. Bundan başqa, milli komandada çıxış edən basketbolçumuz Rəvan Əliyev 2016-cı ildə təşkil edilən Avropa çempionatının qalibidir.
Qarşıya qoyulan məqsəd idmanın kütləviliyini təmin edilməsi, uşaq və gənclərin fiziki və mənəvi cəhətdən sağlam formalaşdırılması, eləcə də, yığma komandalar üçün ehtiyat qüvvənin təmin edilməsidir. Məktəbimizin kollektivi var gücü ilə çalışır ki, idmanın və təhsilin inkişafına öz töhfəsini verə bilsin.

- Gələcəkdə yeni idman bölmələrinin açılması nəzərdə tutulurmu?
- Gələcəkdə məktəbin nəzdində yeni bölmələrin açılması istiqamətində işlər görülür. Digər idman növlərinə olan marağı nəzərə alıb bu qərara gəlmişik. Kütləviliyi təmin etmək məqsədilə komanda idman növlərinə daha çox yer verməyə çalışacağıq. Bundan başqa şahmata çox böyük maraq var.

"Xalqımızın vətənpərvər
gənclərə ehtiyacı
böyükdür”
- Məktəbinizdə keçirilən tədbirlər barədə məlumat verərdiniz?
- Təqvimdə xalqımızın bayram və hüzn günləri ilə bağlı tədbirlər müntəzəm olaraq keçirilir. Bayraq Günü, Respublika Günü, Müstəqillik Günü, ümummilli lider Heydər Əliyevin anım günləri ilə əlaqədar tədbirlər təşkil olunur. Qeyd edim ki, ötən il 9 Noyabr Bayraq günü ilə əlaqədar böyük tədbirimiz oldu. Məktəbli idmançılar vətənpərvərlik mövzusunda şeirlər söylədilər, səhnəciklə çıxış etdilər. 20 Yanvar faciəsi ilə bağlı keçirdiyimiz tədbirlərdə məktəbin yetirmələrinə bu barədə ətraflı məlumat verilir, vətən üçün, onun müstəqilliyi uğrunda canından keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Burada məşğul olan hər bir uşaq, yeniyetmə himnimizi əzbər bilir. Onlar hər dəfə məşqə başlamamışdan əvvəl sıraya düzülərək Azərbaycanın Dövlət Himnini oxuyurlar. Torpaqlarımız işğal altında olduğu bir vaxtda ölkəmizin, xalqımızın igid, vətənpərvər gənclərə ehtiyacı böyükdür. 1988-ci ildən bugünə kimi Ermənistan Azərbaycana qarşı apardığı haqsız-ədalətsiz müharibə aparır. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin gücü onu deməyə imkan verir ki, biz güclü və qüdrətli dövlətik və torpaqlarımızı düşmən torpağında qoymayacağıq. Uşaq və gənclərin üstün əxlaqının formalaşmasında, sağlam təməlin yaranmasında milli qəhrəmanlarımızın da rolu böyükdür. Mübariz İbrahimov, Əlif Hacıyev, Raquf Orucov və adlarını çəkə bilmədiyimiz neçə-neçə igidimiz Azərbaycanın qəhrəmanlıq tarixinə öz adlarını qanları ilə yazmışlar.

- Ötən il "İslam dini və müasir gənclik” mövzusunda seminar keçirdiniz. Seminarın təşkilində məqsəd nə idi?
- 2018-ci il noyabrın 23-də 2 saylı RİOEUGİM-in təşkilatçılığı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "İslam dini və müasir gənclik” mövzusunda seminar keçirdik. Bakı şəhərinin 3 saylı Uşaq Yaradıcılıq Mərkəzinin akt zalında təşkil olunan tədbirdə 100-ə yaxın pedaqoji işçi və idmançı iştirak etdi.
Ölkəmizdə bədən tərbiyəsinə göstərilən qayğı, paytaxt və regionlarda istifadəyə verilən Olimpiya idman kompleksləri, bir sözlə, yaradılan münbit şərait əhalinin müxtəlif təbəqələrinin idmana cəlb edilməsini artırıb. Düşünürəm ki, gənclərimizi xarici mənfi təsirlərdən, müxtəlif dini cərəyanlardan qorumaq üçün idman və islam dininin birliyi mühüm məsələdir. Dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi və dini dəyərlərin qorunması vacibdir. Azərbaycan tolerant ölkədir və burada müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların birliyi mövcuddur.
Tədbirin keçirilməsində məqsəd milli və dini tolerantlığı ilə ad çıxaran ölkəmizin həmişə tamam fərqli mövqedə olması, bütün dini etiqadları və etnik azlıqları təşviq etməsi, əsrlərin sınağından süzülüb gələn islam ənənələrinin mühafizəsinə layiqli töhfə vermək, idmançıları bu sahədə düzgün tərbiyələndirməkdən ibarət idi.

- Daha hansı tədbirlərin təşkili planlaşdırılır?
- Yasamal Rayon Gənclər və İdman İdarəsi ilə birlikdə 5 Mart idman günü ilə əlaqədar tədbir təşkil etməyi planlaşdırırırq. Bu tədbiri təşkil etməkdə məqsəd uşaq və gənclərə idmanın mahiyyətini, insanın həyatında, sağlamlığında rolunu anlatmaq, onları bədən tərbiyəsinə cəlb etmək, onların sağlam, vətənpərvər ruhda böyümələrini aşılamaqdır.
Həmçinin bu il "Narkomaniyaya yox!”, "Siqaretdən uzaq”, "Sağlam bədəndə sağlam ruh” devizləri altında sosial tədbirlərin təşkili nəzərdə tutulur. Kimsəsiz uşaqlar evində görüşün keçirilməsi və onların idmana cəlb olunması istiqamətində də müəyyən planlarımız vardır.

"O mənim idealım idi”
- Əjdər müəllim, atanızı necə xatırlayırsınız?
- Atam Xosrof Cəfərov güləşi çox sevirdi. Onun güləşi sevgisi mənə də siyarət edib. O, respublikanın Əməkdar məşqçisi, SSRİ idman ustası, fəxri bədən tərbiyəsi və idman işçisi titullarına layiq görülmüşdü. 1962-ci ildən idmanda olan Xosrof Cəfərov ömrünün son günlərini də güləş xalçasında keçirdi. Xərçəng xəstəliyindən çox əziyyət çəkirdi. Uzun sürən amansız xəstəlikdən sonra o, 59 yaşında 2007-ci il yanvarın 8-də Bakıda keçirilən ölkə çempionatında həyatını tapşırdı.
Sərbəst güləşin sirlərinə Mərkəzi Ordu İdman Klubunda yiyələnən Xosrof Cəfərov müxtəlif yaş qrupları üzrə respublika çempionatının qalibi və mükafatçısı idi. 1968-ci ildə orta çəkidə respublika çempionu olduqdan sonra uzun müddət bu titulu özündə saxlayıb. Atam məşqçilik fəaliyyətinə 1969-cu ildən başlayıb. 1969-1987-ci illərdə İxtisaslaşmış Güləş Məktəbində məşqçi işləyib və uğurlu idmançılar yetişdirib. Onun yetirmələrindən yeniyetmələr arasında 2 dəfə dünya birinciliyinin qalibi - Namiq Sevdimov Atlanta və Sidney Olimpiadasının iştirakçısı Elşad Allahverdiyev, Dünya kubokunun sahibi Vüqar Qurbanov, beynəlxalq turnirlərin qızıl mükafatçısı Anar İsmayılov və bir çox başqalarının adlarını qeyd edə bilərəm.
Xosrof Cəfərov üzün illər (1974-2007-ci illər) yeniyetmələrdən ibarət Azərbaycan milli yığmasında baş məşqçi işləyib.

- İdmançı ailəsində böyümək necə hissdir?
- Atam demək olar ki, bütün ömrünü idmana həsr edib. İdman ruhu evdə hamımızın qanına hopmuşdu. Evin tək uşağı kimi həmişə onun yanında idim. 1995-ci ildən dünyasını dəyişənə qədər o, məni özü ilə məşqlərə, yarışlara aparır, güləşçilərlə tanış edirdi. O, mənim idealım idi. Heyf ki, bizi tez tərk etdi...
Atam məni yarışlarda aparanda burada dövlət himnimizin səslənməsi, bayrağımızın qaldırılması məndə qürur və vətənpərvərlik hissi oyadırdı. İdmançı ailəsində doğulub böyüdüyüm üçün özümü şanslı hesab edirəm. Peşəkar idmanla məşğul olmasam da, atamın vasitəsilə idmanının içində idim, beynəlxalq hakim dərəcəm vardır. Xeyli müddət Azərbaycan Güləş Federasiyasında müxtəlif vəzifələrdə çalışmışam. 5 il AGF-in baş katibi kimi fəaliyyət göstərmişəm. Xoşbəxtəm ki, beynəlxalq hakim kimi Yeniyetmələrin Sinqapur-2010 Olimpiya Oyunlarının və London-2012 Olimpadasında ölkəmizi beynəlxalq hakim kimi təmsil etmişəm. Məni idmana bağlayan tellər möhkəmdir. Çünki idman həyatımın bir hissəsidir.

- Atanızı erkən itirdiniz. Sizin üçün çətin deyildi?
- Atam rəhmətə gedəndə 21 yaşım var idi. Yeni ailə həyatı qurmuşdum. Rəhmətlik bu dünyadan köç edəcəyini, elə bil, bilirdi, tez evləndirmişdi. Evin, ailənin tək övladı kimi çox çətinliklərim oldu. Amma dar zamanlarda onun mənə nəsihəti, tövsiyələri məni yolumdan dönməyə qoymadı, düzgün istiqamət verdi. Çalışıram ki, atamın adını uca tutum.

- Özünüz hər hansı idman növü ilə məşğul olmusunuzmu?
- Beş il "Dinamo” İdman Cəmiyyətində idmanın sərbəst güləş növü ilə məşğul olmuşam. Atam mənə qarşı da yetirmələrinə olduğu kimi çox ciddi və tələbkar idi. Orta məktəbdən gələndən sonra həftənin 3 gününü mütləq məşq etməli idim, istəsəm də, istəməsəm də (gülür). 6-7 il fasiləsiz idmana getmişəm. Amma atamın ümidlərini doğrultmadım və ən böyük uğurum Bakı birinciliyində 3-cür yeri tutmağım oldu.

"Belə idmançılar
tarixdə qalırlar”
- Necə düşünürsünüz, peşəkar idmançı olmaq üçün həm də anadangəlmə xüsusiyyətlər olmalıdır?
- Təcrübədən də görürük ki, anadangəlmə, yəni irsi keyfiyyətlər insanın həyatında mühüm və aparıcı rol oynayır. Əfsanəvi və peşəkar idmançıların həyatı buna misaldır. Bu keyfiyyətləri idmançı zəhmətlə, əməksevərliklə birləşdirəndə nəticəsi gözəl olur və belə idmançılar tarixdə qalırlar.

- Hansı idman növlərinə maraq göstərirsiniz?
- Demək olar ki, əksər idman növləri ilə maraqlanıram. Boks, cüdo, güləş, basketbola marağım böyükdür. Xüsusi ilə də, güləş hər zaman birincidir. Xalqımızın qədim və ənənəvi idman növünün təmsilçiləri hər zaman bizi sevindiriblər və sevindirməkdə davam edirlər. Ən böyük yarışlarda ən böyük uğurlarımız məhz güləşdə əldə edilib. Olimpiya çempionlarımızın əksəriyyəti güləşçilərdir.
İnsan hansı sahədə çalışmasından asılı olmayaraq mütləq sağlam olmalıdır. Çünki sağlam olmayan insan özü bir yana qalsın, cəmiyyətə heç bir xeyir verməyəcək. İdman, fiziki sağlamlıq insanın var olması, cəmıyyətə, ailəsinə fayda verməsi üçün çox vacibdir. Təbii ki, sağlam düşüncə və təfəkkür olmadan sağlamlığın heç bir əhəmiyyət yoxdur.

- Xeyli müddət Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsində çalışmısınız. Bu illər sizə nə verib?
- Həyatımda ən yüksək uğurları burada işlədiyim müddətdə əldə etmişəm. Güləş Federasiyasında 22 yaşından müxtəlif vəzifələrdə çalışmağa başlamışam. Bayaq da qeyd etdiyim kimi, 5 il bu vəzifədə çalışmışam. Burda həyat məktəbi keçmişəm. Mənə burada çox dəstək olublar. Burada işlədiyim müddətdə beynəlxalq hakimlik dərəcəsi almışam. İki Olimpiya Oyunlarında hakimlik etmişəm. Ölkə rəhbərinin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilmişəm.

- Həyatda əsas olan nədir?
- Ailən, vətənin, sevdiyin işin və hüzur.

- Sizinlə mübarizə aparanlara necə reaksiya verirsiniz?
- Həyat mübarizədir. İnsanın dünyaya gəldiyi gündən mübarizə aparır öz-özü ilə, çatışmazlıqlarla, haqsızlıqla və s. Mübarizəni və rəqabəti sevirəm amma sağlam olanda, mərdi-mərdanə.

- Tənqidi qəbul edirsinizmi?
- Haqlı tənqidi qəbul edirəm.

- Mütaliəni xoşlayırsınız?
- Kitab oxumağı xoşlayıram. Dedektiv janrda əsərləri daha çox bəyənirəm. Çingiz Abdullayevin əsərlərinin çoxunu oxumuşam. Kitablar insanın dostudur və ona informasiya verməklə bərabər, həyatı da öyrədir.

Səadət Hakıyeva


57939 oxunub

InvestAZ