İdman 12:50 / 04.03.2026
Prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət, xüsusilə regionlarda yaradılan idman mərkəzləri nəticəsində Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdman arenalarında dalğalanan Azərbaycan bayrağı və səslənən Dövlət Himnimiz, qazanılan qələbələr milyonlarla insanın sevincinə çevrilir.
Bunu Milli Məclisin deputatı Könül Nurullayeva Milli Məclisdə 5 Mart – Bədən tərbiyəsi və idman günü ilə bağlı Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və idman federasiyaları ilə keçirilən görüşdə deyib.
Bədən tərbiyəsinin güclü xarakterin formalaşmasına kömək etdiyindən danışan deputatın sözlərinə görə, texnologiyanın fiziki aktivliyi azaltdığı bir dövrdə insanların sağlamlığında idman əvəzsiz rol oynayır. Əlçatan infrastrukturun təmin olunması və gənclərin idmana təşviq edilməsi olduqca vacibdir.
"Son dövrlərdə digər sahələrdə olduğu kimi, idman sahəsində də ciddi inkişaf müşahidə olunur. Məqsədimiz yalnız əldə etdiyimiz uğurları qoruyub saxlamaq deyil, eyni zamanda onları daha da genişləndirməkdir. Bunun üçün idman ixtisasları müasir yanaşmalar əsasında təkmilləşdirilməlidir. Bu isə təhsildən başlayan və kompleks tədbirlərlə həyata keçirilən sistemli fəaliyyət nəticəsində mümkündür”,-deyə deputat vurğulayıb.