XƏBƏR LENTİ
12 Noyabr 2025
11 Noyabr 2025
10 Noyabr 2025
09 Noyabr 2025



VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları günü 2 medalla başa vurdular - GÜNÜN YEKUNLARI
İdman 01:02 / 12.11.2025
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi oyunlarında daha bir yarış gününə yekun vurulub.
Oyunların 8-ci günündə Azərbaycan idmançıları beş idman növündə (stolüstü tennis, ağırlıqqaldırma, karate, muaytay və üzgüçülük) mübarizə aparıblar.
Təmsilçilərimiz günü 2 bürünc medalla başa vurublar. Hər iki medalı komandamıza karateçilərimiz qazandırıblar. Əvvəlcə karatenin kumite növündə qüvvəsini sınayan idmançımız Mədinə Sadıqova İslamiadanın bürünc medalına sahib çıxıb. 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici görüşdə pakistanlı Laiba Zianı 7:2 hesabıyla məğlub edərək fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Karatenin kata növündə isə Roman Heydərov İslamiadanın bürünc medalına layiq görülüb. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə Birləşmiş Ərəb Əmirliklərinin idmançısı Kərim əl-Həcələ qalib gəlib.
VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən muaytay yarışlarına da start verilib. İlk yarış günündə Azərbaycanın iki muaytayçısı qüvvəsini sınayıb. Hər iki idmançımızın çıxışı uğurlu alınıb. Mübarizəyə 1/8 finaldan başlayan Xəyal Əliyev və Səlahəddin Qocazadə ilk görüşü qələbə ilə başa vuraraq adını növbəti mərhələyə yazdırıb. Təmsilçilərimizdən X.Əliyev 60-65 kq çəki dərəcəsində misirli Hüsnü Fəhmi Sayedi nokautla məğlub edib. 65-70 kq çəki dərəcəsində qüvvəsini sınayan S.Qocazadə isə yəmənli Aiham Ahmed Abdo Alavadini birinci raundda texniki nakautla üstələyib.
Üzgüçülərimizdən Səid Həmidov, Yeqor Maynitskiy, Əbdurəhman Rüstəmov, Ramil Vəlizadə, Rəşad Alquliyev, Fatima Alkaramova, Süleyman İsmayılmzadə, Oqtay Hüseynov, Vlastilina Xasyauova, Mehri Əbdurəhmanlı, Anastasiya Boborıkina, qız və oğlandan ibarət qarışıq komanda bacarıqlarını göstərib. Lakin təmsilçilərimizin çıxışı uğurlu alınmayıb.
Stolüstü tennis üzrə kişilərin fərdi yarışında isə Hilal Həsənovla Onur Quluzadə ilk görüşlərinə çıxıblar. Tennisçilərimizdən Hilal Həsənov ilk mərhələdə tacikistanlı Sadi İsmayılova uduzub. Onur Quluzadə isə uqandalı və toqolu idmançılara qalib gəlsə də 1/8 finalda İran idmançısına məğlub olaraq çıxışını başa vurub.
Digər idmançımız Mərziyə Nurmətova ilk görüşdə Səudiyyə Ərəbistanı təmsilçisinə qalib gəlsə də, növbəti görüşdə iranlı idmançıya məğlub olub. Zemfira Mikayılova isə ilk mərhələdə Maldiv Adaları təmsilçisinə uduzaraq mübarizəni dayandırıb.
Beləliklə, təmsilçilərimiz fərdi yarışları mükafatsız başa vurublar.
Ağırlıqqaldıranların yarışında isə Fazilə İmanova (77 kq) 77 kq çəki dərəcəsində iki hərəkətin cəmində 189 kq (84 kq + 105 kq) nəticə göstərib. Yekunda atletimiz yarışı 7-ci pillədə başa vurub.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarına noyabrın 21-də yekun vurulacaq. Hazırda komandamızın aktivində 31 (4 qızıl, 9 gümüş, 18 bürünc) medal var.

147 oxunub

InvestAZ