Gəncə 2025-ci il üçün Müstəqil Dövlətlər Birliyinin (MDB) İdman Paytaxtı elan olunub.
Olimpiyadunyasi.com xəbər verir ki, bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə şəhərdə tədbir keçirilib.
Heydər Əliyev Park-Kompleksində keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Baş konsulu Kaxaber Abdaladze, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, MDB İcraiyyə Komitəsinin İctimai, sosial və humanitar sahələr üzrə əməkdaşlıq departamentinin direktor müavini Manuçehir Hojizadə, eləcə də şəhər rəsmiləri, müxtəlif idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Ardınca Heydər Əliyev Mərkəzindən "Zəfər Tağı”na qədər uzanan yolda müxtəlif idman növlərində çıxış edən idmançıların nümayişləri izlənilib.
Rəsmi mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edən rəsmi qonaqlar tədbirin məhz 15 İyun - Milli Qurtuluş Günündə keçirilməsinin simvolik məna daşıdığını vurğulayıblar. Azərbaycanın müstəqillik yolunda qazandığı uğurlar və idman sahəsindəki nailiyyətlər xüsusi qeyd olunub. III MDB Oyunlarının 2025-ci ildə Gəncədə keçirilməsi qərarının bu şəhərin idman potensialının təsdiqi kimi qiymətləndirilib.
Çıxışlardan sonra MDB İcraiyyə Komitəsinin rəsmisi Manuçehir Hojizadə tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova "MDB-nin 2025-ci il üzrə İdman Paytaxtı” sertifikatı təqdim olunub.
Mərasim bədii proqramla davam etdirilib. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də Bakıda dəvət olunmuş müğənnilər Rilaya Hüseynzadə və Mərdan Kazımovun çıxışları tədbirə rəngarənglik qatıb.
294 oxunub