Mayın 18-də Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Konqresi və Baş Assambleyası start götürüb.
Olimpiyadunyasi.com xəbər verir ki, quruma üzv olan 24 ölkə nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və komissiyanın məsul katibi Aysel Sultanova təmsil ediblər.
Konqresdə "İdmanda inklüzivliyi təşviq etmək üçün Fair Play təhsili” mövzusunda müzakirələr aparılıb və mövzu ətrafında çıxışçıların məruzələri dinlənilib.
Ardınca Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Qala mükafatlandırma mərasimi keçirilib.
Qala gecəsində idmanda dürüstlük, hörmət və həmrəyliyi təcəssüm etdirən fərdlər, idmançılar və idman təşkilatları mükafatlandırılıblar.
Mərasimdə Milli Olimpiya Komitəsi tərəfindən namizədliyi irəli sürülən taekvondoçumuz, Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşim Maqomedov idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının "Ədalətli Oyun ruhu” mükafatına layiq görülüb.
Tədbirdə Qaşim Maqomedovun Avropa təşkilatına ünvanladığı videoçarx da nümayiş etdirilib.