XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Avropa Oyunlarının qızıl medalı gələcək karyeramda stimul olacaq”
Müsahibə 12:46 / 17.07.2019


Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycan yığma komandası 28 medal qazandı. Atletlərimizdən 5-i qızıl, 10-u gümüş, 13-ü isə bürünc medala layiq görülüblər. Komandamız bu nəticə ilə medal qazanan ölkələr arasında 10-cu pillədə yer alıb. İkinci Avropa Oyunlarında qazanılan medallardan 5-i (1 qızıl, 3 gümüş, 1 bürünc) karateçilərimizin də payına düşüb. Buyaxınlarda Minsk-2019 çərçivəsində keçirilən karate yarışlarında ölkəmizə qızıl medal qazandıran Asiman Qurbanlı (+84 kq) ilə görüşdük. Müsahibimiz ona ünvanlanan sualları səmimi cavablandırdı.
Məlumat üçün bildirək ki, 1992-ci il avqustun 10-da Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olan Asimanın karate ilə ilk tanışlığı 4 yaşında olub. Atası Fətulla Qurbanovdan karatenin incəliklərini öyrənən Asiman 9 yaşında peşəkar idmanla məşğul olmağa başlayıb.
Xatırladaq ki, Oyunların kumite yarışlarında A qrupunda mübarizə aparan karateçimiz qrup mərhələsində birinci oyunda hollandiyalı Darnel Ladi Tirona 2:0 hesabı ilə qalib gəlib. Qrupda ikinci görüşdə almaniyalı Conatan Horn ilə xalsız heç-heçə edən Asiman sonuncu görüşdə türkiyəli Alparslan Yunusoğlunu minimal hesabla məğlub edib. O, yarımfinalda gürcüstanlı Qoqita Arkaniyaya qalib gələrək adını finala yazdırıb. Asiman finalda xorvatiyalı Andcela Kvesiçə qalib gələrək ikinci Avropa Oyunlarının qalibi adını qazanıb. Qeyd edək ki, Asiman Qurbanlı 2016-cı ildə Karate 1 Premyer Liqa və bu il Karate 1 A Seriyası turnirlərinin qalibi olub.

- Asiman, istərdik, əvvəlcə oxucularımıza idmana gəlişin barədə məlumat verəsən.
- Karateyə olan həvəsim ailədə yaranıb. Belə ki, atam vaxtilə karate ilə məşğul olub. Elə bu məqsədlə, 9 yaşımdan etibarən peşəkar şəkildə karate ilə məşğul olmağa başladım. Məşqləri Seymur Xudaverdiyevin yanında davam etdirdim. Buna qədər atamın yanında karate ilə məşğul olurdum. Etiraf edim ki, atam məni karate bölməsinə dünya, Avropa çempionu olmağa, şöhrətə və evə pul gətirməyə görə yazdırmamışdı. O, istəyirdi ki, özümə görə gücüm olsun. Bir sözlə, özümü qoruya bilim. Yəni hər şey bu məqsədə xidmət edirdi. Hətta uşaq vaxtı atam beynəlxalq yarışa getməyimə icazə vermirdi. Mənə görə bir valideyn kimi narahat idi. Lakin respublika çempionu olduqdan sonra atama Dünya kuboku yarışına gedəcəyim barədə müjdə verdim. O, bu xəbərə görə təəccübləndi. Həmin yarışdan qızıl medalla qayıdanda artıq başa düşdü ki, mən bu idman növü ilə həvəskar deyil, peşəkar şəkildə məşğul oluram. O, bundan sonra məşqlərimə də daha ciddi yanaşmağa başladı.

- İdmana gələndə özünə əsas kumir kimi seçmişdin?
- Düzünü desəm, uşaq vaxtı Rafael Ağayevi tanımırdım. Onda hələ yaşım az idi. Ona görə də ilk uşaqlıq kumirim filmlərdən tanıdığım Bryüs Li olub. Lakin sonralar Rafael Ağayevi tanıdım. Öz həmyerlimi və canlı əfsanəni özümə kumir seçdim. Rafael bütün karateçilərin bəyəndiyi bir idmançıdır. Heç vaxt düşünməzdim ki, gün gələr, kumirim olan idmançı ilə bir komandada məşq edərəm. Təbii ki, bu mənim üçün çox xoşdur. Onunla birgə məşq etmək, onun ətrafında olmaq bizim üçün əlavə bir stimuldur. Rafaelin məşqlərini, çəkdiyi əziyyətləri gördükdə özümüzü daha məsuliyyətli hiss edirik.

"Rəqiblərimi
aldatdım”
- Minskdə keçirilən Avropa Oyunlarına hazırlıq necə başlamışdı?
- Avropa Oyunlarına hazırlıq dekabr ayından başlamışdı. Daha dəqiq desəm, dekabrdakı hazırlıq sırf Avropa Oyunlarına görə olmasa da, ümumi hazırlıq sayılırdı. Həm Azərbaycanda, həm də xarici ölkələrdə təşkil olunan təlim-məşq toplanışlarında iştirak etdik. Lakin bir müddət dizimdən aldığım zədəyə görə məşqlərə ara verdim. Zədəm sağaldıqdan sonra yenidən məşqlərə başladım.

- Qələbələr istək və arzulardan yaranır?
- Avropa Oyunlarında çıxış etdiyim çəki dərəcəsində ən güclü idmançılar yer almışdılar. Adətən əksər yarışlarda rəqiblər arasında zəif idmançılar da olur. Amma Minskdə bu, belə deyildi. Etiraf edim ki, çıxış etdiyim çəkidə titul baxımından ən zəif olan idmançı elə mən idim. Bütün rəqiblərim dünya, Avropa çempionları və beynəlxalq yarışların mükafatçıları idilər. Amma bu o demək deyildi ki, mən özümü onlardan zəif hesab edirdim.
İkinci Avropa Oyunlarının qalibi olmaq üçün çox istəkli idim. Düşünürdüm ki, əgər çempion olmaq istəyirəmsə, bütün qüvvə və bacarığımı səfərbər etməliyəm. Məni çempion edən də, elə bu istək idi. Hər günə çempion olmaq arzusu ilə başlayırdım.

- Püşkdən sonra da çempion olacağına ümid edirdin?
- Yarışa lisenziya qazananda bilirdim ki, vəziyyətim heç də yaxşı olmayacaq. Çıxış etdiyim qrupda mübarizənin ağır olduğunu əvvəlcədən təxmin etmişdim. Mənim onsuz da yer aldığım qrup heç vaxt zəif olmayıb. Çünki çıxış etdiyim çəki dərəcəsində rəqiblərimin hamısı çox güclüdür. Yarışdan əvvəl düşünürdüm ki, iki idmançı var ki, onlarla qarşılaşsam, rahatlıqla mərhələ keçə bilərəm. Lakin bəxtimdən həmin idmançılar mənimlə eyni qrupa düşmədilər. Fikirləşirdim ki, qrupdan çıxsam, finala da vəsiqə qazana bilərəm. Belə də oldu. Tanrı mənə güc verdi, həm qrupdan birinci çıxdım, həm də yarışın qalibi adını qazandım.
Çıxışlarıma gəldikdə isə, yarışda fərqli üslubda döyüşdüm. Normalda ayaq zərbələrinə üstünlük verirdim. Lakin bu yarışda bir dəfə də olsun, ayaq zərbəsindən istifadə etmədim. Rəqiblərimdən yalnız əl zərbələri ilə xal aldım. Əvvəlki yarışlarda döyüşlərim məhsuldar olurdu. Həm özüm çox zərbə vururdum, həm də rəqibdən çox zərbə alırdım. Lakin bu dəfə ehtiyatlı döyüşə üstünlük verdim və bütün qələbələrimi minimal xalla qazandım. Ümumi yarış ərzində rəqib idmançılardan cəmi bir xal buraxdım. Çalışdım ki, işimi şansa saxlamayım. Bütün döyüşlərimdə planlı şəkildə mübarizə apardım. Başqa üslubda döyüşərək, bununla bir növ rəqiblərimi aldatdım.


"Özümə sual verirdim ki, görəsən
bu yuxudur?”
- Fəxri kürsüdə hansı hissləri keçirirdin?
- Qrupdan çıxanda və finala yüksələndə ailəmlə danışdım. Çünki həyatda mənim ən böyük dayağım onlardır. Çempion olduqdan sonra keçirdiyim hissləri onlarla bölüşdüm. Gözümü yumub, açıb özümə sual verirdim ki, görəsən bu yuxudur? Himnimiz səslənən zaman yarışlara hazırlığım, döyüşlərim və arzularım gözümün qabağında canlanırdı. Həmin hissləri heç bir sözlə təsəvvür edə bilmirəm. Hər bir idmançıya bu anları arzu edirəm.

- Rəqiblərin qələbənə eyni cür yanaşdılar?
- Qrupda üz-üzə gəldiyim almaniyalı idmançı ilə 9 dəfə qarşılaşmışam. Bu qarşılaşmaların üçündə mən, üçündə isə o qalib gəlib. Digər üç görüşümüz isə heç-heçə başa çatıb. Onunla Minskdəki görüşümüz də heç-heçə başa çatdı və o məni qucaqlayaraq dedi ki, bu dəfə də hesab bərabər oldu. Türkiyəli rəqibim isə mənə uduzduğuna görə çox əsəbiləşmişdi. Həmin idmançıya xal lazım idi. Bunun üçün mütləq məni udmalı idi. Lakin əksinə oldu, mən ona qalib gəldim. Düzdür, normalda onunla münasibətimiz yaxşıdır, amma bu yarışdır. Yarışda heç bir rəqibə güzəştə getmək olmaz. Hollandiyalı idmançı ilə isə o qədər də münasibətim yoxdur. Lakin Minsk-2019-un bürünc medalını qazanan gürcüstanlı idmançı ilə çox yaxşı münasibətim var. Onu yarımfinalda üstələsəm də, finalda qalib olduğuma görə çox sevinirdi. Bizim yarışdan əlavə onunla dostluğumuz var. Ümumiyyətlə, idmançılarla aramızda nə qədər gərgin mübarizə olsa da, yarışdan sonra bir-birimizlə dostluq edirik.

- İkinci Avropa Oyunlarını həm çempion, həm də bayraqdar kimi başa vurdun. Bayraqdar olacağını düşünürdün?
- İkinci Avropa Oyunlarının qalibi olmaq kimi bir hissi Tanrı mənə nəsib etdi. Ardınca, komandamızın bayraqdarı olmaq təklifini aldım. Bu hisslər tam fərqlidir. Azərbaycan komandasının bayraqdarı olmaqdan qürur duyuram.

- Yarışın təşkilatçılıq səviyyəsindən razı qaldın?
- Bakıda təşkil olunan birinci Avropa Oyunlarında iştirak etmədiyim üçün müqayisə etməkdə çətinlik çəkirəm. Heç kəsə sirr deyil ki, Bakıda təşkil olunan Avropa Oyunları yüksək səviyyədə təşki olunmuşdu. Amma Minsk də, bu yarışların öhdəsindən layiqincə gəldi. Hətta deyərdim ki, Minsk-2019-un karate yarışları çox yüksək səviyyədə təşkil olunmuşdu. Vətəndən kənarda olmağımıza baxmayaraq, yarışda güclü azarkeş dəstəyini hiss etdik. Belarusda yaşayan həmvətənlərimiz də bizi dəstəkləyirdilər. Onların hər birinə minnətdarlığımı bildirirəm.

- Avropa Oyunlarının medalı sənin üçün nəyi ifadə edir?
- Avropa Oyunları mənim məqsədimin yalnız 30-40 faizidir. Bu, böyük qələbələrə gedən yolda bir təkandır. İndi başa düşürəm ki, bunu bacardımsa, dünya, Avropa və Olimpiya Oyunlarının da qalibi ola bilərəm. Sadəcə, bunun üçün daha çox çalışmaq lazımdır. Mənə bu günə qədər çox şans verilmədiyinə görə özümü tam göstərə bilmirdim. İnanıram ki, Avropa Oyunlarının qızıl medalı gələcək karyeramda stimul olacaq. Bundan sonrakı məqsədim Tokio Olimpiadasına lisenziya qazanmaq və ölkəmizə Olimpiya medalını gətirməkdir. Bu çox çətin yoldur. İnanıram ki, məqsədimə nail ola biləcəyəm.

- Tokio Olimpiadasına lisenziya qazanmaq şansını necə dəyərləndirirsən?
- Olimpiya Oyunlarına lisenziya yarışları çoxdan başlayıb. Hazırda Olimpiya reytinqində 15-ci pillədəyəm. Bu çox böyük fərqdir. Qarşıdakı yarışlarda qalib gələrək, bu fərqi aradan qaldırmalıyam. Bunun üçün bizi qarşıda bir sıra mötəbər turnirlər gözləyir. Bu yarışlarda ilk üçlüyə düşərək, Tokio-2020-yə lisenziya xalı qazanmağa çalışacağam. Artıq məşqlərə başlamışam. İnanıram ki, Tokio-2020-ə lisenziya qazanaraq, ölkəmizi Olimpiadada təmsil edəcəyəm.

- Asiman Qurbanlı üçün ən yadda qalan döyüş hansı olub?
- (düşünür) Yadda qalan döyüşlərim çox olub. IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda görüşüm yadıma düşdü. Görüşün başa çatmasına 12 saniyə qalmışdı və iki xal fərqi ilə gerdə idim. Rəqibim çox güclü idmançı idi. Bilmirdim nə edim ki, hesabı öz xeyrimə dəyişim. Görüşün son saniyələrində heç kimin gözləmədiyi bir anda vəziyyət dəyişdi. Rəqibimə 3 xallıq zərbə endirdim və hakimlər qələbəni mənə verdilər. Bu, karyeramın ən unudulmaz qələbələrindən biri idi.

Azər Əlizadə


37136 oxunub

InvestAZ