Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV turun oyunları keçiriləcək.
Tura saat 16:00-da UNEC - "Milli Aviasiya Akademiyası" və "Murov Az Terminal" - "Abşeron" matçları ilə start veriləcək. Birinci qarşılaşma UNEC-in idman zalında, ikinci oyun isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq. Günün digər qarşılaşmasında "Azərreyl" klubu "Gəncə"ni qəbul edəcək. Saat 18:00-da başlayacaq oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, 14 turdan sonra "Abşeron" 34 xalla liderdir. "Milli Aviasiya Akademiyası" 33 xalla ikinci pillədə qərarlaşıb. Üçüncü sıradakı "Gəncə"nin və dördüncü mövqedəki "Azərreyl"in 22 xalı var. "Murov Az Terminal" 15 xalla beşinci, xalı olmayan UNEC sonuncu - altıncıdır.