XƏBƏR LENTİ
08 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
26 Avqust 2024



Azərbaycanın 2031-ci ildə Hərbçilərin Olimpiya Oyunlarına ev sahibliyi müzakirə edilib
İdman 16:31 / 14.05.2024

Mayın 14-də Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Dünya Hərbi İdman Şurasının (CİSM) Balkan, Qaradəniz və Qafqaz ölkələri üzrə idman əlaqələndiricisi Nevzat Varolla görüşüb.

Görüşdə Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və idman idarəsinin müdiri Həsənağa Rzayev də iştirak edib.

MOK-un inzibati binasında keçirilən görüş zamanı Azərbaycanın 2031-ci ildə Hərbçilərin Olimpiya Oyunlarına ev sahibliyi etməsi məsələsi müzakirə edilib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qonağı salamlayaraq MOK-un beynəlxalq idman əlaqələrindən danışıb. Həmçinin bu əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Bakıya səfərindən məmnunluğunu bildirən Nevzat Varol Azərbaycanda idmanın inkişafının beynəlxalq aləmə də səs saldığını bildirib.

Görüş zamanı Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Bakı-2019 və digər mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini vurğulayan N.Varol 2031-ci ildə Azərbaycanda Hərbçilərin Olimpiya Oyunlarının keçirilməsi təklifi ilə çıxış edib.

"Beynəlxalq Hərbi İdman Şurası Beynəlxalq Olimpiya Komitəsindən sonra ikinci ən böyük multiidman təşkilatıdır. Hər Yay Olimpiya Oyunlarından bir il əvvəl Hərbçilərin Olimpiya Oyunları keçirilir. Burada əsas məqsədimiz Olimpiya Oyunlarına xidmət etməkdir. Bu günə qədər yeddi dəfə Hərbçilərin Olimpiya Oyunlarını keçirmişik. Sonuncu dəfə 2019-cu ildə Çinin Uhan əyalətində bu Oyunlar uğurla təşkil olunub. Oyunlar 2023-cü ildə isə Cənubi Afrikada keçirilməli olsa da, onlar bunu 2027-ci ilə qədərtəxirə saldılar. Biz artıq yeni layihələr üzərində çalışırıq. İstəyirik ki, 2031-ci ildə hərbçilərin IX Olimpiya Oyunlarını Azərbaycanda təşkil edək. Azərbaycan daha əvvəl I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edib. Bunun üçün də düşünürəm ki, Azərbaycanın bu idman tədbirinə ev sahibliyi etməsi üçün maddi texniki bazası, lazımi infrastrukturu, könüllüləri və təcrübəsi var”, - deyə Nevzat Varol bildirib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə isə təklifi müsbət qarşılayıb. Təklifin dəyərləndirilməsi üçün Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə müzakirənin vacib olduğunu vurğulayıb.

Sonda xatirə şəkli çəkilib.


5756 oxunub

InvestAZ